İyunun 30-da Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının və “Olimpiya dünyası” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən “İdman və ədalətli oyunlar” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK baş katibinin müavini Azər Əliyev, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağaəli İbrahimov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə müsabiqə barədə tədbir iştirakçılarına məlumat verilib. Bildirilib ki, Azərbaycan Milli Olimpiya Komitəsi, Ədalətli Oyunlar Komissiyası və "Olimpiya dünyası” qəzetinin birgə təşkilatçılığı ilə aprelin 15-də start götürən "İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsinə” iyunun 15-də yekun vurulub.
3-8 və 9-16 yaş qrupları üzrə keçirilən müsabiqəyə paytaxt və Naxçıvan MR ilə yanaşı, 42 bölgədən ümumilikdə 2114 rəsm daxil olub. Onlardan 1560-ı 9-16 yaş qrupu, 554-ü 3-8 yaş qrupu üzrədir. Rəsmlər hər yaş qrupuna uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqını təmsil edən peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Seçim zamanı rəsmin mövzuya (Mövzu: "İdman və Ədalətli Oyunlar”) uyğunluğu, əsərin sahibi tərəfindən çəkilməsi, kompozisiyanın qurulması, işlənməsi və rəng ahəngi əsas götürülüb.
Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları salamlayaraq gənc rəssamları tədbirdə görməkdən məmnunluq hissi keçirdiyini bildirdi. “Gənc uşaqların rəsm müsabiqəsində iştirakı onların həyatında maraqlı hadisə kimi qalacaq. Bu müsabiqə ilk dəfə deyil ki, tərəfimizdən keçirilir. Müxtəlif illərdə biz Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə rəsm müsabiqələri təşkil edərək, istedadlı insanların əsərlərini qiymətləndirmişik. Peşəkar rəssamlar arasında keçirilən müsabiqədə qalib olan rəsmlər Beynəlxalq Olimpiya Komitəsinin muzeyinə göndərilib. Bu gün də növbəti belə tədbir üçün buraya toplaşmışıq. Ədalətli oyunlar mövzusunda rəsm əsərlərini mükafatlandırırıq. Bildiyiniz kimi ədalətli oyun Olimpiya Hərəkatının və idmanın əsas prinsiplərindən biridir. Bizim bu sahədə fəaliyyət göstərən komissiyamız var. Həmin quruma Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev rəhbərlik edir. Biz Milli Olimpiya Komitəsi olaraq, Ədalətli Oyunlar Komissiyası ilə birlikdə növbəti belə bir tədbiri həyata keçiririk. Fürsətdən istifadə edib, bu müsabiqədə iştirak etdiyinizə görə hər birinizə təşəkkür edirəm”, - deyə Çingiz Hüseynzadə bildirib.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov müsabiqədə iştirak edən gənc rəssamları nazirlik adından salamlayaraq, qalib gələn iştirakçıları təbrik edib.
“Bu tədbir müsabiqəyə rəsm əsəri təqdim edən uşaqların zəhmətinin nəticəsidir. Bu uşaqlar sağlam həyat tərzində gözəl yaradıcılıq nümayiş etdirirlər. Bilirsiniz ki, bu gün dünyada idman ən populyar sahə kimi liderlik edir. Lakin idman sahəsində də xoşagəlməz hadisələr baş verir. Haqsızlıqlar və ədalətsiz qərarlar verilir. Xəzər müəllimin sədri olduğu Ədalətli Oyunlar Komissiyası məhz bu sahədə baş verən xoşagəlməz halların aradan qaldırılması istiqamətində əməli fəaliyyət göstərir. Biz hər birimiz istəyirik ki, istənilən yarışda və rəqabətdə yalnız sağlam mübarizə hökm sürsün. Ən layiqlilər layiq olduğu dəyəri əldə etsinlər”, -deyə İsmayıl İsmayılov bildirib.
Tədbirdə çıxış edən münsiflər heyətinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, xalq rəssamı Ağaəli İbrahimov müsabiqənin balaca rəssamların həyatında mühüm yer tutacağını bildirdi.
“Bu gün çox maraqlı bir mövzuya - Ədalətli idman mövzusuna toxunulub. Ümumiyyətlə, bu, təkcə idmana aid deyil, həm də müsabiqəyə qatılan azyaşlı uşaqlarımızı həyatda ədalətli olmağa istiqamətləndirir. Çox istərdim ki, bu uşaqların arasında gələcəyin məşhur rəssamları olsun. Biz müsabiqəyə təqdim olunan 2 mindən çox əsərə baxdıq. Müsabiqəyə təqdim olunan əsərlər arasında elə rəsmlər var idi ki, onlar mövzuya uyğun deyildi. Amma biz münsiflər heyəti ilə birgə neçə gün ərzində bu əsərləri yoxlayaraq onları da qiymətləndirdik. Bütün əsərlər özlüyündə maraqlı idi. Belə bir mövzuda müsabiqə təşkil etdiyinə görə, əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, - deyə Ağaəli İbrahimov qeyd etdi.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev isə müsabiqəyə təqdim olunan əsərlərin biri-birindən maraqlı olduğunu diqqətə çatdırdı.
“Bütün iştirakçılar çox böyük məsuliyyət və sevgi ilə müsabiqədə iştirak etdilər. Müsabiqəyə təqdim olunan əsərlərin sayı bizi təəccübləndirdi. Iki mindən çox əsərin müsabiqəyə təqdim olunması onu deməyə əsas verir ki, Azərbaycanda rəssamlıq sənətinə böyük maraq var. Bununla yanaşı, sevinirik ki, uşaq və yeniyetmələr arasında idmana da böyük maraq var. Onlar öz rəsm əsərlərində bunu bir daha sübut etdilər. Müsabiqə iştirakçıları öz rəsm əsərlərində ədalət prinsiplərinə fərqli yanaşmalarla toxunublar. Onlar öz ideyalarını fərqli şəkildə kağız üzərində təsvir ediblər. Biz çalışmışıq ki, hər bir incə detalı nərədən keçirərək əsərləri qiymətləndirək. Düşünürəm ki, hər bir iştirakçı nəticələrdən razı qalacaq. Müsabiqədə qaliblər üçün cəmi üç yer nəzərdə tutulub. Əlbəttə biz bütün iştirakçıları qalib elan edə bilmərik. Ona görə də seçim etmək bizim üçün çox çətin idi. Perspektivli rəssamları da nəzərə alaraq hər yaş qrupunda əlavə 7 həvəsləndirici mükafatlar ayırdıq. Müsabiqənin qalibləri pul mükafatları ilə təltif olundular. Çalışdıq ki, biz bununla iştirakçıları həvəsləndirək, onların əziyyətlərini az da olsa qiymətləndirək”, - deyə Xəzər İsayev bildirib.
Çıxışlardan sonra müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi olub. Hər iki yaş qrupu üzrə qaliblərə pul mükafatları (3-8 yaş qrupu üzrə: I yer-300 AZN; II yer-200 AZN; III yer-100 AZN; 9-16 yaş qrupu üzrə: I yer-500 AZN; II yer-300 AZN; III yer-200 AZN) və diplom, 4-10-cu yerlərin sahiblərinə isə həvəsləndirici mükafatlar və diplom təqdim olunub.
Mövzuya uyğun çəkilmiş bütün rəsmlərin sahiblərinə əsərlər Təşkilat Komitəsinə təqdim edilməklə MOK-un Ədalətli Oyunlar Komissiyası tərəfindən sertifikat verilib.