Buyaxınlarda Türkiyənin Kastomonu şəhərində taekvondo üzrə klublararası beynəlxalq turnir keçirilib. Azərbaycanlı idmançıların da mübarizə apardığı yarışda ölkəmiz 6 idmançı ilə təmsil olunub. Qeyd edək ki, bu idmançılardan 5-i - Səyyad Bayramov, Rəqibxan Qayıbxanov, Qurban Şahvələdov, Daşqın Hüseynov və Nahid Cavadov Qaradağ rayonun baş məşqçisi Tərənnüm Bayramovun yetirmələri idi. Digər idmançı Qüdrət Nurizadə isə Ağdaş komandasının məşqçisi Eşqin İsmayılovun yetirməsi olub. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda təmsilçimiz uğurlu nəticə ilə yadda qalıb. Belə ki, Ağdaş komandasının yetirməsi olan Qüdrət Nurizadə 30 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qaliblər diplomlar və qiymətli hədiyyələrlə təltif olunublar.