Taekvondo üzrə Rusiya açıq çempionatı başa çatıb

Taekvondo üzrə Rusiya açıq çempionatı başa çatıb


Rusiyanın Çelyabinsk şəhərində Dünya Taekvondo Federasiyasının (DTF) G-1 kateqoriyalı 3-cü beynəlxalq turniri olan Rusiyanın açıq çempionatı başa çatıb. Yarışda taekvondoçularımız 2 gümüş və 1 bürünc medal qazanıblar.
Milli komandanın baş məşqçisi, əməkdar məşqçi Ələkbər İmaməliyevin rəhbərliyi ilə turnirə qatılan idmançılardan Samir Cavadlı (-58 kq) rusiyalı rəqibləri Nikita İvaşın, Ten Li En, İlya Poskotinovu məğlub edərək finala yüksəlib. Finalda idmançımız digər rusiya təmsilçisi Zanat İskakova məğlub olaraq yarışı gümüş medalla başa vurub. Ceyhun Həsənli
(-87 kq) ilk görüşdə Serqey Avaçevlə döyüşdən qalib ayrılıb.Rusiya idmançısı İvan Bukonovu da məğlub edən taekvondoçumuz finala vəsiqəni təmin edib. Final qarşılaşmasında Özbəkistan təmsilçisi Jasur Baykuziyevə məğlub olan Ceyhun Həsənli gümüş medal əldə edib. Komandamızın üzvü Samir Aydınov (-54 kq) isə Sultan Sanzar (Qazaxıstan) və Aleksandr Lastovkanı (Rusiya) məğlub edərək yarımfinala vəsiqə qazanıb. Lakin finala vəsiqə uğrunda döyüşdə Qazaxıstan təmsilçisi Salamat Baibatrova məğlub olan idmançımız bürünc medalla kifayətlənib.