Aprelin 22-də Azərbaycan Kikboksinq Federasiyasının ofisində Milli komandanın məşqçilərinin iclası keçirilib.
İclas iştirakçıları görüşdən əvvəl COVİD-19 testlərin negativ cavablarını alıb, inzibati binaya daxil olarkən hərarətin yoxlama və digər təhlükəsizlik prosedurlarından keçiblər.
Milli komandanın peşəkarlar və həvəskarlar üzrə baş məşqçilər, həvəskarlar üzrə böyük məşqçilər, baş məşqçilərin köməkçiləri, Milli komandanın kapitanı və Federasiyanın Hakimlər kollegiyasının sədrinin təyinatları rəsmiləşdirilib.
İclasda Federasiyanın prezidenti Orxan Əliyev, 1-ci vitse-prezident Ehram Məcidov, baş katib və milli komandanın rəisi Sadıx Bağırov tərəfindən federasiyanın fəaliyyəti və gələcək planları ilə bağlı ətraflı məlumatlar verilib, müzakirlər aparılıb.
İclas zamanı Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AKF Prezidenti Orxan Əliyev federasiyanın fəxri prezidenti, Milli Məclisin sədr müavini Adil Əliyevin salamlarını çatdıraraq, onun kikboksinqin ölkəmizdə inkişafında əvəzolunmaz rolunun olduğunu qeyd edib.
O, Vətən müharibəsində iştirak etmiş kikboksçularımız, qazilərimiz və şəhid ailələrinə Federasiya tərəfindən daimi dəstək olunacağını bir daha vurğulayıb.
Çıxışlardan sonra kikboksinq üzrə dünya və Avropa çempionları Eduard Məmmədov və Ramal Aslanov federasiyanın İdarə Heyətinin sədr müavinləri təyin olunublar. Həmçinin, Eduard Məmmədov yığma komandada baş məşqçinin köməkçisi, R.Aslanov isə milli komandanın kapitanı seçilib.
Peşəkar kikboksinq üzrə milli komandanın baş məşqçisi Elşən Abdulrəhimov təyin olunub. Onun köməkçisi isə Anar Lalayev olacaq. Həvəskar kikboksinq üzrə millimizin baş məşqçisi vəzifəsi Çingiz Eyvazova həvalə olunub.
Federasiyanın Hakimlər Kollegiyasının sədri Aydın Ağabəyov təyin edilib. Bundan başqa, böyüklər arasında milliyə Telman Məhərrəmov (K-1), Hikmət Hacıyev (loukik), Gündüz Məmmədov (Full-kontakt), Fuad Zeynalov (kik-layt, layt-kontakt) böyük məşqçi təyin olunub. Gənclərdən ibarət yığmada böyük məşqçilər Ceyhun Abbasov (K-1), Albert Qəribov (loukik), Anar Lalayev (full-kontakt), Müşfiq Hüseynli (kik-layt, layt-kontakt) olacaq. Yeniyetmə və kadetlər arası millidə isə Əli Cəfərli (bütün üslublar) böyük məşqçi vəzifəsini yerinə yetirəcək.
İclasdan sonra vəsiqələrin təqdimatı ilə yanaşı, xatirə şəkilləri çəkilib.
Azərbaycan Kikboksinq Federasiyasında yeni təyinatlar