Dünya çempionatı azarkeşsiz keçiriləcək
Bu barədə TASS-a Beynəlxalq Sambo Federasiyasının (FIAS) prezidenti Vasili Şestakov açıqlama verib.
Rusiyalı funksioner bildirib ki, yarış idmançıların hərəkətindəki məhdudiyyətlər nəzərə alınaraq, arenadakı bütün təhlükəsizlik tədbirlərinə və sosial məsafə qaydalarına uyğun təşkil olunacaq.
Şestakovun sözlərinə görə, Təşkilat Komitəsi idmançılar üçün xəstəlik riskini minimuma endirmək üçün hər cür səy göstərir: "Bunun üçün idmançı və məşqçilərdən hakim və tibb işçilərinə qədər hamıdan təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etmələri tələb olunacaq. İlk addım Serbiyaya səfərdən 72 saat öncə koronavirus testindən keçməkdir. İkincisi, bütün iştirakçılar üçün "təmiz zona"nın yaradılmasıdır. Yəni, Serbiyadakı bütün hərəkətlər yalnız otel və arenanın arasında olacaq. Bu şərtlər altında dünya çempionatının azarkeşsiz keçiriləcəyi aydın məsələdir".
Qeyd edək ki, 5 - 8 noyabrda Serbiyanın Novi-Sad şəhərində keçiriləcək dünya çempionatında 30 ölkədən 400-dən çox samboçu iştirakı edəcək.