Avqustun 20-də qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında mübarizəyə başlayıb. 2019-cu ildə olduğu kimi çempionat yenə 4 ölkənin meydanlarında keçirilir. Bu dəfə turnirə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya ev sahibliyi edir.
Ardıcıl 9-cu dəfə qitə çempionatında iştirak edən Azərbaycan millisinin yer aldığı A qrupunun oyunları Serbiyada təşkil olunub. Voleybolçularımız mübarizəyə avqustun 20-də başlayıblar. Komandamız qitə birinciliyində qrupda ilk oyununu Belçika yığmasına qarşı keçirib. Belqraddakı "Stark Arena"da təşkil olunan görüş Belçika millisinin 3:0 (25:13, 26:24, 25:13) qələbəsi ilə yekunlaşıb.
Yığmamız avqustun 21-də Bosniya və Herseqovina komandası ilə qarşılaşıb. Təəssüf ki, Vüqar Əliyevin yetirmələri bu görüşdə də məlubiyyətlə üzləşiblər. Avropa çempionatının debütantı voleybolçularımızı hər üç setdə üstələyib 3:0. Nəticədə millimiz sonuncu pilləyə yuvarlanıb.
Ertəsi gün isə komandamız Rusiya yığması ilə üz-üzə gəlib.
İlk iki turda quru hesabla uduzan yığmamız güclü rəqibi ilə mübarizədən də məğlub ayrılıb. Görüş Rusiya yığmasının 3:0 (25:16, 25:17, 25:13) hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz sabah Serbiya, ertəsi gün isə Fransa ilə qarşılaşacaq.
Qrupda ilk dörd yeri tutacaq komanda turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq.