Dünyada vicdanlı, ədalətli insanlar çoxdur. Sadəcə olaraq biz onların hamısını tanımırıq və təbii ki, tanımaq gücündə də deyilik. Biz o şəxslərin dəqiq qiymətini veririrk ki, onları yaxından tanıyırıq. Onların hərəkəti, davranışı, münasibəti gözümüzün qarşısında olur. Əbülqasım müəllimi ən yaxşı tanıyanlardan biri kimi onda bir çox müsbət keyfiyyətləri-yaxşılıq, xeyirxahlıq, alicənablıq və digər xüsusiyyətləri "kəşf” etmişəm. Düzlük, mənəvi təmizlik, səmimi münasibət, həqiqətə sadiqlik onun həyatının mənasını təşkil edir.
Əbülqasım Novruzov 1951-ci il iyunun 19-da Şuşa şəhərində ziyalı ailəsində dünyaya gəlib. Şuşa şəhər 4 №-li orta məktəbini bitirib. Orta məktəbin V sinfində oxuyarkən idmanın futbol, voleybol növlərinə böyük maraq göstərib və məktəbin idman şurasına üzv qəbul edilib. Məktəbin idman şərəfini layiqincə qorumağa çalışıb. Onun komandası Şuşa məktəbləri arasında keçirilən futbol, voleybol və stolüstü tennis yarışlarında həmişə qaliblər sörasında qərarlaşıb.
İdman gimnastikasına böyük maraq göstərdiyi üçün o, Şuşa şəhər 1№-li orta məktəbində yeni yaranmış gimnastika məşğələsinə üzv yazılıb. Qarabağda tanınmış idmançı, I dərəcəli gimnast Əliqulu İbrahimovun rəhbərliyi ilə məşqlərə başlayıb və bu idman növünün sirlərinə yiyələnməyə başlayıb. Qısa müddətdə rayon tədbirlərində "Məhsul” idman cəmiyyətinin xətti ilə həm rayon idman komitəsinin, həm də komsomol komitəsinin təşkil etdiyi bütün yarışlarda fəal iştirak etməyə başlayıb və ürəkaçan nəticələrə imza atıb.
1968-ci ildə məktəblilər arasında keçirilən Respublika spartakiadasında II nəticə göstərmiş və I dərəcəli idmançı normasını yerinə yetirmişdir. Sonrakı illərdə o, dəfələrlə futbol, voleybol və idman gimnastikası üzrə keçirilən yarışların qalibi olub, respublika və kubok yarışlarında fəxri yerlər qazanıb.
Hərbi xidmətdən qayıtdıqdan sonra 1974-cü ildə Şuşa Pedaqoji Məktəbin bədən tərbiyəsi və idman şöbəsini, 1979-cu ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun pedaqoji fakültəsini (futbol üzrə) istehsalatdan ayrılmadan nümunəvi qiymətlərlə tamamlayıb.
Xocavənd rayonunun Əmirallar kənd orta məktəbində, Xankəndi şəhər 4 №-li Azərbaycan orta, 8 №-li rus orta məktəbində ixtisası üzrə müəllim işləyib.
Bu da bir faktdır ki, Şuşa uşaq-gənclər futbolunun yaranması və inkişafı məhz Əbülqasım Novruzovun adı ilə bağlıdır. Şuşa Uşaq-Gənclər İdman Məktəbi hazırda Bakı şəhərində fəaliyyətini davam etdirir.Əbülqasım müəllimin bədən tərbiyəsi və idman sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının "Bədən tərbiyəsi və idman əlaçısı” döş nişanı ilə mükafatlandırılmış, dəfələrlə fəxri fərmanlara layiq görülmüşdür. Ə.Novruzov 70 yaşının tamam olmasına baxmayaraq, bu gün də gənclik ehtirası ilə yaşayır, yetirmələri ilə saatlarla məşq edir, onları dəyərli məsləhətləri ilə həvəsləndirir. Onun tükənməz enerjisi, fenomenal yaddaşı, aydın məntiqi adamı heyran edir.
Əbülqasım müəllim harda olubsa, hansı yarışda iştirak edibsə, doğma Şuşanın kiçik portretini ürəyində gəzdirib. Harda gəzib dolanıbsa, yalnız göz-bəbəyi kimi sevdiyi Şuşanı düşünüb. Elə ən böyük uğurlarını da Şuşanı düşünəndə qazanıb.
Əbülqasım Novruzov Şuşanın bədən tərbiyəsi və idman işlərindəki xidmətləri Şuşa ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. O, bu gün Bakı şəhərində məcburi köçkünlük həyatı yaşasa da, Şuşa Uşaq Gənclər İdman məktəbinin direktoru kimi məsuliyyətli bir işin öhdəsindən bacarıqla gəlir və gənc nəslin sağlamlığı keşiyində fədakarlıqla dayanır.
Tale elə gətirib ki, Əbülqasım müəllimlə iki il-1972-1974-cü illərdə Şuşa Pedaqoji Məktəbində oxumuşuq. Yaxınlığımız da həmin illərdən başlayıb və tanışlığımız dostluğa çevrilib. Onun qəlbində millətinə, xalqına, vətəninə qarşı böyük sevgi var.
şuşalı Əbülqasım Novruzov haqqında şahidi olduğum olayları, gördüklərimi, eşitdiklərimi səliqə-sahmanla qələmə almaq, olanı ortaya qoymaqdır. Məqsədimiz onu tərifləmək yox, həqiqətə ayna tutmaqdır. 70 rəqəminin öz cazibəsi var. Bu rəqəm insan həyatının ölçüsü ilə müqayisədə böyük rəqəmdir. Ölçü vahidi kimi kiçik rəqəm deyil və bu ömrün içərisində həyatın uzaqlarda qalan məqamları, inamın və inadın gücü öz təsdiqini tapır.
Şuşanın təbiəti, iqlimi burada yaşayan insanların əxlaqına, tərbiyəsinə, elm-sənət adamlarının bədii təfəkkürünün cilalanmasına və könül duyğularının inkişafına böyük təsir göstərməkdədir. Hamımızın Əbülqasım müəllim, bir çoxlarının isə Əbülqasım -deyə müraciət etdikləri Əbülqasım Novruzov özünəməxsus yüksək insani keyfiyyətləri ilə insanların nüfuzunu qazanıb. O, hələ sadəcə Əbülqasım olanda, şagird kimi, tələbə kimi təhsil alanda da ətrafdakıları həlim xasiyyəti, mehriban davranışı səmimi münasibəti ilə heyran qoyurdu. O, əməlləri ilə ictimai həyatda, kollektivdə özünü təsdiqləyib ki, bu da həmkarlarının, eləcə də digər şəxslərin onun haqqında söylədikləri xatirələrdə, barəsində yazılmış məqalələrdə özünü bariz şəkildə göstərir.
Sonda dostum-qardaşım Əbülqasım müəllimi 70 yaşının tamam olması münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı arzulayıram.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü