Konfrans Liqası: “Qarabağ” böyükhesablı qələbə ilə liderliyə yüksəldi

Konfrans Liqası: “Qarabağ” böyükhesablı qələbə ilə liderliyə yüksəldi

Ötən gün UEFA Konfrans Liqasının qrup mərhələsində ikinci turunun oyunları keçirilib. Ölkəmizin turnirdəki yeganə təmsilçisi "Qarabağ" səfərdə Kiprin “Omoniya” klubu ilə qarşılaşıb. Nikosiyada keçirilən oyunu FIFA referisi Bobbi Maddenin rəhbərliyi ilə Şotlandiyadan olan hakimlər briqadası idarə edib. Görüş komandamızın böyükhesablı qələbəsi ilə başa çatıb 1:4. Matçda hesabı  40-cı dəqiqədə Kipr təmsilçisinin futbolçusu Yan Letsyaks açıb. Oyunun ilk hissəsi bu hesabla başa çatıb. Görüşün 52-ci dəqiqəsində Ağdam klubunun heyətində Kadi Borges hesabı bərabərləşdirib. Görüşün 73-cü dəqiqəsində isə Ramil Şeydayev komandamızı hesabda irəli çıxarıb. Qarşılaşmanın 79-cu dəqiqəsində "Qarabağ" klubunun kapitanı Maksim Medvedev onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasının üçüncü topunu vurub. Oyunda yekun hesabı 90+4-cü dəqiqədə Kadi Borges məlum edib - 4:1.  
Beləliklə, "Qarabağ" ilk qələbəsini qazanaraq qrupda liderliyə yüksəlib.
Xatırladaq ki, “Qarabağ” birinci turda Bakıda “Bazel”, “Omoniya” isə Qazaxıstanda “Kayrat” ilə qolsuz heç-heçə edib. H qrupunun digər görüşündə “Bazel” komandası öz meydanında “Kayrat”ı 4:2 hesabı ilə məğlub edib.
Hazırda H qrupunda birinci pillədə aktivində 4 xalı olan "Qarabağ" klubu qərarlaşıb. İkinci pillədə onunla eyni xala malik olan "Bazel" klubu yer alıb. 2 oyundan sonra 1 xal toplayan "Kayrat" və "Omoniya" klubları müvafiq olaraq, üçüncü və dördüncü pillələri bölüşürlər.