2007-ci ildə Bərdə rayonunun Yerliağalı kəndində anadan olan Kənan Məmmədovun idmana, xüsusilə də döyüş növlərinə həvəsi sonsuzdur. 5 yaşlı idmançı bu gün təmsil etdiyi «Firdovs» idman klubunda özündən yaşca böyük idmançılarla birgə məşq edir. Klubun ən kiçik üzvü olan Kənan yaşının az olmasına baxmayaraq, komanda yoldaşları ilə eyni fiziki hərəkətləri yerinə yetirir, döyüşlərdə özündən böyük idmançılarla gücünü sınayır. Yarım ildir ki, «Firdovs» idman klubunda kikboksla məşğul olan bu balaca idmançıda idmana marağı atası yaradıb. Kənanın atası Baba Məmmədov uzun illər döyüş növləri ilə məşğul olub. Sonradan Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən Baba Məmmədov səhətində yaranan problemlər üzündən idmançı kimi karyerasını davam etdirə bilməyib. Amma onun ən böyük arzusu övladının gələcəkdə yolunu davam etdirməsi olub. Bu məqsədlə oğlunu Binəqədi rayonunda yerləşən «Firdovs» klubunda kikboksinq bölməsinə yazdırıb. Atası Kənanın idmana gəlişini belə xatırlayır: «Lap kiçik yaşlarından Kənanda döyüş növlərinə marağın olduğunu hiss edirdim. Hətta bəzən o, evdə boks əlcəklərini geyinib, yumruq atmağa başlayırdı. Kənan həmişə «mən böyüyəndə idmançı olacağam» deyirdi. Onda olan bu potensialı görüb Kənanı döyüş bölmələrindən birinə yazdırmaq qərarına gəldim. İnanıram ki, o gələcəkdə ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcək». «Firdovs» İdman Klubunun direktoru və baş məşqçisi Əhməd Vəli kiçikyaşlı Kənanın imkanlarını yüksək qiymətləndirir: «Kənan klubda ən kiçik yaşlı idmançıdır. Uşaqların bu yaşda idmanla məşğul olması çox yaxşıdır. Bu yaşda məşğul olan idmançılar sonradan peşəkar idmanda daha böyük uğurlar qazana bilirlər. Məşq etdiyi dövrdən Kənanda çox böyük irəliləyişlər var. Onun qavrama qabiliyyəti yüksəkdir. Fiziki hazırlığı da çox yaxşıdır. Kənan cəld və zəhmətsevər idmançıdır. Bəzən kiçikyaşlı idmançılar fiziki məşqlərə dözmürlər. Amma Kənan 7-8 yaşlı idmançıların fiziki yükünü yorulmaq bilmədən yerinə yetirə bilir». Qeyd edək ki, Kənan Məmmədov «Cənub» İdman klubunun təşkilatçılığı ilə keçirilən iyunun 26- da Silahlı Qüvvələr gününün yaranmasının 95 illiyinə həsr olunmuş klublararası turnirində 20 kq çəki dərəcəsində çempion adını qazanıb.