Bugünlərdə Rusiyanın Medin şəhərində 18-20 yaşlılar arasında Avropa birinciliyi keçirilib. 22 ölkədən 400-dək idmançının iştirak etdiyi yarışda ölkəmizi 2 qız, 7 oğlan idmançı təmsil edib. Yarışları 14 hakim idarə edib. Yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi, beynəlxalq dərəcəli hakim Elşən İsmayılov yarışda baş hakimin köməkçisi olub. Komandamıza yeganə qızıl medalı klassik versiya üzrə yarışlarda Səlimə Səlimova (48 kq) qazandırıb. Klassik versiya üzrə yarışda Xəyalə Əliyeva (45 kq) gümüş medal qazanıb. Daha bir gümüş medalı layt versiyasında Qəzənfər Namazov (+95 kq) əldə edib. Klassik versiya üzrə yarışlarda da qüvvəsini sınayan Qəzənfər bu versiyada bürünc medal qazanıb. Hüseyn İsmayılov (65 kq) layt versiyasında bürünc medala sahib çıxıb. Əli Həsənli (70 kq) və Nail Kərimov (75 kq) həm klassik, həm də layt versiya üzrə yarışlarda bürünc medallar qazanıblar.
Ümumi hesabda Azərbaycan komandası 1 qızıl, 2 gümüş, 6 bürünc medalla üçüncü pillədə qərarlaşıb. Rusiya yığması birinci, Ukrayna millisi isə ikinci pillədə qərarlaşıb.
Sentyabrın 15-dən 19-dək Rusiyada 14-15, 16-17 yaşlı idmançılar arasında dünya birinciliyi keçiriləcək. Yarışda ölkəmiz tam heyətlə-9 nəfər idmançı ilə çıxış edəcək. Xatırladaq ki, bu yaş qrupu üzrə Avropa birinciliyinə ölkəmiz ev sahibliyi etmişdi. Qusarda keçirilən yarışda yığmamız ümumi hesabda birinci pillədə qərarlaşmışdı. Hazırda yığma komandamız bu yarışa hazırlığı Azərbaycan Universal Döyüş Federasiyasının Tofiq Bəhramov adına Respublika Stadionundakı təlim-məşq bazasında davam etdirir. Oktyabr ayında isə komandamızı daha ciddi yarış - 18-20 yaşlı idmançılar arasında keçiriləcək dünya birinciliyi gözləyir.