2021-ci il Azərbaycan Gimnastika Federasiyası üçün bir sıra əlamətdar hadisələrlə yadda qalıb

2021-ci il Azərbaycan Gimnastika Federasiyası üçün bir sıra əlamətdar hadisələrlə yadda qalıb

Yola saldığımız 2021-ci il Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün bir sıra əlamətdar hadisələr və mühüm tədbirlərlə yadda qalıb. Nəhayət ki, bütün dünyada, eləcə də ölkəmizdə bir çox sahələrdə canlanma baş verib. Bir illik sərt karantin rejimindən sonra idman həyatımız qismən yenidən öz axarına qayıdıb, zallarda məşqlərə icazə verilib, eləcə də yerli və beynəlxalq yarışların təşkili bərpa edilib. Bu sahədə baş vermiş canlanma gimnastikada da özünü göstərib.

Ilin əvvəlində keçirilən federasiyanın hesabat-seçki xarakterli ümumi yığıncağında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva növbəti 5 il müddətinə yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Fəxr hissi ilə qeyd etmək lazımdır ki, Mehriban xanımın federasiyaya rəhbərlik etdiyi 19 illik dövr ərzində AGF nəinki ölkəmizdə, eləcə də beynəlxalq aləmdə ən nümunəvi idman təşkilatlarından birinə çevrilib. Bu sahədə hərtərəfli inkişafa üstünlük verilərək həyata keçirilən strategiya nəticəsində AGF 6 il ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlandırılan 10 milli federasiyanın reytinq siyahısında yer alıb və son illərdə bu siyahıya liderlik edib.

Ötən illərdəki ənənənin davamı olaraq, 2021-ci ildə Azərbaycan gimnastika növləri üzrə 5 dünya səviyyəli yarışa uğurla ev sahibliyi edib. Mötəbər yarışların təşkili, hamının səbirsizliklə gözlədiyi yarış əhvali-ruhiyyəsini, həyəcanını yenidən Milli Gimnastika Arenasına qaytarıb.

2020-ci ildə keçirilməsi planlaşdırılan, lakin pandemiya səbəbindən təxirə salınan bədii gimnastika üzrə dünya kuboku yarışlarının bu il baş tutması həm ölkə təmsilçilərinin, həm də xarici gimnastların sevincinə səbəb olub. Mayın 7-dən 9-dək Milli Gimnastika Arenasında keçirilən və Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan yarışda 35 ölkədən 150-dən çox gimnast fərqlənmək üçün mübarizə aparıb. Qrup komandamız gərgin mübarizədən medalsız ayrılmayıb. Qızlarımız 5 topla final çıxışına görə fəxri kürsünün üçüncü pilləsində yer almağı bacarıblar.

Planeti əhatə edən pandemiya hər bir sahədə olduğu kimi idman sahəsinə də təsirsiz ötüşməyib. Bu vəziyyət bütün dünyada ənənəvi şəraitdən tam fərqli üsulların, yeniliklərin tətbiqini zəruri edib. Yarışlar tamaşaçılar olmadan və sanitar-epidemioloji tələblərə uyğun olaraq təşkil olunub. Yerli Təşkilat Komitəsi tərəfindən bu sahədə bir sıra yeniliklər həyata keçirilib.

Diqqətçəkən məqamlardan biri də məhz Bakıda keçirilmiş bədii gimnastika üzrə dünya kuboku yarışlarında idmançılara medalların dronlarla təqdim edilməsi olub. Daha bir yenilik isə media ilə bağlı olub. Belə ki, jurnalistlər arenaya gəlmədən də onlayn qaydada istədikləri gimnastdan müsahibə almaq imkanı əldə ediblər.

Mayın 21-23-də Milli Gimnastika Arenası dünyanın müxtəlif ölkələrindən yeniyetmə və gənc aerobika gimnastlarını qonaq edib. Azərbaycanda ilk dəfə keçirilən aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışlarında 18 ölkədən təxminən 200 idmançı birincilik uğrunda mübarizə aparıb. Ölkəmizdə son dövrlərdə inkişaf etdirilməsinə baxmayaraq, gimnastika tariximizdə ilk dəfə olaraq bu miqyaslı yarışda 12-14 yaş qrupunda gimnastımız Məryəm Topçubaşova fərdi proqramda bürünc medal qazanıb.

Aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı paytaxtımızda eyni ayda keçirilən üçüncü beynəlxalq yarış olub. Ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi yarışda idmançılarımız dünya çempionu titulunu qazanmağa müvəffəq olublar. İyirmi iki ölkədən 166 idmançının iştirak etdiyi yarışda Avropa çempionu adını daşıyan aerodans komandamız bu dəfə də onlara bəslənilən inamı doğruldaraq fəxri kürsünün ilk pilləsinə yüksəlib.

İlin sonuna doğru, noyabrın 18-dən 21-dək Azərbaycan daha bir mötəbər yarışa - batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 35-ci dünya çempionatına ev sahibliyi edib. Ölkəmizdə bu növ üzrə daha əvvəl Avropa çempionatı və çoxsaylı dünya kuboku yarışları keçirilsə də, “küləklər şəhəri” havada pərvazlanan dünya ulduzlarını ilk dəfə belə bir irimiqyaslı yarışda toplayıb. Otuz üç ölkədən 250-dən çox gimnastın iştirak etdiyi yarış Avropa çempionu, dünya yaş qrupları yarışlarının qalibi olan təmsilçimiz Mixail Malkinin gümüş medal qazanması ilə yadda qalıb.

Bakıda ilk dəfə keçirilən batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 28-ci dünya yaş qrupları yarışları 2021-ci ildə ölkəmizdə təşkil edilən beşinci beynəlxalq turnir olub. Noyabrın 25-28-də 32 ölkədən 650 idmançının iştirakı ilə keçirilmiş dünya birinciliyində Azərbaycanı fərdi və sinxron batut, tamblinq və ikili mini-batut proqramı üzrə ümumilikdə 15 gimnast təmsil edib. Gərgin idman mübarizəsində ötən dünya yaş qrupları yarışlarının qalibi olmuş Maqsud Mahsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərini üstələyərək ikiqat dünya birincisi tituluna yiyələnib.

2021-ci il dünyada həm də Olimpiya ili kimi yadda qalıb. Məlum səbəbdən təxirə salınan “Tokio-2020” Yay Olimpiya Oyunlarında Azərbaycan 3 gimnastika növü üzrə 4 yarışda təmsil olunub. İdman gimnastikası üzrə yarışlarda ölkəmizi kişilər arasında İvan Tixonov, qadınların mübarizəsində isə gimnastika tariximizdə ilk dəfə olaraq Marina Nekrasova təmsil edib. Bədii gimnastika üzrə fərdi proqramda Yay Universiadasının ikiqat gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Zöhrə Ağamirova iştirak edib. On doqquz yaşlı Zöhrə Azərbaycan gimnastika tarixində Olimpiya Oyunlarında bədii gimnastika üzrə fərdi proqramda iştirak etmiş ilk azərbaycanlı gimnast olub. “Tokio-2020” Yay Olimpiya Oyunlarında Azərbaycan 13 ildən sonra yenidən qrup hərəkətləri proqramında mübarizə aparıb. Qrup komandası tərkibində Tokioda Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina və Nərminə Səmədova çıxış ediblər.

Bu il batut gimnastikası üzrə Avropa çempionatında da gənc və böyükyaşlı gimnastlarımızın çıxışları uğurlu olub. Belə ki, Soçidə baş tutmuş batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında yığmamızın üzvləri komandamızın hesabına 1 gümüş və 2 bürünc, tamblinq yarışlarında Hüseyn Əsədullayev, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov komanda hesabında bürünc medal əldə ediblər. Dünya yaş qrupları yarışlarının gümüş medalçıları Hüseyn Abbasov və Maqsud Mahsudov sinxron cütlüyü “dünya” üzrə nəticələrini təkrarlayaraq qitə birinciliyində də gümüş medala sahib çıxıblar. Daha bir medalı - “bürüncü” isə böyükyaşlı gimnastlar arasında tamblinq yarışlarında Mixail Malkin qazanıb.

Akrobatlarımız da Avropa çempionatında uğurla təmsil olunublar. İtaliyanın Pesaro şəhərində təşkil edilmiş Avropa yaş qrupları yarışlarında 12-19 yaşlılar arasında mübarizə aparmış Milana Əliyeva və Nizam Xamidulindən ibarət qarışıq cütlüyümüz qarışıq hərəkətlər proqramı üzrə final mərhələsində gümüş medala layiq görülüblər.

Yaş qrupları yarışlarının ardınca baş tutmuş Avropa çempionatında isə akrobatlarımız yığma komanda hesabına daha 3 medal əlavə ediblər. Qarışıq cütlük tərkibində çıxış edən Ağasif Rəhimov və Raziyə Seyidli komandamızın hesabına həm “gümüş”, həm də “bürünc” yazdırıblar. Gənclər arasında qadın qrupu tərkibində Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanova isə bürünc medala yiyələniblər.

Bu, qadın qrupumuzun 2021-ci ildə əldə etdiyi yeganə uğuru deyil. Belə ki, onlar İsveçrənin Cenevrə şəhərində keçirilmiş akrobatika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında da bürünc medal (12-19 yaş qrupu) qazanıblar.

Qeyd edək ki, 2021-ci ildə gimnastika növləri üzrə yığma komandalarımızın üzvləri beynəlxalq yarışlarda 17-si qızıl, 31-i gümüş və 36-sı bürünc olmaqla, ümumilikdə 84 medal qazanaraq ilə uğurla yekun vurublar. AGF-nin il ərzində qazanılan nəticələrə əsasən, açıqladığı reytinq siyahısında ilk üçlükdə müvafiq olaraq Mixail Malkin birinci, bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikinci, aerodans üzrə komanda isə üçüncü pillədə qərarlaşıb.

Çəkilən zəhmətin bəhrəsidir ki, idmançı karyeraları ərzində göstərdikləri nəticələrə görə Gənclər və İdman Nazirliyi tərəfindən 4 gimnastımız “Əməkdar idman ustası”, 9 gimnastımız isə “İdman ustası” adına layiq görülüb.

AGF hər zaman olduğu kimi bu il də məşqçilərin və idmançıların ixtisaslarının artırılmasını diqqətdə saxlayıb. AGF tərəfindən bu il ilk dəfə olaraq İsrail nümayəndələri ilə birgə keçirilən “Gələcəyə addım” adlı onlayn vebinar məşqçilər üçün səmərəli olub. 22 ölkə nümayəndəsinin iştirakı ilə 3 gün davam edən vebinarda aktual məsələlərə toxunulub, maraqlı mövzular ətrafında müzakirələr aparılıb. Bundan əlavə regionlarda gimnastikanın inkişafı, bu sahədə kütləviliyin təmin olunması hər il olduğu kimi, 2021-ci ildə də federasiyanın fəaliyyətinin əsas prioritet istiqamətini təşkil edib. İlboyu idmançılarımız üçün paytaxtla yanaşı, regionlarımızda fəaliyyət göstərən bölmələrdə peşəkarlar tərəfindən ustad dərsləri keçirilib.

Federasiyanın keçirdiyi silsilə tədbirlər siyahısında yer alan “Gimnastika hamı üçün” növünə həsr olunmuş vebinar, bu növ üzrə ilk milli onlayn festival, “Gimnastika hamı üçün” adlı fotomüsabiqə də gimnastika həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.

Yığma komandamızın mütəxəssisləri də səmərəli fəaliyyətləri ilə seçiliblər. Sevindirici haldır ki, gimnastika peşəkarlarımızın fəaliyyəti beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilib. Gimnastika tarixində ilk dəfə olaraq federasiyanın idman direktoru Natalya Bulanova FIG-nin bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü, yığma komandanın məşqçisi, Avropa çempionatının üçqat mükafatçısı, çoxsaylı beynəlxalq yarışların qalib və medalçısı Siyana Vasileva isə FİG-nin Atletlər Komissiyasının üzvü seçiliblər.

Bundan əlavə, gimnastika növləri üzrə ixtisaslaşmış beynəlxalq dərəcəli Azərbaycan hakimləri - Natalya Bulanova (bədii gimnastika), Rza Əliyev (kişi idman gimnastikası) və Adil Hüseynzadə (tamblinq) “Avropa Gimnastikası”nın fəxri hakimi” adına layiq görülüblər.

2021-ci ildə Milli Gimnastika Arenası beynəlxalq təlim-məşq toplanışları üçün yenidən digər ölkə nümayəndələri üçün öz qapılarını açıb. Bu il arenada yaradılmış şəraitdən Braziliya, İndoneziya, Kosta-Rika, Latviya, Çexiya, Bolqarıstan, Koreya Respublikası, Misir, Macarıstan, Qazaxıstan, Avstraliya, Özbəkistan və Malayziya nümayəndələri yararlanıblar.

Yeni il yeni başlanğıclar deməkdir. Hər kəs hər il dəyişən təqvimə böyük ümidlərlə baxır, qədəm qoyduqları ildə yüksək nailiyyətlər qazanmağı arzulayırlar.

Qarşıda gimnastikasevərləri də hər il olduğu kimi mühüm tədbirlərlə zəngin bir il gözləyir. İnanırıq ki, növbəti ildə də gimnastika ailəsinin üzvləri onlara bəslənilən etimadı doğruldacaqlar.