İyunun 4-də Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib. Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır.
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Hitech Grand Prix” komandasının pilotu Jüri Vips bütün rəqiblərini qabaqlayıb. “Campos” komandasından Ralf Boşunq sərbəst yürüşü ikinci, “Art Grand Prix”un sürücüsü Theo Pourçaire isə üçüncü yerdə başa vurublar.
İyunun 5-də saat 11:25-də birinci, saat 17:40-da isə ikinci yarış keçiriləcək. Hər iki yarışda pilotlar 21 dövrə vuracaqlar. Üçüncü yarış isə iyunun 6-da saat 12:45-də start götürəcək. Bu dəfə pilotlar 29 dövrədən ibarət yarışda güclərini sınayacaqlar.
Səkkiz mərhələdən ibarət yarışa dekabrın 10-12-də Əbu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş iki yarışın nəticəsinə görə, pilotların sıralamasına “UNİ-Virtuosi” komandasının çinli üzvü Guanyu Zhou 68 xalla başçılıq edir. Komandaların sıralamasında isə “Uni-Virtuosi” 97 xalla birincidir.
Formula 2: sıralanma turu başladı