İdman və ədalət prinsipləri

İdman və ədalət prinsipləri

MOBİL İSMAYILOV
 

İnsana xoşbəxtlik qapısını ədalət açır.
Platon


Sirr deyildir ki, etdiyimiz əməllər, gördüyümüz işlər ilahi bir ədalət tərəfindən izlənilir və hər kəs də bu ədalətin tərəzisindəki fərqə görə cavab verir. Gec-tez, amma bu, hökmən baş verir. Biz görməsək də, bilməsək də, zaman həmişə ədaləti bərpa edir. Bu, mütləqdir.

 

"Biz həmişə əxlaqi dəyərlərə söykənməliyik”


Həyatın bütün sferalarında oldugu kimi, idman dünyasında da belədir. Ona görə idman sahəsində də haqqın tapdalanması, hüquqların pozulması ilə bağlı neqativ hallar görəndə, susmaq olmaz. İçimizdəki ədalət hissi baş qaldırmasa, öz sözünü deməsə, xoşagəlməz hallar davam edəcək. Biz şüurumuzu, əxlaqımızı, baxışımızı ədalət prinsipləri üstündə kökləməliyik. Onda cəzalara, cərimələrə də ehtiyac qalmaz.
Ədalət normaları bir kateqoriya kimi heç vaxt zamandan, dövrdən asılı olmur. Əslində bu, normal haldır və belə də olmalıdır. Biz həmişə əxlaqi dəyərlərə söykənməliyik. Ədalət daim öz sözünü deməlidir. Ədalət şüurlara, evlərə, stadionlara, idman təşkilatlarına, federasiyalara daşınmalıdır. Yalnız bu halda idmana bağlılığı olan səlahiyyət sahibləri ədalətsizlik etməkdən çəkinəcəklər. Məsələn, danışılmış, nəticəsi şübhə doğuran oyunların da illər keçdikdən sonra üstü açılır. Xidməti araşdırmalar başlayır, hətta məsələ gedib məhkəmələrə qədər çıxır. Elə bu da ədalətin təntənəsidir.


 

"VAR sisteminin futbola daxil olması ədalət
prinsiplərinin qorunmasını

təmin edir”


FİFA-nın və UEFA-nın yüksək ranqlı məmurlarının fəaliyyəti barədə araşdırmaların aparılmasını götürək. Korrupsiya ilə bağlı iddiaların olması, dünya çempionatının keçirilməsində ev sahibliyinin Qətərə verilməsinə görə səsvermədə səslərin satılması və sair bu kimi halların kütləvi informasiya vasitələrinə yol tapması idman həvəskarlarının yəqin ki, yadındadır. Nəticə etibarı ilə yenə də ədalət öz sözünü dedi. Belə ki, irəli sürülən faktlar qismən təsdiqini tapdı.
Futbolda oyunçular bəzən vaxtı uzatmaq, yaxud cərimə zərbəsi qazanmaq üçün bilərəkdən yıxılır, özlərini guya zədə almış kimi göstərirlər. Belə hallarda hakimlər simulyasiyaya görə həmin futbolçulara haqlı olaraq sarı kart göstərirlər ki, bu da həm də ədalətin təzahürü kimi qiymətləndirilə bilər.

2014-cü ilin dünya çempionatında FİFA ilk dəfə olaraq yeni sistem tətbiq etdi. Belə ki, topun qapı xəttini keçib-keçməməsi ilə əlaqədar həmişə yaranan mübahisələrə birdəfəlik son qoyuldu. VAR sisteminin ilk cihazı olan, Almaniyada istehsal edilmiş "Gool kontrol-4D” aparatı topun qapıdan keçdiyini dəqiq qeydə aldığından heç kimdə şübhə yeri qalmırdı. Bu gün VAR sisteminin daha da təkmilləşərək, futbola daxil olması ədalət prinsiplərinin qorunmasını təmin edir.
Yeri gəlmişkən müasir dövrdə voleybol oyununda da mübahisəli vəziyyət yarandığı hallarda, məşqçilərin tələbi ilə istənilən epizodun təkrarına baxmaq mümkündür.



 

"Oyunda zədələnən futbolçuya təzminatın
ödənilməsi də ədalət prinsiplərinə uyğundur”


Son dövrlərdə ali futbol qurumlarının irqçiliyə qarşı gördüyü tədbirlər də müsbət dəyərləndirilməlidir. Stadionlarda və internet şəbəkələrində irqçi şüarların səsləndirilməsinə görə indi sərt qərarlar (böyük məbləğdə cərimələrdən tutmuş, klubun stadionunun bağlanmasına qədər - red) qəbul edilir. Bütün bunlar da ədalət normalarının pozulmasının qarşısının alınmasına xidmət edir.
2012-ci ildən başlayaraq FİFA milli komandada oynadığı vaxt zədələnən futbolçular üçün təzminat ödənilməsindən ötrü qərar qəbul etmişdir. Bu proses zədələnən futbolçuların klublarına sığorta pulu verilməsi yolu ilə həyata keçirilir. FİFA futbolçuların qazancını 365-ə bölərək onların gündəlik gəlirlərini müəyyənləşdirdikdən sonra zədəli olduğu günlər üçün ödəmə edir. Yoldaşlıq və ya rəsmi matçlardan asılı olmayaraq ödəmə bir il ərzində icra edilir. Bu qaydada təzminatın ödənilməsi də ədalət prinsiplərinə uyğundur.


 

"İdmançı yarışda
ata zədələr
vurduğuna görə cəzalandırıldı”


Belə də deyirlər ki, ədalət hərdən bərqərar olur. Görəsən, doğrudanmı belədir?

Aşağıda bir neçə nümunə gətirməklə bu sualın cavabını oxucuların öhdəsinə buraxıram.
1999-cu ildə güclü alman atçapanı Rene Tebbel atçılıq idmanının konkur növündə (maneələri dəf etmə) bir neçə iri miqyaslı və nüfuzlu yarışların qalibi olmuşdu. Buna baxmayaraq onu 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarında iştirak etmək üçün Almaniya yığma komandasının tərkibinə daxil etmədilər. İdmançı ata zədələr vurduğuna görə cəzalandırıldı. Tebbel Beynəlxalq atçapma idmanı federasiyası tərəfindən 2 min dollar cərimə edilərək yarışlardan kənarlaşdırıldı. Buna səbəb onun "Persi” ləqəbli atını incitməsi və işgəncəyə məruz qoyması olmuşdu. Belə ki, "Olimpiya ili”nin əvvəlində Ştutqartda keçirilən yarışda təkcə təşkilatçılar deyil, hakimlər və müşahidəçilər də gördülər ki, atın ayaqlarında dərin kəsilmiş yaralar və zədələr vardır. Mütəxəssislər yekdil olaraq belə qərara gəldilər ki, Rene Tebbel qəsdən maneələrin dəf edilmə anlarında atın ayaqlarının daha hündürə qalxmasından ötrü atına belə zədələr yetirmişdir. Beynəlxalq federasiyanın qərarı düzgün və ədalətli hesab olundu. Bununla kifayətlənməyən Almaniya heyvanları mühafizə cəmiyyəti idmançını "sadist” hesab etdi və təyin olunan cəzanı yüngül qiymətləndirərək ona daha ağır cəza verilməsi məsələsini qaldırdı. Göründüyü kimi, bu fakt məsələyə ədalətlə yanaşmanın ən yaxşı təzahürlərindən biridir.


2000-ci ildə qadınlar arasında fiqurlu konkisürmə yarışları üzrə Rusiya çempionatı sensasiyalı sonluqla başa çatdı. Dəfələrlə dünya və Avropa çempionu olmuş tanınmış idmançı Mariya Butırskaya heç kimin gözləmədiyi halda ölkə çempionu adını nisbətən az təcrübəli, elə də titulları olmayan İrina Slutskayaya verdi. Elə həmin gün də məlum oldu ki, yarışa start verilməsindən bir neçə saat əvvəl Butırskayanın şəxsi "BMW” markalı avtomaşını evinin qarşısında partladılmışdır. Mütəxəssislər Mariyanın məğlubiyyətinin səbəbini baş vermiş bu xoşagəlməz hadisə ilə əlaqələndirdilər. Mariya özü də bildirdi ki, şokdan ayılmamış buz üzərinə çıxmışdı. Onun tanınmış məşqçisi Yelena Çaykovskaya jurnalistlərə müsahibəsində qeyd etdi ki, görünür kriminal artıq fiqurlu konkisürmə idman növünə də "baş vurmuşdur”. Bu partlayış onu göstərir ki, kriminal ünsürlər bu idman növünün hətta dərinliklərinə də gedib çatıblar və artıq nəticələrə də təsir etməyi bacarırlar. Mariyanın uğursuzluğunu tam partlayış hadisəsi ilə bağlayan məşqçi ardıcıl müsahibələrində ciddi təşviş hissi keçirdiyini və çox təəssüfləndiyini deyirdi. Sonradan kütləvi informasiya vasitələrində İrinanın qələbəsinə kölgə salan yazılar getdi.

Nəhayət, hüquq-mühafizə orqanlarının apardıqları istintaq araşdırmalarından sonra bəlli oldu ki, həmin gün avtomaşının partladılması Mariyanın "Pleybol” jurnalinda fotomodel kimi çalışması, yəni şəxsi məsələ ilə bağlıdır və idmançı fəaliyyəti ilə heç bir səbəbli əlaqəsi yoxdur.
Layiqli qələbə qazanan İrina Slutskaya sonralar ölkə çempionu adını ardıcıl bir neçə il özündə saxlaması ilə yanaşı, eyni zamanda bir neçə dəfə dünya və Avropa çempionu olmağı da bacardı. Dalbadal iki olimpiadada qalib gəlməsi isə onun ən böyük uğuru oldu. Mariya Butırskaya isə 2003-cü ildə məşğul olduğu idman növündən ayrıldı.
Bu epizodda da ədalət prinsiplərinin yenə öndə olmasını sezmək heç də çətin deyildir.


 

Haqsızlıqla
barışmayan və özünü təsdiq edən
futbolçu


Müqavilə ilə "Qalatasaray” klubuna məxsus olan türk futbolçusu Ceyhun Eriş 1999-2002-ci illərdə icarəyə verilən komandalarda uğurlu oyun göstərirdi. Ancaq gənc, istedadlı futbolçu "Göztəpə” klubunda oynadığı dövrdə tibbi yoxlanışdan keçərkən gözlənilmədən ürəyində ritm pozğunluğu üzə çıxdı. Bu səbəbdən Ceyhun bəzi görüşlərdə yaxşı oyun sərgiləyir, bəzi oyunlarda isə özünə bənzəməyərək əvəzlənirdi. Bir qədər sonra keçirilən təkrar nəzarət yoxlaması da əvvəlki nəticəni təsdiq etdi. Bu məlumat məxsus olduğu komandaya çatan kimi, klubun rəhbərliyi futbolçu ilə yollarını ayırdı. Amma onun əlində sağlam olması barədə tibbi arayış var idi. 2003-cü ildə "Fənərbağça” komandasına keçəndə həmin arayışı kluba təqdim etdi. Eyni zamanda səhhətindəki narahatçılığı da gizlətmədi. Yeni klubunun rəhbərliyi dərhal futbolçunu "Acıbadəm” xəstəxanasına yerləşdirdi. Klubun göstərdiyi diqqət, həkimlərin qayğısı futbolçunun özünə inamını artırırdı. Qısa müddətli müalicədən sonra o, məşqlərə başladı. Ev-məşq, məşq-ev devizi ilə xüsusi rejimlə çalışan futbolçu tezliklə yaşıl meydanlara qayıtdı. Nəzarət testi onun sağlamlığının qaydasında olduğunu göstərdi. Beləliklə, idman formasını tam bərpa edən futbolçu komandasının heyətində Semihdən sonra ikinci ulduza çevrildi.
Sonradan Ceyhun Eriş belə hesab edirdi ki, istər "Qalatasaray”, istərsə də heyətində parladığı "Göztəpə” komandaları onunla ədalətsiz davrandılar. Ona qarşı normal münasibət göstərilmədən tələsik müqavilələri pozdular. Nəinki səhhəti ilə maraqlanan olmadı, adicə dəstək belə hiss etmədi.
Bu epizod da insan taleyinə ədalətli yanaşmanın parlaq təzahürüdür.



 

"Məsələnin
obyektiv həllini tərəflərin
vicdanına buraxırıq”


Dəfələrlə dünya çempionu olmuş rus biatlonçusu Maksim Çudov 2010-cu ildə Kanadanın Vankuver şəhərində keçirilən olimpiadada bürünc medal qazandıqdan sonra müsahibəsində bildirdi ki, 2006-cı ildə İtaliyanın Turin şəhərindəki olimpiada zamanı onun ətrafında qeyri-sağlam mühit yaradıldı və o, gərginliyə məruz qaldı. Hələ üstəlik estafet komanda yarışlarında milli komandaya daxil edilməsi üçün ondan pul istəmişdilər. İdmançı rüşvət tələb edənlərin adlarını çəkməsə də, bu sensasiyalı açıqlama böyük ajiotaj doğurdu. Turin olimpiadasında Çudov uğursuzluğa düçar olaraq, mükafatalayiq yer tuta bilməmişdi. Məşqçilər heyəti və federasiya rəsmiləri müsahibədə deyilən fikirləri tam inkar edərək biatlonçunun Turindəki uğursuzluğunu pərdələməkdən ötrü belə belə sözlər deməsini göstərdilər.
Rusiya biatlonçular ittifaqı bu məsələni araşdıraraq diqqəti çəkən bir bəyanatla çıxış etdi: "Tərəflərin fikirləri bir-birinə zidd olmaqla fərqlidir. İdmançı ondan rüşvət tələb edilməsinə dair məlumatı 4 ildən sonra bildirir. Hazırda ədalətli qərar qəbul etmək mümkün deyildir. Ölkə idmanının şərəfindən söhbət getdiyinə görə toplanmış materialların istintaq orqanlarına verilməsini də məqsədəuyğun hesab etmirik. Tərəflərin heç biri ədalətin bərpası, şərəf və ləyaqətin qorunması üçün məhkəməyə müraciət etmək istəmir. Ona görə də məsələnin obyektiv həllini tərəflərin vicdanına buraxırıq”.



 

Məscidi bağlanmaqdan xilas edən fədakar


2019-cu ilin dekabrında İspaniyanın "Sevilya” futbol klubunun oyunçusu Kanute şəhərdəki məscidi bağlanmaqdan xilas etdi. Torpaq vergisini və digər borcları ödəyə bilmədiyinə görə Sevilya şəhər rəhbərliyi qərara gəlmişdi ki, məscidi bağlasın. Müsəlman olan Kanute 700 min dollar ödəyərək məscidin bağlanmasının qarşısını aldı. Ən önəmlisi isə Kanutenin efirdən səsləndirdiyi fikirlər oldu: "Məscidin yerləşdiyi ərazinin torpağı satışa çıxarılmışdı. Bu yolla məsçidi bağlamaq istəyirdilər. Mən buna imkan vermədim. Atdığım bu addımı mənə görə futbolda qazandığım bütün titullardan üstün qiymətləndirirəm. Mənim gecə həyatım və başqa əyləncələrim yoxdur. İşim ancaq futbol oynamaqdır. Qazandığım pulları da halal zəhmətimlə əldə etmişəm. Məscidə görə ödədiyim pulların da hamısını yalnız futboldan əldə etdiyim gəlirlərdən ayırdım. Mən belə düşünürəm ki, burada xeyirxahlıqdan çox ədalətin qorunması həyata keçdi”.
Mən də hesab edirəm ki, futbolçunun bu hərəkəti sadəcə xeyriyyə işi deyil. Onun əməli daha çox ləyaqət, vicdan rəmzidir.


 

Almanların irqçi şüarlara
sərt
etirazı


2021-ci ilin iyulunda Tokio olimpiadası ərəfəsində Almaniya milli Olimpiya yiğması ilə Honduras komandası arasında keçirilən yoldaşlıq oyununda da xoşagəlməz hadisə baş verdi. Hesab 1:1 olarkən, oyunun bitməsinə az qalmış honduraslılar Almaniya yığmasının qara dərili futbolçusu Cordan Torunariqaya qarşı irqçi şüarlar səsləndirdilər. Buna etiraz olaraq bütün Almaniya komandası meydanı tərk etdi və bir daha stadiona qayıtmadı. Bununla da heyət komanda yoldaşına dəstək, həmrəylik göstərdi. Təbii ki, sonradan Honduras rəsmiləri, yığmanın üzvləri Almaniya komandasından üzr istədilər. Bundan başqa əlavə ciddi tədbirlər də görüldü.


 

Tennis dünyasında dopinqə qarşı münasibət


Sirr deyildir ki, bu gün dopinq preparatları idman dünyasına əməlli-başlı ayaq açıb. Belə vəziyyətin yaranması əslində halal-haram meyarlarının pozulmasına da gətirib çıxarmışdır. Təəssüf ki, bəzən çempionluq, adlar, yerlər, mükafatlar, titullar dopinqin "köməyi” sayəsində əldə edilir. İdmanda ən çox dopinq qəbul edilən idman növü tennis sayılır. Ehtimal olunur ki, bir çox məşhur tennisçilər turnirlərin keçirildiyi günlərdə dopinq qəbul edirlər. Peşəkar idmanda idmançıların bu işlə məşğul olmasını düşünmək belə az qala faciədir. Təəssüf ki, bu həqiqətdi. "Tennis düşünüldüyü qədər də təmiz deyil”, - deyə tanınmış raketka ustası Mark Vudvord etiraf etmişdi. Qeyd edək ki, avstraliyalı tennisçi dəfələrlə "Böyük dəbilqə” seriyasının qalibi olub. Bu xoşagəlməz söhbətlərə son qoymaq üçün xeyli vaxtdır ki, Avstraliyanın açıq çempionatlarında iştirak edən tennisçilərin qanından analiz götürürlər. Eyni zamanda vaxtı ilə dünyanın sayılan tennisçilərindən biri olan Andre Aqassi də idmançıların dopinqdən istifadə etməsini təsdiq edərək, analiz qaydasının tətbiq olunmasını zəruri hesab etmişdir. Lakin məşhur tennisçi Marat Safin bu fikirlərlə razı deyil: "Dopinq tennisin əsas problemi deyil. Bəzi idmançıların preparatlar qəbul etməsini hamısının ayağına yazmaq olmaz. Mən yerli-yersiz analiz verilməsi qaydalarını dəstəkləmirəm. Əgər təşkilatçı ölkələr açıq çempionatları "xəstəxanalara” çevirmək istəyirlərsə, bu, əlavə problemlər yaradacaq”. "Böyük dəbilqə”nin 20 qat qalibi, "tennis kralı” ləqəbli Roje Federer dopinq qalmaqallarından söhbət düşəndə deyir: "Mən şəxsən dopinq preparatları qəbul etmirəm. Amma başqalarını deyə bilmərəm. Analiz yoxlamalarını dəstəkləyirəm. Yalnız belə yoxlamaların vasitəsi ilə tennisçilərin qadağan olunmuş preparatlardan istifadə etmələrinin qarşısını almaq olar”. Müasir dövrdə Beynəlxalq Tennis Federasiyası, Peşəkar Tennisçilər Assosiasiyası dopinqdən istifadənin qarşısını almaqdan ötrü daha effektiv tədbirlər həyata keçirməyi nəzərdə tutmuşdur.
Əlbəttə, dopinq geniş bir mövzunun söhbətidir və bu məsələyə geniş yer ayrılmasına zərurət görmürəm. Amma hər bir halda dopinqin ən azından həm də ədalət prinsiplərinə zidd olmasını xüsusi vurğulamağı lazım bilirəm.



 

"Həyatda dürüst və ədalətli olmaq üçün hökmən
vicdanın səsinə qulaq asmaq

lazımdır”


Haqlı olaraq belə deyirlər ki, həyat - ən yaxşı müəllim və ən böyük məktəbdir. Həyatımıza daxil olmuş idmanda hər şey ədalətli olmalıdır. Ədalətsizliyə düçar olmuş insanlar kimi idmançılar da ən azı Allahın ədalətinə inanır. Əgər idmançı ədalətsizliyə məruz qalırsa, ruhdan düşməyə dəyməz. Onsuz da Allahın "ədalət” sifəti var. O mütləq zühur edəcək və haqq yerini tapacaqdır. Ən mükəmməl ədalət isə insanın öz vicdanıdır. Həyatda dürüst və ədalətli olmaq üçün hökmən vicdanın səsinə qulaq asmaq lazımdır. Bəzi insanlarda olduğu kimi elə idmançılarda da sanki ədalət hissi olmur. Onlar unudurlar ki, insanlığın meyarı ədalətdir.
Əsas məsələ təkcə özünü düşünmək deyil. Bu mənada Sietl paralimpiadasında baş vermiş bir hadisə çox ibrətamizdir.
... 9 əlil idmançı 100 metrlik məsafəyə qaçış üçün start xəttinə düzülmüşdü. Start verilən kimi hamı irəli atıldı. Nə qədər çətin olsa da, hər biri qalib gəlməkdə əzmli idilər. Yenicə başlamışdılar ki, idmançılardan biri büdrəyib yıxıldı və ağlamağa başladı. Qalan 8 idmançı oğlanın ağladığını eşitdi. Hamısı dayanıb arxaya baxdılar. Sonra geri qayıdıb oğlanın yanına gəldilər. Aralarında biri əyilib oğlanın üzündən öpdü və "bəlkə bu, kömək edər” - dedi. Daha sonra doqquzu da birlikdə qol-qola girib finiş xəttinə gəldilər. Stadionda hamı ayağa qalxıb onları alqışladı. Həmin günü orada olanlar hələ də bu hadisəni xatırlayırlar. Ona görə ki, bu həyatda əsas məsələ təkcə özünü yox, başqasını da düşünməyi bacarmaqdır.
Bu mənada daha bir təsirli hadisəni yada salmaq istəyirəm.
Elə bu il axırıncı Avropa çempionatında Danimarka yığmasının Finlandiyaya qarşı oyunu zamanı yerli futbolçu Eriksen qəflətən yerə yıxıldı və huşunu itirdi. Bütün stadion sükuta qərq oldu. Hamı çaşıb qaldı. Oyunda böyük fasilə yarandı. Xoşbəxtlikdən Eriksenin həyatını xilas etmək mümkün oldu. Stadionda diktor futbolçunun özünə gəlməsini və səhhətinin artıq təhlükəsiz olduğunu elan etdikdə, tribunadakı azarkeşlərin göz yaşlarını görməyi sözlə ifadə etmək çətin idi. Heç kim bu mənzərəyə biganə qalmamışdı. Hətta televiziya tamaşaçıları da... Hamı futbolçunun aqibətini düşünürdü. Oyun artıq unudulmuşdu. Avropa çempionatı bitənə qədər Eriksenin bu və ya digər formada xatırlanması davam etdi.
Viktor Hüqonun şərh etdiyimiz məsələlərə aidiyyəti olan müdrik bir fikri vardır: "Yaxşı görünmək, yaxşı insan kimi qəbul edilmək asandır. Ədalətli olmaq çətindir. Kamil insan üçün ən düzgün ədalət onun vicdanlı olmağıdır. Deməli, vicdanlı olmaq ən çətin işdir”.
Gəlin, bu dəyərli ifadəni çalışaq ki, hər birimiz heç vaxt yaddan çıxarmayaq.