“Qarabağ” bu gün pley-offa vəsiqəni vaxtından əvvəl təmin edə bilər

“Qarabağ” bu gün pley-offa vəsiqəni vaxtından əvvəl təmin edə bilər

Bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində 4-cü turun oyunlarına start veriləcək. Turnirdə H qrupunda yer alan Azərbaycanın “Qarabağ” klubu 4-cü tur çərçivəsində səfərdə Qazaxıstanın “Kayrat” klubunun qonağı olacaq. Almatıdakı “Ortalık” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Görüşü moldovalı FIFA referisi Dumitri Muntian idarə edəcək.
“Kayrat” ilə oyundan əvvəl Qurban Qurbanovun yetirmələrinin heyətində üç itki var. Bədavi Hüseynov və Xayme Romero zədəli olduqları, Qaspar Panadero zədəsi yeni sağaldığı üçün Qazaxıstana aparılmayıb. Bundan başqa, “Neftçi” ilə Premyer Liqanın IX tur matçından (4:0) sonra ayaq əzələsində problem aşkarlanan Abdullah Zubirin meydana çıxması sual altındadır. Almatı təmsilçisinin heyətində isə müdafiəçi Qafurjan Suyumbayev zədə səbəbindən matçı buraxacaq.
Hazırda qrup lideri ilə eyni – 7 xal toplayaraq, ikinci pillədə qərarlaşan “Qarabağ” bu turda pley-offa vəsiqəni vaxtından əvvəl təmin edə bilər. Bunun üçün “köhlən atlar” həm rəqibinə uduzmamalı, həm də qrupun digər görüşünün nəticəsini gözləməlidir.
Qeyd edək ki, UEFA Konfrans Liqasında qrupların liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları keçirəcəklər.