Ümumrusiya Azərbaycan Konqresinin Moskvanın Dmitrov rayonu üzrə sədri, "Marusey” idman klubunun Prezidenti Seyran Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda olub. Səfər çərçivəsində Bakıdakı "Arriva” mehmanxanasında Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti, Dünya Budo Döyüş Növləri Federasiyasının (DBDNF) birinci vitse-prezidenti Faiq Rəfiyev qonaqlarla görüşüb.
Görüşdə F.Rəfiyev Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətləri yüksək qiymətləndirib. O, qeyd edib ki, Azərbaycan artıq bir idman ölkəsinə çevrilib, respublikamızda bütün sahələrdə olduğu kimi, idmanda da sürətli inkişaf var.
Budoçularımızın beynəlxalq yarışlarda qazandığı nailiyyətlərdən danışan F.Rəfiyev idmançılarımızın Ukraynada keçirilmiş dünya çempionatında 18 medal qazandığını diqqətə çatdırıb. "Ölkəmizdə idmanın bu növü üzrə peşəkar idmançılar yetişdirilir və yerli federasiyanın fəaliyyəti başqa ölkələr üçün nümunədir. İlin sonunadək idmançılarımızı daha gərgin sınaqlar gözləyir. Əminəm ki, Azərbaycan idmançıları digər mötəbər yarışlarda da qazandıqları uğuru davam etdirəcək və üçrəngli bayrağımızı dalğalandıracaqlar”, - deyə o bildirib.
S.Hüseynov Azərbaycanda idmanın bu növünün inkişafından məmnunluğunu ifadə edib və ölkədə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Əvvəlcə qonaq DBDNF-nin Rusiya nümayəndəsi təyin edildiyi üçün təşəkkürünü bildirib. O qeyd edib ki, Rusiyada idmanın bu növü üzrə federasiyanın yaradılması istiqamətində mühüm işlər görülür. "İlk olaraq böyük nailiyyətlər qazanmış Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təcrübəsindən yararlanmaq istərdik. Əvvəlcə idmanın bu növü üzrə məşqlər Moskvada, daha sonra isə Rusiyanın bütün əyalətlərində təşkil olunacaqdır. Əyalətlərdə həmçinin yeni yaradılacaq federasiyanın bölmələri fəaliyyət göstərəcəkdir”, - deyə S.Hüseynov əlavə edib.
Sonra Rusiya Budo Döyüş Növləri Federasiyasının yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda S.Hüseynova fəxri olaraq altıncı dan qara kəmər təqdim olunub.