Paytaxtımız dünya çempionatına uğurla ev sahibliyi etdi

Paytaxtımız dünya çempionatına uğurla ev sahibliyi etdi

Paytaxtımız çoxdandır ölkəmizdə təşkili planlaşdırılan aerobika gimnastikası üzrə 16-cı dünya çempionatına ev sahibliyi edib. 2020-ci ildə keçirilməli olan, lakin COVID-19 pandemiyası səbəbilə təxirə salınan çempionat mayın 27-29-da Milli Gimnastika Arenasında təşkil edilib. Azərbaycan Gimnastika Federasiyasının (AGF) may ayında təşkil etdiyi yarışlardan sonuncusu olan bu yarışda da gimnastlarımız uğurları ilə hər kəsi sevindiriblər.

Belə ki, Azərbaycan təmsilçiləri ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi aerobika gimnastikası üzrə dünya çempionatında dünya çempionu titulunu qazanmağa müvəffəq olublar. Avropa çempionu adını daşıyan Akif Kərimli, Nigar İbrahimbəyli, Ayxan Əhmədli, Nərminə Hüseynova, Mədinə Mutafayeva, Elçin Məmmədov, İmran İmranov və Nurcan Cabbarlıdan ibarət aerodans komandamız bu dəfə də onlara olan inamı doğruldub.  Komandamız 18,400 xal yığaraq qızıl medala sahib çıxıb.

28 may Respublika Günündən bir gün sonra dünya birinciliyinin qalibi olmuş idmançılarımız isə qələbələrini respublikamıza həsr ediblər.

Gimnastlarımız mayın 30-da daha iki final mərhələsində  çıxış ediblər. Kişilərin fərdi proqramında dünyanın ən güclü 8 gimnastı arasında Vladimir Dolmatov 7-ci olub. Nərminə Hüseynova, İmran İmranov, Vladimir Dolmatov, Xoşqədəm Quliyeva və Balaxanım Əhmədovadan ibarət qrupumuz isə finalda 8-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, yarışda 22 ölkədən 171 gimnast birincilik uğrunda mübarizə aparıb.