Yaponiyanın paytaxtı Tokioda ənənəvi karate do (WSKF) döyüş növü üzrə dünya çempionatı keçirilib.
Çempionatda 33 ölkədən 700-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparıb.
Yarışda ölkəmizi federasiyanın prezidenti VII dan qara kəmər ustası Əhməd Hətəmovun rəhbərliyi altında yeddi idmançı təmsil edib. Çempionatda milli komandamız iki qızıl, üç gümüş və üç bürünc medal qazanıblar.
Şəxsi yarışda 18-20 yaş qrupunda təmsilçilərimiz S.Hətəmov ikinci, F.Fərzəliyev üçüncü yeri tutublar.
Komanda "kumite” döyüşündə isə S.Hətəmov, P.Abdullayev və F.Fərzəliyev birinci yeri tutublar. Böyüklərin (senyorların) yarışında 75 kiloqram çəki dərəcəsində "cui kumite” döyüş növü üzrə M. Eynalov ikinci, "şobu ippon kumite” döyüş növü üzrə F.Əliyev üçüncü, "open kumite”də döyüş növü üzrə isə Orxan Heydərli ikinci olublar.
"Komanda kumite” növü üzrə isə M.Eynalov, F.Əliyev, O.Heydərli üçüncü yeri tutublar.
Veteranların (ustaların) yarışında 38 yaşdan yuxarı qrupda Ə.Hətəmov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və çempionatın qızıl medalını qazanıb. Beynəlxalq dərəcəlik hakimlər Əhməd Hətəmov və Yusif Məmmədov çempionatın final görüşlərini idarə ediblər.
Yarışdan əvvəl idmançılarımızın iştirakı ilə texniki seminar və kəmər dərəcələrinə imtahan keçirilib. Seminarda təmsilçilərimiz Süleyman Hətəmov, Pənah Abdullayev və Firdovsi Fərzəliyev I dan qara kəmərə layiq görülüblər.