Sifariş Kitabında nələr əks olunub?

Sifariş Kitabında nələr əks olunub?


Məlum olduğu kimi, Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyasında ölkəmizin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi barədə qərar qəbul edilib. Tədbir çərçivəsində "Bakı-2017” «Həmrəylik bizim gücümüzdür» şüarı altında namizədlik kitabının təqdimatı olub. Yüksək səviyyədə tərtib olunan Sifariş Kitabında yer alan maraqlı və zəngin məlumatları oxucularımızın da diqqətinə çatdırmağı lazım bilirik. Belə ki, Sifariş Kitabı İslam Oyunlarının tələb olunan səviyyədə keçirilməsi məqsədilə oyunlara baxış və konsepsiyası, siyasi və iqtisadi mühit, struktur, hüquqi aspektlər, gömrük və immiqrasiya formallıqları, ətraf mühit, irs, davamlı inkişaf və meteorologiya, maliyyə, marketinq və kommunikasiya, yarış məkanları və yarışlar, yaşayış, nəqliyyat, təhlükəsizlik, tibbi xidmətlər və dopinqə nəzarət məsələlərini əhatə edir.
Kitabın "Oyunlara baxış və konsepsiyası” bölməsində Azərbaycanın İslam Həmrəylik Oyunlarına baxışı, islam ölkələri arasında mədəni və dini əlaqələrin yaradılmasında oyunların rolu məsələsi yer alıb.
Bundan başqa, bu bölmədə Azərbaycanda əhalinin idmana olan marağı, ölkənin oyunları keçirməklə gənc nəsli sağlam həyat tərzinə cəlb etmək niyyəti, ən yaxşı idmançıları dünyaya nümayiş etdirməklə İslam oyunlarının bütün dünyada populyarlıq əldə etməsi də əks olunub. Kitabda Bakı şəhərinin iri miqyaslı idman yarışıarının keçirməsində təcrübəsinin olması, İslam Həmrəyliyi Oyunlarının təşkili üçün nəzərdə tutulan idman arenaları, yerləşdirmə, nəqliyyat, Olimpiya kəndi, media mərkəzi, daxil olmaqla bütün sahələr üzrə yüksək səviyyəli infrastrukturun yaradılacağı barədə məlumat verilib. Burada İslam Həmrəyliyi Oyunlarının açilış və bağlanış mərasimlərinin tikilməkdə olan Bakı Olimpiya Stadionunda keçiriləcəyi öz əksini tapıb. Oyunlar çərçivəsində İslam Musiqi Festivalı, İslam ölkələlərinin idman üzrə incəsənət sərgisi, kulinariya festivalı, film festivalından ibarət "İdman nə üçün vacibdir?” adlı mədəni proqramın təşkilinin nəzərdə tutulduğu da bildirilib.
Kitabın "Siyasi və iqtisadi mühit və struktur” bölməsində Azərbaycanın siyası strukturu, icra hakimiyyəti, qanunverici hakimiyyəti barədə məlumatlar yer alıb. Bu bölmədə 2017-ci il İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı bütün tədbirlərin təşkilində dövlət tərəfindən yüksək səviyyəli dəstəyin verilməsi, əsas siyası partiyaların Bakının 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarını qəbul etməsini dəstəkləməsi, ölkənin ümumdaxili məhsul istehsalı, milli ÜDM, ölkə sənaye məhsulunun payı və digər iqtisadi göstəricilər cədvəllərdə öz əksini tapib.
"Hüquqi aspektlər” bölməsində Azərbaycan Respublikası Prezidentinin İslam Hamrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı imzaladığı Sərəncamı yer alıb. Qeyd olunub ki, İslam Həmrəyliyi Oyunları zamanı Bakıda bir sıra ölkədaxili və beynəlxalq səviyyəlı görüş və tədbirlərin keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən hərtərəfli şərait yaradılacaq.
"Gömrük və immiqrasiya formallıqları” bölməsində ölkəyə daxilolma qaydaları, viza, vaksinasiya, oyunlar zamanı akreditə olunmuş şəxslərin öz vəzifə borclarını yerinə yetirilmələri üçün icazə və s barədə məlumat verilib.
"Ətraf mühit, irs, davamlı inkişaf və meteorologiya” bölməsi Bakının ətraf mühiti, iqlim, içməli su, oyunlar zamanı yarış yerlərinin ətraf mühitə olan təsiri, tullantıların qarşısının alınması və idarə ediməsi, enerji və karbonun idarə edilməsi və digər məsələləri əhatə edir.
"Maliyyə” bölməsində iqtisadi çatışmazlıq riskinin olmaması barədə məlumat verilib. Oyunlarla bağlı maliyyə təminatının təhlükəsizliyi, sabit və zəmanətli istehlak qiymətləri, şəffaf və müasir vergi sistemi, davamlı və balanslaşdırılmış büdcənin mövcudluğu barədə məlumatlar öz əksini tapıb.
Sifariş kitabının "Marketinq və kommunikasiya” bölməsində İslam Həmrəyliyi Oyunlarının brendi və oyunlarla bağlı marketinq proqramlarının tam qorunması, kommersiya tərəfdaşlığı, oyunlara marağın artırılması, biletlərin satış qiyməti, lisenziyaşdırılmış mal satışından əldə ediləcək gəlir, sponsorlar və marketinqlə bağlı məlumatlar verilib.
"Yarış məkanları və yarışlar” bölməsində yarış arenalarının Olimpiya kəndindən 15 km məsafədə yerləşməsi qeyd olunub. Yarış məkanları konsepsiyası Bakının nəqliyyat planını və metro sisteminin genişləndirilməsi barədə məlumatları özündə əks etdirir. Bölmədə yarış obyektləri, onların adları vətamaşaçı tutumu haqqında məlumat verilir. Bundan başqa, idmançıların yaşayacağı Olimpiya kəndi, media nümayəndələrinin yarış arenalarına yaxın olan 4 ulduzlu otellərdə yerləşdirilməsi, Beynəlxalq yayım və Baş Mətbuat Mərkəzinin media nümayəndələrinin qalacağı otellərə və Olimpiya kəndinə yaxın yerləşəcəyi qeyd edilir. "Yaşayış” bölməsində paytaxtımızdakı hotellər, hotellərin sayı, tutumu, qiyməti və sair barədə məlumat verilib.
"Nəqliyyat” bölməsində Bakı şəhər nəqliyyatı, yol şəbəkəsi, şəhər nəqliyyat nəzarəti, avtobus, taksi maşın saxlama (parkinq) sistemi, beynəlxalq dəmiryol şəbəkəsi, dəniz nəqliyyatı, metro sistemi, hava limanı barədə geniş məlumatlar öz əksini tapıb.
Kitabın "Təhlükəsizlik” bölməsində qeyd olunub ki, Azərbaycan Prezidenti tərəfindən Daxili İşlər Nazirliyi orqanının İslam Həmrəylik Oyunlarının təhlükəsizliyini təmin edəcək məsul orqan kimi təyin olunması barədə məlumat verilir.
Milli Təhlükəsizlik Nazilrliyi, Fövqəladə Hallar Nazilrliyi, Nəqliyyat Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən də təhlükəsizlik məsələlərinə yüksək səviyyəli dəstək göstəriləcəyi bildiriilir.
"Tibbi xidmət və dopinqə nəzarət” bölməsində Azərbaycanın səhiyyə sistemi, reformalar haqqında qısa məlumat, xəstəxanalar və onların təyinatları barədə məlumat verilib. Azərbaycanın Milli Anti-Dopinq Təşkilatının (AZADA) olması, ölkədə WADA-nın akreditə edilmış laboratoriyasının, eləcə də AZADA-nın Moskvada yerləşən WADA-nın akreditə edilmış laboratoriyası ilə uzunmüddətli əlaqəsi olması barədə məlumat verilib. Oyunlar zamanı götürülmüş qan nümunələrinin Moskvada yerləşən WADA-nın laboratoriyasında yoxlamaya göndəriləcəyi qeyd olunur.