Milli idman oyunlarımız milli dəyərlərimizdir

Milli idman oyunlarımız milli dəyərlərimizdir


İbtidai insanların formalaşmasında oyunlar əvəzedilməz rol oynayıb. İbtidai insanlar formalaşdıqca, onların oyunları da mürəkkəbləşib. Tarix boyu Azərbaycanın xalq oyunları müəyyən qanunauyğunluqlar əsasında inkişaf edib. Hələ qədim zamanlarda Azərbaycanda xalq oyunları sağlamlığın möhkəmləndirilməsinə, işgüzarlığın artırılmasına, hərbi hazırlığa xidmət etmişdir. Düşmən üzərində qələbə çalmaq üçün pəhləvanlardan dözümlü, iradəli, sağlam, güclü olmaq tələb edilirdi. Yeniyetmələrin sağlam, gümrah böyüməsi üçün onların idmanla məşğul olmaları vacib idi. Azərbaycanda cəngavərlik, igidlik, pəhləvanlıq, atçapma, qılıncoynatma, güləş, oxatma yarışlarının tarixi çox qədim dövrlərə gedib çıxır.

Milli idman oyunlarımız əsrlər boyu nəsillərdən nəsillərə keçmiş, inkişaf etmiş, xalqın məişəti ilə bağlı xüsusiyyətləri, adətlərini özündə birləşdirərək zənginləşmişdir. Dərin kökləri ilə keçmişimizə bağlı olan xalq oyunlarımız bayramlarımızın bəzəyidir. Belə oyunlar xalqın təfəkkür tərzini, istək və arzularını özündə əks etdirir. Qədim yazılı mənbələrə əsaslanıb deyə bilərik ki, Azərbaycanda qədim zamanlardan çevik fiziki hərəkətlərlə zəngin olan idman oyunları ilə məşğul olublar. Bu mənbələrdə çoxlu tamaşaçı cəlb edən oyunlardan kəndirbazlıq, çovqan və digərlərinin adı çəkilir. Dirədöymə, ənzəli, dədə boyu, artırma, bənövşə, bəndə düşə və digər oyunlar bu gün də bayramlarımıza yaraşıq verir, onları daha maraqlı edir.

Tarixi mədəniyyətimizin tərkib hissəsi olan Novruz milli bayramlarımız arasında ən geniş miqyasda qeyd edilən bayramdır. Hər il martın 21-22-də keçirilən bu bayram əsrlər boyu xalqımızın həyatında xüsusi yer tutub. Bəzi xalqlarda indiyə qədər yeni il yazın gəldiyi gündən hesablanır və yeni ilin ilk günü bayram kimi qeyd olunur. Novruz bayramı günü uşaq və gənclər bir sıra oyunlarla məşğul olublar ki, bu oyunları da həmin dövr üçün idman yarışları hesab etmək olar. Gizlənpaç (gizlən qaç), oğru-oğru, qoz- qoz, çovqan, kəndirbazlıq və bir çox oyunlarımız Novruz bayramı zamanı oynanılarmış. Bu oyunların içərisində ən populyarı Azərbaycanın milli atüstü oyun növlərindən olan çovqan və yaxud çövkən yarışları eramızın birinci minilliyinin ortalarında formalaşıb.

Çovqan yarışlarının Azərbaycanda qədimdən məşhur olduğu barədə bir sıra faktlar var. Arxeoloji qazıntılar zamanı tapılan qab üzərində çovqan oyununun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir. Dahi Nizaminin "Xosrov və Şirin" əsərindən, "Kitadi-Dədə Qorqud" boylarından məlum olur ki, Azərbaycanda çovqanın tarixi VI-VII əsrlərə və bəlkə ondan da qabaqlara gedib çıxır. Yazılı mənbələrimizdə bu oyunun keçirilmə qaydaları barədə verilən məlumatlar, Azərbaycan miniatürlərində çovqanın dönə-dönə təsvir edilməsi bir daha sübut edir ki, bu oyun xalqımıza məxsus milli oyunlardan biridir. Şərqdə təşəkkül tapmış digər idman növləri kimi, çovqanın da, dünyanın daha uzaq regionlarında yayılması və inkişaf etdirilməsində ingilislərin böyük rolu olub. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş və yeni qaydalar əsasında Amerika və Avropa ölkələrinə yayılmışdır. İngilislərin təşəbbüsü ilə bu oyun "polo" adı ilə ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmişdir.
Orta əsrlərdə bu oyun Azərbaycan, Orta Asiya, İran, Türkiyə, İraq və qonşu ölkələrdə yayılaraq məşhur olub. Bir sıra mənbələrdə Bağdadda orta şərq ölkələrinin atçaparları arasında ilk beynəlxalq yarışların keçirildiyi göstərilir.
Çovqan oyununun keçirildiyi meydança düzbucaqlı şəklindədir, uzunluğu 250 m-dən 90 m-ə qədər, eni isə 120 m-dən 60 m-ə qədər olur.
Gənclər adi futbol meydançasından da istifadə edə bilərlər.
Çovqan oyunu başlanmazdan qabaq hakim oyunçuların geyimini, atların ləvazimatlarını yoxlayır. Yarışda iştirak edən oyunçular boğazlı çəkmə, adi şalvar, arxalıq və tüklü papaq geyinirlər. Oyunda iki komanda iştirak edir. Hər bir komandanın tərkibi 5-6 nəfər əsas və bir nəfər ehtiyat oyunçudan ibarət olur. Komandanın kapitanı oyunçunu əvəz etmək istədikdə çovqanın əyri ucunu, atı dəyişmək üçün əl tutan tərəfini, 1 dəqiqə fasilə istədikdə isə çovqanın tən ortasından tutaraq, şaquli vəziyyətdə saxlayıb yuxarıya qaldırır. Oyunçu atı ilə birgə dəyişdirildikdə kapitan çovqanın əyri hissəsini başı üstünə qaldırıb, 360 dərəcə hərləyir. Top oyundan çıxan zaman oyunçu və atı dəyişmək məqsədilə bir dəqiqəlik tənəffüs götürmək olar. Əsas oyunçu yenidən oyuna qayıdarkən onu əvəz etmiş ehtiyat oyunçunun durduğu yerdə oynamalıdır. Oyun zamanı oyunçuya bədbəxt hadisə üz vermişsə və komandada onu əvəz edən oyunçu yoxdursa, komandanın kapitanının xahişinə görə hakim oyunu 4-5 dəqiqə saxlamağa borcludur. Bu müddət ərzində zədə almış at, yaxudı oyunçu oyuna qayıtmazsa, komanda məğlub olunmuş hesab edilir.
Çovqan oyunu yaşlılar üçün 30 dəqiqə (15+15), gənclər üçün isə 24 dəqiqə (12+12) davam edir. Oyunun birinci yarısından sonra 10 dəqiqəlik fasilə verilir. Qalib komandanı müəyyən etmək lazım gəldikdə isə yaşlılara tənəffüssüz 10, gənclərə isə 8 dəqiqə əlavə vaxt ayrılır. Əlavə vaxt müddətində oyun heç-heçə qurtararsa, onda oyun başqa vaxta keçirilir.
Çovqan başlanmazdan əvvəl cəngi çalınır, oyunçular çovqanı yuxarıda tutub meydançaya daxil olurlar. Topa ilk zərbə vurmazdan əvvəl onlar "Q" şəkilli xətt üzərində durub bir-birlərini salamlayırlar. İlk zərbə vurulan zaman rəqib komanda topdan 10 m uzaqda durmalıdır. Top mərkəzi dairədən çıxan zaman oyun başlayır.
Topa başlanğıc zərbəni vuran oyunçu dairədən çıxan topa ikinci zərbəni də vurursa, o zaman qarşı tərəfin komandası sərbəst top vurur. Oyunun hər bir müvəqqəti fasiləsindən sonra əgər top bir neçə oyunçunun çovqanı altında olduğundan zərbə vurmaq mümkün deyilsə, o zaman hakim "mübahisəli top" təyin edir; mübahisə baş verən yerdə topu çovqana qoyub havaya atır. Çovqanla topa havada zərbə vurulursa, düzgün hesab olunur, yerdə zərbə vurulursa, bu qəbul edilmir və "mübahisəli top" hakim tərəfindən yenidən təkrar olunur. İstər yerlə, istərsə də hava ilə top tamamilə qapı və yan xəttdən çıxdıqda, yaxud künc dirəklərinə və meydançadan kənar xətt hakimlərinə dəyib yenidən meydançaya qayıtdıqda oyundankənar vəziyyət yaranır. Əgər atların qabaq ayaqları hücum xəttini keçməyibsə, çovqanla havada xətti keçib, topu qapıya vurmaq və yaxud yoldaşa ötürmək olar.
Çovqanla topu 10 saniyədən artıq aparan oyunçunun komandasına cərimə təyin edilir. Oyun zamanı çovqan sağ və sol ələ ötürülə bilər. Topa zərbə vurulan zaman çovqan oyunçunun əlindən düşərsə, oyunçu atdan düşməmək şərtilə onu yerdən qaldırmalıdır.
Oyun qurtardıqdan sonra oyunçular yenə də mərkəzi xətdən 10 m aralıda "Q" şəkilli xətti üzərində dayanıb, çovqanlarını yuxarı qaldıraraq bir-birlərini "ura" səsləri ilə salamlayırlar. Əvvəlçə məğlub komanda meydanı tərk edir. Qaliblər meydanı tərk etməzdən qabaq zurna sədaları altında çovqanlarını yuxarı qaldıraraq, şərəf dövrəsi vururlar.
Tarixi faktlara əsaslanaraq deyə bilərik ki, Azərbaycanda kişilərlə yanaşı, qadınlar da atüstü idman oyunlarına böyük maraq göstəriblər. 1514-cü ildə məşhur Çaldıran döyüşündə Şah İsmayıl Xətaini məğlub etmiş Sultan I Səlim həlak olmuş qızılbaşların içərisində qadınları görəndə çox təəccüblənmişdi. O, bu döyüşçüləri əsil qəhrəmanlara layiq təmtəraqla dəfn etməyi əmr etmişdi. Ağa Məhəmməd Şah Qacarın anası Ceyran xanım atüstü oyunların mahir ustası olmuşdur. Tarixdən o da məlumdur ki, Şah İsmayıl Xətainin arvadları Taclı və Bəhruzə xanım da məşhur Çaldıran döyüşündə adi geyimdə digər döyüşçülər kimi düşmənlə mübarizə aparmış, qəhrəmanlıqla həlak olmuşlar.
Atüstü mili idman oyunlarımızdan ən geniş yayılanlardan biri də cıdırdır. Bu oyunda qüvvəsni sınayan çaparlar finişə birinci çatmaq uğrunda mübarizə aparırlar. Sürpapaq oyunu da maraqlı komanda oyun növlərindən biridir. Burada yarışan oyunçular papaq uğrunda yarışırlar aparırlar. Burada məqsəd top-papağı qapı dairəsindən keçirməkdir. Yarışlar zamanı oyunçular cəmi üç dəfə atdan düşə bilərlər. Bu oyun bir qədər basketbolu da xatırladır. Gərdəkqaçırma da at üstündə oynanılan maraqlı oyunlardandır. Bu oyun, əsasən, toy günü keçirilir. Oğlan evindən xələt almaq məqsədilə qız evinin adamları gərdəyi öz qohum-əqrəbalarına verirlər. Gərdəyi ələ keçirmək üçün gərgin mübarizə başlayır. Yaylıq oyunu da gərdəkqaçırmaya oxşayır. Yarışlar zamanı qabaqcadan müəyyən edilmiş yerlərə yaylıqlar qoyulur. Oyun iştirakçılarının hər biri böyük cəldlik nümayiş etdirməli və atı çaparaq yaylıqları götürməlidir. Bu oyunun müxtəlif qaydaları da var. Oyunçu müəyyən hündürlükdən atılmış yaylığı yerə düşməmiş ya ov tüfəngi ilə vurur, ya da xəncər və yaxud qılıncla kəsir. Piyalə və ox oyunu da çox maraqlı atüstü milli oyunlarımızdandır. Bu oyunun da müxtəlif variantları mövcuddur. Oyun zamanı xüsusi dirəyin üzərinə piyalə qoyulur və idmançı atı çaparaq və ya yorğa sürətlə sürərək onu oxla vurmalıdır. Atüstü oyunlardan biri də papaq oyunudur. Papaq oyunu zamanı oyunçu müəyyən vaxt ərzində papağı başında saxlamaqla yanaşı, həm də rəqib komandadan iki papaq götürməlidir. Maraqlı oyunlardan biri də güc sınağı oyunudur. Oyunun qaydalarına görə atlı atı çaparaq, qoyun və keçini yerdən götürüb yəhərə qaldırmalıdır. Bu oyunların da müxtəlif qaydaları mövcuddur. Qədim atüstü yarışlarımızdan biri baharbənddir. Bu oyun yazda keçirildiyi üçün belə adlanır. Baharbənd oyununda iştirak edən çaparlar mahir at çapan olmalıdırlar. Çünki oyunun qaydalarına görə, yarış iştirakçıları bəndlərdə at sürməlidirlər. Deyilənlərə görə, müəyyən vaxtlarda bəndlərdə at sürmək çox çətin olur. Nizə adlanan atüstü oyunlarda da oyunçulardan əsil qəhrəmanlıq tələb olunur. Oyun zamanı iki komanda üz-üzə durur və hər oyunçu əlindəki nizəni rəqib komandanın üzvlərinə atır. Rəqib tərəfindən atılan nizələr göydə tutulmalıdır. Bu oyunların da keçirilmə qaydaları müxtəlifdir.

At üstündə idman oyunlarından biri də at üstündə zorxana oyunlarıdır. At üstündə zorxana oyunları çox qədim tarixə malik idman oyunlarıdır. Oyunların qaydalarına görə, idmançılar at üzərində güləşməlidirlər. Pəhləvanlar rəqiblərini atdan salmaq üçün müxtəlif fəndlər işlədirdilər. Bu oyun barədə dastanlarımızda geniş məlumatlara rast gəlmək olar. At üstündə keçirilən zorxana oyunlarında iştirak edən pəhləvanlar yüksək fiziki hazırlığa olmalı, texniki və taktiki cəhətdən peşəkar olmalı idilər. Oyun iştirakçıları peşəkar güləşçi, güclü pəhləvan olmaqla yanaşı, həm də mahir çapar kimi yüksək keyfiyyətlərə yiyələnməli idilər. Oyun zamanı at belindən yerə salınan güləşçi 3 saniyə ərzində ata minirsə, o, məğlub sayılmır.

Ümumiyyətlə, Azərbaycanda pəhləvanlığın çox qədim və özünəməxsus ənənələri var. Qədim dövrlərdə adlı-sanlı pəhləvanlar meydana mil oynada-oynada çıxardılar. Onlar bu hərəkətləri ilə özlərinə tərəf-müqabil, qənim axtarardılar. Kəndlərdə zorxana meydanlarını çöl-çəmən əvəz edirdi. Bayram və el şənliklərində kənd cavanları qurşaq tutardılar. Zorxanada zurnaçı dəstəsi cəngi çalardı. Gücsınama, kəndirdartma, guşt tutmaq, daş oynatmaq, buğa boynu əymək, kəndirbazlıq xalq mərasimlərinin, meydan tamaşalarının tərkib hissəsi kimi bu gün də öz formasını qoruyub saxlayıb.

Azər Əlizadə