Şevçenko istefaya göndərildi

Şevçenko istefaya göndərildi

İtaliyanın “Cenoa” klubu baş məşqçisi Andrey Şevçenkonu istefaya göndərib. Mövsümün gedişində bu vəzifəyə gətirilən ukraynalı komandanı cəmi 11 oyuna çıxarıb. Bu müddətdə genuyalılar yalnız 1 qələbə qazanıblar. 45 yaşlı mütəxəssisin bu uğuru da kubokun “Salernitana” ilə matçında təsadüf edib – 1:0.
“Cenoa”nın baş direktoru Yohannes Şpors Andrey Şevçenkonun komandanın baş məşqçisi vəzifəsindən azad edilməsi ilə bağlı qərarı şərh edib. O, bununla bağlı deyib: “Şevçenko ilə çox danışdıq, aramızda ünsiyyət problem olmadı. Təəssüf ki, “Cenoa”nın oyununda heç bir irəliləyiş yox idi və nəticə də gəlmədi. Nə vaxtsa başa düşdük ki, “Fiorentina” ilə oynamaq üçün gücümüz çatmayacaq. Beləliklə, tez bir qərar verdik, bu, çox vaxt gec qərardan daha yaxşıdır. Biz Andrey ilə dürüst və açıq idik".
Qeyd edək ki, “Cenoa” A seriyasının turnir cədvəlində 20 komanda arasında 19-cudur.