Rumıniyanın paytaxtı Buxarest şəhərində taekvondo üzrə keçirilən yeniyetmələrin Avropa birinciliyi başa çatıb. Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərov, yeniyetmələrdən ibarət yığmanın baş məçqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi altında yarışa qatılan idmançılarımız uğurla çıxış edərək vətənə 2 qızıl, 1 gümüş və 2 bürünc medalla dönüblər. Taekvondocumuz Əliəsgər Əliyev (-61 kq) bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib. O, ilk döyüşünü Krasavtsev Glebə qarşı keçirib. Rəqibınə 5:1 hesabı ilə qalib gələn idmançımız ikinci doyüşdə Türkiyə təmsilçisi Baysal Mehmet Hanla üzləşib. Taekvondoçumuz bu qarılaşmada da 14:6 hesablı qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib. Millimizin üzvü finala vəsiqə uğrunda erməni idmançı Gagik Geghamyanla mübarizədən 5:4 hesabı ilə qalıb ayrılıb. Martinez Saez Alvaro (ESP) ilə maraqlı və gərgin keçən final qarşılaşmasında rəqibini 13:10 hesabı ilə məğlub edən Əliəsgər Əliyev fəxri kürsün ən yüksək pilləsinə qalxıb.
Komandamızın üzvü Nicat Əsgərli də (-57 kq) qızıl medala layiq görülüb. Komandamızın üzvü Ümid Məmmədov (-33 kq) Moldova, Rumıniya, Fransa, İsrail idmançılarına qalib gələrək finala vəsiqə qazanıb. Döyüşçümüz finalda Böyük Britaniya təmsilçisi Gnanapandithan Virosana məğlub olaraq gümüş medalla kifayətlənib. Sevda Pirseyidova (29 kq) isə Rusiya və Kipr idmançılarına qalib gələrək yarımfinala yüksəlib.Yarımfinal mərhələsində xorvatıyalı idmançı Lovriç Nataliaya məğlub olan taekvondoçumuz yarışı 3-cü pillədə başa vurub.
33 kq çəki dərəcəsində mübarizə aparan Nərgiz Mirzəyeva Rumıniya və İtaliya taekvondoçularına qalib gələrək yarımfinala vəsiqə qazanıb.Taekvondoçumuz yarımfinal mərhələsində Türkiyə təmsilçisi İlgız Serife 0:16 hesabı ilə məğlub olaraq yarışı bürünc medalla başa vurub. Yığmamız ümumi hesabda Rusiya milli komandasından sonra ikinci yeri tutub.
Qeyd edək ki, Rumıniyanın paytaxtı Buxarestdə Avropa Taekvondo Birliyinin növbəti Baş Assambleyası keçirilib. Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərov, Avropa Taekvondo Birliyi (ETU) İcraiyyə Komitəsinin üzvü seçilib. ETU-nun İcraiyyə Komitəsinin 12 üzvü arasında region ölkələrindən Oktay Durmaz (Türkiyə) və Lesik Samadzhiya (Ukrayna) da var. Seçkilərdən sonra təşkilatın yeni üzvlərinin iştirakı ilə keçirilən toplantıda qurumun qarşıdakı planları müzakirə olunub.