Komandamız Avropa birinciliyində birinci olub

Komandamız Avropa birinciliyində birinci olub


İyulun 15-də Qusar Olimpiya İdman Kompleksində start götürən universal döyüş üzrə Avropa birinciliyi davam edir. Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Universal Döyüş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 25 ölkədən 450-dək idmançı qüvvəsini sınayır. Avropa birinciliyində 14-15, 16-17 yaş qrupu üzrə idmançılar layt və klassik versiya üzrə bacarıqlarını nümayiş etdirirlər. Yarışda Azərbaycan 2 komanda ilə təmsil olunur.
İyulun 16-da Avropa birinciliyinin təntənəli açılış mərasimi keçirilib. Yarışdan əvvəl Azərbaycan Universal Döyüş Federasiyası, Qusar Olimpiya İdman Kompleksinin rəhbərliyi, Avropa Hakimlər Kollegiyasının üzvləri və idmançılar ümummilli lider Heydər Əliyevin Qusarda yerləşən abidəsini ziyarət ediblər, abidə önünə gül dəstələri qoyublar.

Açılış mərasimində Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov, Qusar şəhər bələdiyyəsinin rəisi, universal döyüş üzrə şimal regional bölməsinin rəisi Əlfəddin İbrahimov, Qusar Olimpiya İdman Kompleksinin direktoru, Avropa Universal Döyüş Federasiyasının vitse-prezidenti Babək Həmidov, universal döyüş üzrə Avropa Hakimlər Kollegiyasının sədri Anatoli Mikulı iştirak ediblər. Açılış mərasimində çıxış edən Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini deyib. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Respublikamızın müxtəlif bölgələrində beynəlxalq yarışları keçirməyə imkan verən müasir standartlara uyğun Olimpiya idman komplekslərinin tikilib istifadəyə verildiyini deyən federasiya prezidenti universal döyüşün gənclərin hərbi-vətənpərvər ruhda yetişməsində böyük rol oynadığını bildirib. Son dövrlərdə ölkəmizdə idman sahəsində əldə olunan uğurlardan danışan A. Həsənov universal döyüşün respublikamızda sevilən və populyar idman növlərindən biri olduğunu diqqətə çatdırıb.



Babək Həmidov ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb və yarış iştirakçılarına gərgin mübarizədə uğurlar arzulayıb.
Avropa Hakimlər Kollegiyasının sədri Anatoli Mikulı
idmançılara yarışlarda diqqətli olmağı, zədə almamaq üçün qaydalara riayiət etməyi tövsiyə edib. O, hakimlərin yarışları ədalətli idarə etməyi, öz işlərinin öhdəsindən layiqincə gəlməyi məsləhət görüb.
Yarış açıq elan olunduqdan sonra Dövlət himni səsləndirilib.
Yığmamız layt versiyası üzrə keçirilən yarışlarda 14-15 yaşlı idmançılar arasında 5 qızıl qazanıblar ki, bunlardan 2-si zərif cinsin nümayəndələrinin payına düşüb. Bu yaş qrupu üzrə oğlanlardan ibarət yığmamızın digər üzvləri 2 gümüş, 3 bürünc medala sahib çıxıblar.
16-17 yaşlı idmançıların yarışında oğlanlar arasında 4 qızıl, 3 gümüş, 2 bürünc medal əldə olunub. Qızlardan ibarət komandamızın üzvləri 2 qızıl medal qazanıblar. Ümümi hesabda yığmamız birinci olub. Rusiya komandası ikinci, Ukrayana millisi isə üçüncü pillədə qərarlaşıb. Komandamızın klassik versiya üzrə yarışlarda çıxışlarını davam etdirirlər. Avropa birinciliyinə iyulun 18-də yekun vurulacaq.

Aysel