Azərbaycan Premyer Liqası: Bu gün XIV tura start veriləcək

Azərbaycan Premyer Liqası: Bu gün XIV tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turun oyunlarına start veriləcək. Günün birinci matçı Qəbələdə təşkil oluncaq. Əyalət təmsilçisi doğma meydanda “Neftçi” klubunu qəbul edəcək. Komandalar çempionatda 52 dəfə üz-üzə gəliblər. Bunların 16-da bölgə təmsilçisi, 24-də paytaxt klubu qələbəyə sevinib. On iki qarşılaşmada isə qalib müəyyənləşməyib.
Günün ikinci oyununda “Sumqayıt” klubu “Keşlə” ilə üz-zə gələcək. Bu oyuna qədər çempionatdakı əvvəlki 36 görüşün 16-da qonaqlar, 10-da isə meydan sahibləri qələbə qazanıblar. On qarşılaşmada qalib müəyyənləşməyib.
Tura dekabrın 16-da oynanılacaq “Səbail” – “Sabah” və “Qarabağ” – “Zirə” görüşləri ilə yekun vurulacaq.
Qeyd edək ki, 13 turdan sonra turnir cədvəlinə 30 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 25 xal olan “Qəbələ” ikinci, 22 xal olan “Zirə” üçüncü, bir xal az toplayan “Neftçi” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sabah” (14), “Sumqayıt” (12), “Keşlə” (11) və “Səbail” (10) yer alıblar.