Sadıq Sadıqov: «Əsas məqsədimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır»

Sadıq Sadıqov: «Əsas məqsədimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır»


Mayın 28-də Azərbaycanda daha bir futbol mövsümünə yekun vuruldu. Mövsüm Azərbaycan kubokunun final matçı ilə başa çatdı. Son ölkə çempionu «Neftçi» həlledici mərhələdə «Xəzər Lənkəran» klubu ilə münasibətlərinə aydınlıq gətirdi. Azarkeşlər 120 dəqiqə dramatik oyunun şahidi olsalar da, hesab açılmadı. Baş hakim qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələrinə ehtiyac duydu. Zərbələri daha dəqiq yerinə yetirən «ağ-qaralar» qələbə qazanaraq, kuboku başları üzərinə qaldırdılar. Oyundan sonra "Neftçi” futbol klubunun prezidenti Sadıq Sadıqov «Olimpə doğru» jurnalının suallarını cavablandırdı. Sadıq müəllim «qızıl dubl» etdikləri üçün sevindiklərini vurğulayaraq, klubun gələcək planları haqqında da məlumat verdi.


- Oyun haqda fikirlərinizi bilmək maraqlı olar…
- Azərbaycan Cümuriyyətinin yaranmasının 95 illiyində çempion olduğumuz üçün qurur hissi duyuram. Özümü çox xoşbəxt hiss edirəm. "Neftçi”nin Topaz Premyer Liqasından sonra, ölkə kubokunun da qalibi olması komandanın
əla səviyyəsinin göstəricisidir. Biz artıq ölkə kubokunun da sahibi olduq. Komandamızın bugünkü oyunu bir qədər çətin alındı. Hər iki komanda əzmkar oyun göstərdi. 120 dəqiqə maraqlı oyun getdi, amma hesab açılmadı. Buna
görə də, 11 metrlik cərimə zərbələri seriyasına müraciət olundu. Penalti isə, necə deyərlər, lotereyadır... Nəticədə, qələbə "Neftçi”nin qismətinə düşdü.

- Sizcə, "Neftçi” Topaz Premyer Liqasını 9-cu pillədə başa vuran "Xəzər Lənkəran” klubunu daha rahat məğlub etməli deyildi?
- "Neftçi” çempion komandadır. Hamının fikri evində-eşiyindədir. Ruslar demişkən, «çamadan əhval-ruhiyyəsindədirlər». Komandamızın bu oyuna uyğunlaşması həddən artıq çətin idi. Futbolçularımızın yorğunluğunu, matça çempion kimi çıxdıqlarını və bir qədər arxayınçılıqlarını nəzərə almalıyıq. Oyuna baxdıqda da görmək olurdu ki, "Neftçi” tam gücü ilə oynamırdı. Sanki komandada nə isə çatışmazlıq vardı. Mən belə düşünürəm ki, bu, arxayınlıq hissi idi. Bunun üçün də oyunumuzda müəyyən problemlər yarandı. "Xəzər Lənkəran” isə oyuna çox ciddi hazırlaşmışdı. Hətta onlar 120 dəqiqə komandamızla bərabər səviyyədə mübarizə apardı. Lakin «Xəzər Lənkəran»ın bu səyləri bir nəticə vermədi və komandamız onbirmetirlik cərimə zərbələrindən sonra çempion olmağı bacardı.

- "Neftçi” tarixində ilk dəfə "qızıl dubl” etdi...
- Şükür Allaha. Bu, bizə qismət oldu. Bu nəticə ilə də mövsümü "qızıl dubl”la başa vurduq. Əslində, biz keçən il "qızıl dubl” etməli idik. Amma təəssüf ki, bu, "Bakı” komandası ilə oyunda alınmadı. Amma indi yenidən ələ düşən fürsəti qaçırmamaq istəyirdik və buna da nail olduq.

- Qələbənin qazanılmasında azarkeşlərin də böyük rolu oldu.
- Düzdür. Komandanı və azarkeşlərimizi təbrik edirəm. Təəssüf ki, oyundan sonra xoşagəlməz hadisə baş verdi. Bu heç də tərifəlayiq deyil. Bu idmandır. İdmanda iki komandadan biri qələbə qazanır, digəri isə məğlub olmalıdır. Məğlub olan komanda da bunu qəbul etməlidir. Keçən il biz "qızıl dubl” etməyə çox yaxın idik. Lakin "Bakı” komandası ilə oyunda məğlub oduğumuza görə bunu edə bilmədik. Amma buna baxmayaraq, oyundan sonra mən məğlubiyyətimizi qəbul edərək, "Bakı” komandasının rəhbərliyini təbrik etdim. Eləcə də, bu gün əgər məğlub olsaydıq, böyük məmuniyyətlə «Xəzər Lənkəran» komandasını təbrik etməyə hazır idim. İdmanda artıq hərəkətlərə yol vermək olmaz. Bütün bunlar idmanın gözəlliyinə xələl gətirən amillərdir.

- Bəs bu, avrokuboklar üçün istədiyiniz heyətdirmi?
- Xeyr, istədiyimiz heyət deyil. Hesab edirəm ki, Çempionlar Liqasına qədər, yay taransfer pəncərəsində komandaya əlavə 3-4 futbolçu cəlb olunmalıdır. Heyətdə bəzi dəyişikliklər etmək lazımdır ki, qarşıdan gələn mötəbər klub turnirində ölkəmizi layiqincə təmsil edək. Fikrimcə, ehtiyat qapıçı Emil Balayev çox perspektivli olsa da, Çempionlar Liqasında əsas qapıçı Saşa Stamenkoviçi əvəzləyəcək səviyyədə deyil. Eyni zamanda, komandaya güclü dayaq yarımmüdafiəçisi, müdafiəçi və hücumun istənilən cinahında oynamağı bacaran futbolçu axtarışındayıq. Fikrimiz var ki, komandaya 4 mövqedə oynayan futbolçular cəlb edək. Artıq bir qədər rahatlandıq. Bunun üçün də indi futbolçu axtarışlarına başlamışıq.

- UEFA Çempionlar Liqasında hədəfiniz nədir?
- Qismət Allahdandır. Ötən mövsüm UEFA Avropa Liqasının qrup mərhələsinə düşdük. Bundan sonra, əsas məqsədimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır. Keçən il "Neftçi” avroliqanın qrup mərhələsində tarix yazdı. Bu dəfə isə ÇL-də tarix yazmaq istəyirik. Bunun üçün də bütün gücümüzlə çalışacağıq. Qarşıda Avropanın ən böyük nüfuzluklub turniri olan Çempionlar Liqası gəlir. Ötən il ÇL-də edə bilmədiyimizi bu il etməyə səy göstərəcəyik. Bunun üçün qazandığımız kuboklardan arxayınlaşmamalıyıq.

Rahib Səmədov