Lüis Hemilton San-Paulu Qran-prisinin qalibi oldu

Lüis Hemilton San-Paulu Qran-prisinin qalibi oldu

Braziliyada təşkil olunan Formula 1 üzrə San-Paulu Qran-prisinə yekun vurulub. 71 dövrəlik mübarizənin yekununda qalib adını "Mercedes"in pilotu Lüis Hemilton qazanıb. Britaniyalı sürücü yürüşə 10-cu mövqedən başlasa da, tezliklə ikinci, finişə doğru isə "Red Bull" pilotu Maks Ferstappeni keçərək, birinci yerə çıxıb. Üçüncü yeri onun komanda yoldaşı Valtteri Bottas tutub.

Finişin ardından Hemilton boksa gələrkən Braziliya bayrağını götürməkdən ötrü təhlükəsizlik kəmərini boşaldıb. Bu isə Beynəlxalq Avtomobil Federasiyasının əsasnaməsinin pozulması anlamına gəldiyindən, ona 5 min avro cərimə kəsilib. Mövsümün sonunadək qaydalara zidd yeni hərəkətlərə yol verəcəyi təqdirdə, 7 qat dünya çempionu daha 20 min avro cərimələnəcək.

Beləliklə, San-Paulu Qran-prisindən sonra xallarını 318,5-ə çatdıran Lüis Hemilton lider Maks Ferstappenlə fərqi 14 xala endirib. Bottas isə 203 xalla 3-cü sıradadır.

Konstruktorlar Kubokunda isə 521,5 xala malik "Mercedes" 1-ci, 510,5 xalı olan "Red Bull" 2-ci, 287,5 xal yığan "Ferrari" 3-cüdür.

Formula 1 üzrə növbəti Qran-pri noyabrın 19-21-də Qətərdə keçiriləcək.