Aprelin 8-11-də Bolqarıstanın paytaxtı Sofiyada böyüklər arasında taekvondo üzrə Avropa çempionatı keçirilib. Komandamız G4 kateqoriyalı yarışda Azəbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi altında 11 idmançı ilə təmsil olunub. Yığma komandamız qitə çempionatını iki medalla başa vurub. Kişilər arasında Milad Beigi Hərçəqani (80 kq) gümüş, qadınlardan Minayə Əkbərova (46 kq) isə bürünc medalla kifayətlənib.
Yarışın birinci günündə mübarizə aparan taekvondoçumuz Minayə Əkbərova (46 kq) səkkizdəbir finalda Özlem Gürüz (Almaniya), dörddəbir finalda isə bolqarıstanlı Qabriele Katsarovaya qalib gələrək yarımfinala vəsiqə qazanıb. Növbəti mərhələdə rusiyalı Larisa Medvedevaya məğlub olan təmsilçimiz bürünc medala sahib çıxıb. Bu, 19 yaşlı idmançımzın karyerası ərzində böyüklər arasında yarışlarda qazandığı ilk uğurudur.
Komandamızın digər üzvü Milad Beigi Hərçəqani isə yarışa Aleksandr Filippov üzərində qələbə ilə başlayıb. O, israilli rəqibini 25:2 hesabı ilə məğlub edib. Hərçəqani ardınca Tahir Gülecə (Almaniya) 24:1, Raul Martinesə (İspaniya) 12:6 hesabı ilə qalib gələrək finala yüksəlib. Taekvondoçumuz həlledici görüşdə rusiyalı Maksim Kramtçovla üz-üzə gəlib. O, gərgin keçən döyüşdə üç raundda üstün olsa da, son anda rəqib hesabı bərabərləşdirib (12:12) və yekunda qızıl xalla qalib gəlib. Nəticədə idmançımız yarışı gümüş medalla bitirib. Bu, onun Avropa çempionatında 3-cü mükafatı olub. 5 il öncə qitə birinciliyində qızıl medal qazanan legioner idmançımız 2018-ci ildə bürünc mükafata da sahib olub.
Məlumat üçün bildirək ki, Ümundünya Taekvondo Federasiyasının Olimpiya reytinq cədvəlində Maksim Kramtsov ilk pillədə, Milad Beiqi isə ikinci pillədə qərarlaşıb. Hər iki idmançı artıq növbəti Yay Olimpiya Oyunlarına lisenziyalarını təmin ediblər.
Qeyd edək ki, Avropa çempionatında ədalət təmsilçilərimizdən Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev də ölkəmizi hakim qismində təmsil edib.
Taekvondoçularımız Avropa çempionatını 2 medalla başa vurdular