Futbolda nələr olmur ki...

Futbolda nələr olmur ki...



Milyonların sevimlisi olan futbol gah güldürür, gah da ağladır. Hakimlərin, futbolçuların, azarkeşlərin qeyri-adi hərəkətləri bu oyunu daha da maraqlı edir. Təqdim etdiyimiz bu yazıda oxucularımız futbol meydanlarında və buradan kənarda baş verən ən ağlasığmaz hadisələrlə tanış olacaqlar.

 

Qarrinça niyə axsayırdı?


Braziliya millisinin üzvü, məşhur futbolçu Qarrinçanın axsaq olduğunu hamı bilir. Qəzetlərdə yayılan məlumata görə, dahi futbolçunun bir ayağı digərindən 12 sm qısa imiş. Sən demə, onun axsamasının səbəbi bu deyilmiş. Belə ki, Qarriça sol ayağının baş və orta barmağı həkimlər tərəfindən kəsildiyi (ambutasiya olunduğu) üçün, o, axsayırmış. Bu hadisə onun karyerasının orta dövrlərində baş verib.


 

Cavab əvəzinə məşqçilər gəliblər


Danimarkanın Odense şəhərində ikinci divizion komandaları arasında keçirilən oyunda maraqlı hadisə baş verib. Yerli komandanın hücumçusunun zərbəsi o qədər qüvvətli olub ki, top qapı dirəyini sındırıb. Hakim bu vəziyyətdə hansı qərar qəbul edəcəyini bilmədiyi üçün qaydalar kitabına baxıb. Lakin qaydalarda bu hadisəyə aydınlıq gətirəcək xüsusi bənd tapmayan ədalət təmsilçisi oyunu saxlayıb və ölkənin Futbol Federasiyasına sorğu göndərib. Sorğunun nəticəsi gözlənilməz olub: yüksək divizionda çıxış edən 5 komandanın baş məşqçisi dərhal Odenseyə gələrək, güclü zərbəsi olan futbolçu ilə maraqlanıblar. Federasiyadan isə heç bir cavab gəlməyib.


 

Qapı dirəyi başla sındırıldı
 

Bu hadisə 1980-ci ildə Rumıniyanın Şimişoarel şəhərində yerli "Politexnik” və Braziliyanın "Atletiko” komandalarının qarşılaşmasında baş verib. "Sambaçılar”dan biri yüksək sürətlə rəqibin cərimə meydançasına daxil olub və qapıçı ilə təkbətək çıxıb. "Politexnik” in qapıçısı braziliyalı hücumçunun ayaqları altına atılaraq topu tutmağa cəhd edib. Özünü itirən futbolçunun başı qapı dirəyinə çırpılıb. Zərbəyə dözməyən dirək ortadan sınıb. Hakim oyunu saxlamalı olub və bu müddət ərzində stadionun işçiləri onu yenisi ilə əvəzləyiblər. Maraqlıdır ki, başı ilə dirəyə çırpılan hücumçu heç nə olmayıbmış kimi oyuna davam edib.

 

Hindistanlı hakimlərin
xilaskarı


Futbol hakimlərinin azarkeşlər tərəfindən döyülməsinin tez-tez şahidi oluruq. Adətən, fanatların hücumuna məruz qalan ədalət təmsilçilərini stadiondan polislər çıxarırlar. Hindistanın Madras ştatında isə bu iş heç kimin ağlına gəlməyən bir üsulla həyata keçirilir. Bu ştatda keçirilən oyunlarda qalmaqal baş verən zaman meydançaya polisin əvəzinə fil çıxır. Xüsusi təlim keçmiş nəhəng heyvan hakimi xortumu ilə qaldırır və təhlükəsiz bir yerə aparır.


 

Ən gülünc qol


1973-cü ildə "Sparta” (Potterdam, Hollandiya) ilə "Barselona” (İspaniya) qarşılaşmasında holland müdafiəçinin vurduğu qol məhz belə adlanır. Öz qapıları qarşısında topa qüvvətli zərbə vuran müdafiəçi onu havaya qaldırıb. Güclü külək topu havada parçalayıb və "Barsa”- nın qapı xəttindən içəri salıb. Qarşılaşmanın hakimi Fores göstəriş verib ki, topu dəyişdirsinlər. və "Barselona” futboçularının etirazına baxmayaraq, qolu qeydə alıb.

 

İstedadlı ispanlar
 

Futbol üzrə ispaniya millisinin üzvü Xesus Manuel Devota ( 1964-1968-ci illərdə futbolçu kimi çıxış edib ) avarçəkmə üzrə ikiqat Olimpiya çempionu idi. Maraqlıdır ki İspaniya millisinin digər üzvü Mesa Lusido isə 1969-cu ildə Moskvada keçirilən mahnı müsabiqəsində Barselona şəhərinin simfonik orkestrinin tərkibində musiqiçi kimi çıxış edib. Amma Moskva şəhəri futbolçu - musiqiçi üçün faciəli sonluqla başa çatıb. Belə ki, o, Moskva Universitetinin binasını gəzərkən təsadüfən açıq qalmış liftin şaxtasına düşüb və ayağı sınıb.

 

"Üzü gülməyən”  milli komanda


Botsvananın futbol üzrə milli komandası 28 il heç bir beynəlxalq qarşılaşmada qələbə əldə etməyib. Bu illər ərzində yığmaya 50-dən artıq məşqçi cəlb olunsa da, komandanın "üzü gülməyib”

 

Futbolun qurbanları
 

Komandasının məğlubiyyətinə görə infarkt keçirərək dünyasını dəyişənlər yetərincədir. Stadionlarda 220 dəfə bu cür hadisə qeydə alınıb. Almaniyalı mütəxəssislərin hesablamalarına görə, son 25 ildə qarşılaşmaları izləyənlər (televizorda və ya stadionlarda) arasında təqribən 40 min nəfər adam infarktdan ölüb.

 

"Xottabıç” əsəri necə yazılıb?
 

1931-ci il may ayının 3-də Simferopol (Ukrayna) şəhərində yerli "Kolos” və Moskvanın OİK (Ordu İdman Klubu) komandaları arasında keçirilən oyun sonralar maraqlı bir əsərin yaranmasına səbəb olub. "Kolos”ların (komanda üzvlərini belə adlandırırdılar) məğlub olacağı əvvəldən məlum idi. Hamı bilirdi ki, moskvalıların güclü oyunu qarşısında yerli komanda heç nə edə bilməyəcək. Amma bu qarşılaşmada gözlənilməz nəticə qeydə alınıb. "Kolos” elə ilk dəqiqələrdən OİK-in qapısına top vurub. Oyun zamanı moskvalı futbolçuların bir-birinin ardınca halı pisləşib. Onlar meydançada anlaşılmaz bir vəziyyətə düşüblər. Elə vəziyyət yaranıb ki, hakim matçı yarımçıq saxlamalı olub. Hətta qonaq komandanın üzvlərindən biri qarşılaşmadan iki gün sonra dünyasını dəyişib. Bu hadisə polisi stadionda nə baş verdiyini araşdırmağa məcbur edib. Məlum olub ki, "Kolos”un Muxtaquliyev soyadlı müdafiəçisi yaxınlıqdakı Proxladnoye kəndində yaşayan cadugər qarını tribunada yerləşdirib. Muxtaquliyevdən pul alan cadugər moskvalı futbolçulara hipnoz vasitəsi ilə təsir göstərib. Sən demə, qonaqların qarmaqarışıq oyunu, onların bir-birinin ardınca sıradan çıxması məhz hipnoza görə imiş. Ağlasığmaz hiyləyə əl atan Muxtaquliyev həbs edilib. Cadugər qarı isə istintaqa cəlb olunmayıb. Deyilənlərə görə, məşhur yazıçı uşaqlar üçün qələmə aldığı "Xottabiç” əsərinin mövzusunu məhz həmin oyundan götürüb.

 

"Dumanlı Albion” da hər zaman duman olur
 

İngiltərədə qış fəslində keçirilən futbol yarışları hakimlər üçün də əziyyətdən başqa bir şey deyil. "Dumanlı Albion” da meydançanın, eləcə də tribunaların dumana bürünməsi bəzən maraqlı, gülməli vəziyyətlər yaradır. Dumanda keçirilən oyunların birindən sonra hücumçu Corc Odtsın dediyi sözlər isə insanı heyrətə salır. "Dəqiq bilirəm ki, oyunda 5 top vurdum. Amma hansı qapıya vurduğumu xatırlamıram”, - deyə Corc bildirib. Ən maraqlısı isə odur ki, həmin qarşılaşma heç-heçə ( 3:3 ) başa çatıb və matçdan sonra məlum olub ki, hər komandada 18 futbolçu çıxış edirmiş.