«Gələcək nəsillər bu qəhrəman oğulların yazdığı tarixi öyrənəcək və onunla fəxr edəcək»

«Gələcək nəsillər bu qəhrəman oğulların yazdığı tarixi öyrənəcək və onunla fəxr edəcək»


Hər zaman qəzetimizin əməkdaşları ölkəmizdə fəaliyyət göstərən idman mütəxəssisləri ilə söhbət apararkən, idmandakı uğurları onların yetirmələrinin çıxışlarını və əldə olunan nailiyyətləri ön plana çəkir. Amma bu ərəfələrdə biz həmin mütəxəssislərlə əlaqə saxlayaraq, Vətən müharibəsində qazandığımız parlaq qələbə barəsində onların təəsüratlarını öyrənməyə çalışdıq. İdman sahəsində öz sözünü deyən insanlar Ordumuzun şanlı zəfəri barəsində ən xoş fikirləri dilə gətirdilər. Budəfəki, sayımızda həmsöhbətimiz taekvondo üzrə gənclərdən ibarət yığma komandanın baş məşqçisi Mamed Abdullayev oldu. Uzun illər gənc idmançıların yetişməsində öz qüvvə və bacarığını əsirgəməyən Mamed müəllim Vətən müharibəsindən danışaraq, bizə maraqlı məlumatlar verdi. O, söhbət zamanı qəhrəman əsgərlərimizin arasında taekvondoçuların da olmasını xüsusi vurğuladı.

«Qarabağ döyüşlərində iştirak edən əsgərlər arasında taekvondoçu idmançılarımız da böyük rəşadətlə vuruşdular. Onların arasında həm həqiqi-hərbi xidmətlə olan, həm də döyüşlərə könüllü yollanan idmançılarımız var idi. Hər biri haqqında ən xoş sözləri qeyd etmək istəyirəm. Bildirmək istəyirəm ki, bu müharibədə təmsilçilərimiz arasında bir şəhidimiz və bir neçə yaralananımız oldu. Hazırda neçə-neçə idmançımız azad olunmuş torpaqlarda hərbi xidmətini davam etdirir», - deyə Mamed müəllim bildirdi. Gənclərdən ibarət yığma komandanın baş məşqçisi bu müharibədə şəhidlik zirvəsinə ucalan Cavid Hüseynovdan danışdı: «Tovuz idmançısı Cavid Hüseynovun qəhrəmanlığı və vətənə məhəbbəti ən xoş sözlərə layiqdir. 2018-ci ildə keçirilən gənclər arasında respublika birinciliyinin qalibi olmuş Cavid Hüseynov Qarabağ döyüşlərində qəhrəmancasına vuruşdu. Onun şəhid olması xəbərini gecə saatlarında bildim. Çox məyus oldum. Səhərə qədər özümü heç cür toparlaya bilmədim. Ruhu şad olsun. Biz Cavid kimi neçə-neçə qəhrəman övladlarımızla fəxr edirik. Valideynlərinə səbr diləyirik,onlara bir ömür minnətdarıq ki, belə bir igid övladlar böyüdüblər. Hərdən hazırda xidmətdə olan əsgərlərimizə qiptə edirəm. Mən özüm ordu sıralarında, xüsusi təyinatlı dəstədə xidmət etmişəm. Qiptə edirəm ki, nə üçün bu tarixi yazmaq bizim dövrümüzə təsadüf etmədi? Həmin vaxtlarda da biz bu döyüşləri gözləyirdik. Arzu edirdik ki, müharibə başlasaydı, biz də döyüşlərdə iştirak edib, bu mənfur düşmənlərə öz yerini göstərərdik. Müharibə amansız bir məfhumdur. Qan axıtmadan, can vermədən qələbə qazanmaq mümkün deyil. Bu gün Vətənin bütövlüyü və azadlığı uğrunda döyüşüb, yaralanan və şəhidilik zirvəsinə yüksələn hər bir azərbaycanlı ilə biz fəxr etməliyik. Onlar həm də bizim əyilmiş qəddimizin ucalmağı uğrunda canlarından keçdilər. Belə bir oğulları olan millət hər zaman yaşayıb və yaşayacaq».

Söhbətimiz zamanı Mamed müəllim onu da bildirdi ki, bir vaxtlar idman arenalarında qələbə uğrunda yarışan idmançılar arasında döyüşlərə qoşulub, öz sağlamlığın itirən atletlər federasiya tərəfindən də diqqət mərkəzində saxlanılır. «Yaralı idmançılarımızla yaxından maraqlanırıq. Belə ki, Mehdi Tağıyev döyüşlərdə yaralanıb. Gənclər arasında respublika çempionu, beynəlxalq yarışların mükafatçısıdır. Quba idmançısıdır. Dəfələrlə yığma komandanın üzvü olub. Yeniyetmələrdən ibarət yığma komandanın tərkibində Avropa birinciliyində iştirak edib. Şəxsi keyfiyyətlərində danışarkən bildirmək istəyirəm ki, çox məğrur və qəhrəman bir övladdır. Düşmənin əks hücumlarına cavab olaraq başlayan müharibənin ilk günlərində minlərlə Azərbaycan övladı kimi Mehdi də döyüşlər atılıb. Murov yüksəkliyi uğrunda döyüşlərdə yaxından iştirak edib. Elə həmin əməliyyatda yaralanıb. Aldığı qəlpə yarasından sonra hospitala yerləşdirilib. Müalicə prosesi zamanı həkimlər ona bildiriblər ki, artıq sən döyüşlərdə iştirak edə bilməzsən. Bunun əksi olaraq, həkimin yazdığı həmin kağızı cırıb, atmışdı. Bunu onun valideynləri də təsdiq edə bilər. Öz istəyi naminə sağlamlığını təhlükə altına alaraq, Mehdi yenidən döyüş bölgəsinə qayıdığ. Bir neçə gün ağır döyüşlərdə iştirak ediğ. Lakin yenidən yaralanıb. Fürsət tapıb, onunla danışmağa müvəffəq oldum. Çox sevinirdim. Bir zaman bizimlə birlikdə zallarda məşq edən, yanımızda böyüyən bu uşaqlar doğrudan da tarix yazırlar.

Yaralanmış idmançılar arasında Tahir Hüseynov da var. O, 2012-2013-cü illərə qədər taekvondo üzrə yığma komandamızın üzvü olub. Böyüklərdən ibarət yığma komandanın heyətində respublika çempionu tituluna yiyələnib. Tahirin döyüş bölgəsində yaralanması barədə xəbəri elə həmin gün eşitdim. Aldığı yara daha ciddi hesab olunur. Barmağının amputasiya edilməsi təhlükəsi var idi. O həm də baş nahiyəsindən güllə yarası alıb. Daha doğrusu düşmən gülləsi onun başını siyirib, keçib. Hospitalda ona bildiriblər ki, həmin barmaq mütləq amputasiya olunmalıdır. Özü buna razılıq verməyib. Ordumuzun ən yaxşı zabitlərindən biri olan Tahir heç cür bununla barışmaq istəmir. Bu insanda vətənə o qədər sevgi var ki, belə bir yara ilə o, yalnız yenidən cəbhə yoldaşlarının yanına qayıtmaq barədə düşünür. Həkimlərimiz bu barədə bütün qüvvə və bacarıqlarını ortaya qoyublar. Onlarda öz növbəsində çalışırlar ki, hərbçimizin bu arzusu ürəyində qalmasın. Biz də öz növbəmizdə yaralı əsgərlərimizə Uca Tanrıdan şəfa diləyirik, yastıqları yüngül olsun», - deyə Mamed müəllim qeyd etdi.
 

Baş məşqçi söhbət zamanı hazırda cəbhədə xidmətini davam etdirən tələbələrindən da danışdı. Bildirdi ki, onların arasında Eldar Qurbanov hərbi xidmətdə olan zabitlərimizdən biridir. O, cəbhə bölgəsində vətənə olan borcunu layiqincə yerinə yetirir. Eldar eyni zamanda idmançı kimi böyük nailiyyətlər əldə edib. Belə ki, o, gənclər arasında Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı, respublika çempionatının qalibi olub. Yusif Hüseynli hazırda həqiqi hərbi xidmətdədir. Murov bölgəsində xidmətini uğurla davam etdirir. O, gənclər arasında Avropa çempionatının bürünc mükafatçısıdır.
Cəbhə bölgəsində vuruşan taekvonduçlardan Məmməd Əliyev, gənclər arasında respublika çempionu Zülfüqar Qasımov, gənclər arasında Avropa çempionatının bürünc mükafatçısı Tapdıq Əkbərovu xüsusilə qeyd etdi. O, yeniyetmə taekvondoçu Nigar Cəfərovadan da danışdı: «Nigarın atası polkovnik-leytenant Ramil Cəfərov Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Biz Nigarın yanındayıq, onun acısını onun qədər anlaya bilməsək də, çalışırıq ona dəstək verək. Bəli, valideynin yerini heç kim verə bilməz. Lakin Nigar bilir ki, onun belə bir qəhrəman atası var. İmkanımız qədər calışacağıq ki, yeniyetmə idmançımıza dəstək olaq, onu tək qoymayaq. Bu hər birimizin üzərinə düşən borc və məsuliyyətdir».
Mamed müəllim söhbətini maraqlı fikirlərlə tamamladı. Onun səsləndirdiyi bu fikirlər doğrudan da təqdirəlayiqdir.
«Bir vaxtlar mən bu uşaqların respublika çempionu olması üçün çalışırdım. İstəyirdim ki, onlar beynəlxalq arenalarda nəticə əldə etsinlər. İnanın ki, sözün əsl mənasında, həmin uşaqlar mənim bu arzularımı kölgədə qoydular. Bir mütəxəssis kimi qeyd edim ki, idmançı kimi Qarabağ müharibəsində vuruşan hər bir əsgər və zabitimiz Olimpiya çempionluğundan da yüksək bir zirvəyə yüksəliblər. Biz onların bu uğuru ilə hər zaman qürur duymalıyıq. Onların hər birilə biz fəxr edirik. Bu uşaqların arasında elələri olub ki, onları danlamışıq. Hərdən onlara qarşı əsəbi olmuşuq. Hər biri bu danlağı təbii qarşılayıblar. Buna baxmayaraq onların daxilində hörmət və alicənablıq hissi var idi. Bax, həmin uşaqlar tariximizi qızıl hərflərlə yazdılar. Gələcək nəsillər bu qəhrəman oğulların yazdığı tarixi öyrənəcək və onunla fəxr edəcək. Onlar əsl qəhrəmandırlar. Biz səbrsizliklə həmin əsgərlərimizlə görüşü gözləyirik. Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi bu barədə bir sıra planlar hazırlayır. Dəqiq vaxt bilinməsə də, biz bu görüşü təşkil edəcəyik. Qəhrəmanlarımızla bu görüşdə hər bir məsələ müzakirə olunacaq», - deyə gənclərdən ibarət yığma komandanın baş məşqçisi vurğuladı.

                                                                                     Anar Əhmədov


 

«Gələcək nəsillər bu qəhrəman oğulların yazdığı tarixi öyrənəcək və onunla fəxr edəcək»