Avropa Liqasında pley-offun cütləri müəyyənləşdi

Avropa Liqasında pley-offun cütləri müəyyənləşdi

Dekabrın 13-də İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında futbol üzrə UEFA Avropa Liqasının 2021-2022-ci il mövsümünün onaltıdabir final mərhələsinin püşkü atılıb. Qrup qaliblərinin birbaşa 1/8 finala yüksəldiyi Avropanın ikinci dərəcəli klub turnirində pley-offun 8 cütü müəyyənləşib. Bu mərhələdə 16 komanda çıxış edəcək. Qrupunda ikinci yeri tutanlar Çempionlar Liqasının qruplarında üçüncü yeri tutmuş komandalarla üz-üzə gələcək. Onaltıdabir final mərhələsində UEFA Avropa Liqasında eyni qrupda yer almış komandalar, həmçinin eyni ölkənin təmsilçiləri rəqib ola bilməzlər.
Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək. Pley-off mərhələsinin qalibləri səkkizdəbir finalda UEFA Avropa Liqasının qrup mərhələsində qruplarda birinci yerləri tutan səkkiz komanda ilə qarşılaşacaqlar. Qitənin ən nüfuzlu ikinci klub turnirinin final görüşü Sevilyadakı “Ramon Sançes Pisxuan” stadionunda oynanılacaq.

Püşkatmanın nəticələri aşağıdakı kimidir:
 
UEFA Avropa Liqası
 
Pley-off mərhələsi
 
“Sevilya” (İspaniya) - “Dinamo” (Xorvatiya)
“Atalanta” (İtaliya) - “Olimpiakos” (Yunanıstan)
“Leypsiq” (Almaniya) - “Real-Sosyedad” (İspaniya)
“Barselona” (İspaniya) - “Napoli” (İtaliya)
“Zenit” (Rusiya) - “Betis” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya) - “Reyncers” (Şotlandiya)
“Şerif” (Moldova) - “Braqa” (Portuqaliya)
“Porto” (Portuqaliya) - “Latsio” (İtaliya)