Çempionlar Liqası: Madriddən gözlənilməz məğlubiyyət

Çempionlar Liqası: Madriddən gözlənilməz məğlubiyyət

Ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına start verilib. İlk oyun günündə 8 qarşılaşma təşkil olunub.
Turun ilk oyunları C  və D qrupunda təşkil olunub. Türkiyənin UEFA-nın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasındakı yeganə təmsilçisi "Beşiktaş" Niderlandda "Ayaks"ın qonağı olub. Görüş “Ayaks” klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 17-ci dəqiqədə Stiven Bergeys, 43-cü dəqiqədə isə Sebastyen Allye vurublar. 73-cü dəqiqədə qonaqların heyətində meydana çıxan Azərbaycanın U-19 millisinin üzvü Berkay Vardar qitənin bir nömrəli klub turnirində debüt edib. O, Umut Meraşı əvəzləyib. Bu qrupun digər oyununda Almaniyanın “Borussiya" klubu Portuqaliyanın  "Sportinq" komandasından üstün olub -1:0.
D qrupunda isə Donetsk "Şaxtyor"u Ukraynada İtaliyanın "İnter" klubunu qəbul edib. Qarşılaşmada hesab açılmayıb.
Bu qrupun digər oyununda ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən Moldovanın "Şerif" klubu İspaniyada "Real Madrid" klubunun qonağı olub. Bu oyunu  gecənin sensasiyası da adlandırmaq olar. Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan "Şerif" İspaniyada “Kral klubu”na 2:1 hesabı ilə qalib gəlib.
Turun mərkəzi qarşılaşması A qrupunda oynanılıb. PSJ Fransada turnirin son finalçısı olmuş İngiltərənin "Mançester Siti" klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada son nöqtəni qoyan Lionel Messi Paris təmsilçisində ilk qolunu vurub. Bu qrupun digər matçında Almaniyanın "Leyptsiq" klubu doğma meydanda Belçikanın "Brügge" komandasına uduzub - 1:2.
Turun daha bir maraqlı görüş B qrupunda İtaliyanın "Milan" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında təşkil olunub. Görüş İspaniya təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:2. İngiltərənin "Liverpul" klubu isə Portuqaliyada "Portu"nu darmadağın edib -1:5.