Çempionlar Liqası: Bu gün qrup mərhələsinin ikinci turuna start veriləcək

Çempionlar Liqası: Bu gün qrup mərhələsinin ikinci turuna start veriləcək

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start veriləcək. İlk oyun günündə dörd qrupda səkkiz qarşılaşma keçiriləcək. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” klubu Niderlandda “Ayaks”ın qonağı olacaq. C qrupunun digər görüşündə Almaniyanın “Borussiya Dortmund” və Portuqaliyanın “Sportinq” klubları üz-üzə gələcək.

Günün mərkəzi qarşılaşması Fransada keçiriləcək. “Paris Sen-Jermen” İngiltərə çempionu “Mançester Siti”ni qəbul edəcək. A qrupunda “Leyptsiq” (Almaniya) – “Brügge” (Belçika) qarşılaşması da maraqla gözlənilən oyunlardandır.

Daha bir maraqlı görüş B qrupunda İtaliyanın "Milan" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında olacaq. İngiltərə "Liverpul"u isə Portuqaliyada "Portu"nun qonağı olacaq.

D qrupunda isə tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən Moldova "Şerif"i İspaniyada "Real Madrid"in qonağı olacaq. Bu komandaların hər ikisi ilk turdan qalib ayrılıb. Qrupun digər oyununda Donetsk "Şaxtyor"u Ukraynada İtaliya "İnter"ini sınağa çəkəcək.

Qeyd edək ki, “Şaxtyor” – “İnter” və “Ayaks” – “Beşiktaş” matçları Bakı vaxtı ilə saat 20:45-də, digər görüşlər isə 23:00-da başlayacaq.