Tibb sahəsində reabilitasiya və tibbi bərpanın özünəməxsus yeri var. İdman növlərinin əksəriyyəti travmatik olduğu üçün, bu sahədə zədələnmələr qaçılmazdır. Paytaxtda fəaliyyət göstərən Nəsrəddin Tusi adına klinik xəstəxananın Tibbi Bərpa və Reabilitasiya şöbəsinə ayrı-ayrı idman növləri üzrə təmsilçilərimiz müraciət edirlər. Klinikanın aparıcı mütəxəssisi, Tibbi Bərpa və Reabilitasiya şöbəsinin müdiri
Pərvin Əkbərov gözəl insan olmaqla yanaşı, həm də peşəkar və qayğıkeş həkimdir. Təcrübəli mütəxəssisin yanında müalicə keçənlər ondan ağızdolusu danışırlar. P.Əkbərovun yanında müayinə olunan veteran idmançıların birinin dediklərindən: "Qolumda zədə var idi. Bu, məni çox incidirdi. Zədəmlə bağlı Türkiyə, İran, Moskva şəhərlərində müalicə keçmişəm. Həkimlər qolumda əməliyyat olunmasını məsləhət görmüşdülər. Tale elə gətirdi ki, Pərvin həkimlə tanış oldum. O, əməliyyat olunmağımın qəti əleyhinə oldu və qolumu müalicə etdi. Müalicə mənə çox yaxşı təsir göstərdi. Özümü gümrah hiss edirəm. Pərvin həm gözəl insan, həm də gözəl həkimdir. Onunla söhbət edərkən insanda müsbər enerji, xoş ovqat yaranır. Burada özünü ailəndəki kimi hiss edirsən. Pərvin həkim kimi kadrların İdman Tibb Dispanserində çalışmasına böyük ehtiyac var”.
Pərvin Əkbərov 1982-ci ildə Salyan şəhərində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirən P.Əkbərov 2000-ci ildə Tehran
Dövlət Reabilitasiya və Bərpa Universitetinə qəbul olunub. Ayrı-ayrı xəstəxanalarda, tibb müəssisələrində ixtisası üzrə praktik kurslar keçib. Təhsil aldığı müddətdə Azərbaycanın tanınması istiqamətində təbliğat işlə rində yaxından iştirak edib. Nəsrəddin Tusi adına Klinikada əmək fəaliyyətinə başlayan peşəkar həkimin şəfalı əlləri neçə-neçə insanları müalicə edir. Pərvin Əkbərov: "Hollandiya, İtaliya, Budapeşt reabilitasiya mərkəz lərində olmuşam. Bizim klinika heç də ondan geri qalmır. Bizim qarşıda böyük layihələrimiz var. Qərara almışıq ki, Azərbaycanda ümumi reabilitasiya adında layihə hazırlayaq. Bu sahə üzrə geniş fəaliyyət göstərək. 4 ildən artıqdır ki,
işləyirəm. Nəzarət etdiyim şöbədə 20-ə yaxın tibbi personal çalışır. Şöbəmizə gün ərzində120-ə yaxın şəxs müraciət edir. Onların əksəriyyəti idmançılardır. Şöbəmiz əsasən nevroloji, ortopedik, pedriatik və idman zədələrinin reabilitasiyası üzrə xidmət göstərir. Əsas hədəfimizdən biri tibbi reabilitasiyanı daha da inkişaf etdirməkdir. Hazırda 15-dən çox federasiyalarla əməkdaşlıq edirik. Çünki
hazırda ölkəmizdə buna böyük ehtiyac var. Təkcə 2012-ci ildə mənim nəzarətim altında 110-dan artıq idmançı müalicə alıb və bunların arasında elə idmançılar olub ki, onlar aldıqları zədəyə görə hətta idmandan uzaqlaşmaq təhlükəsi ilə üz-üzə qalıblar. Şükürlər olsun ki, indiyədək heç bir idmançını naümüd geri qaytarmamışıq. Əsas məqsədimiz bu sahəni daha da inkişaf etdirməkdir. Biz mütəmadi olaraq treninq kurslarında iştirak edirik. Şöbə müasir texnologiyalarla təhciz olunub. Bu aparatlar vasitəsilə idmançıları yenidən idmana qaytarmışıq. Hazırda biz Azərbaycanda mövcud olmayan iki müalicə üsulu üzərində işləyirik. Ümidvaram ki, biz bu sahədə artıq ölkəmizdə uşaqlar və yaşlılar arasında dayaq hərəkəti xəstəliklərinin müalicəsinə başlayacağıq.