Veteran futbolçu Telman Salahovun 85 illik yubileyinə həsr olunmuş mini futbol turniri keçirilib

Veteran futbolçu Telman Salahovun 85 illik yubileyinə həsr olunmuş mini futbol turniri keçirilib

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Kapital Bank” Arena stadionunda “Tərəqqi” medalçısı, “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, Veteran futbolçu Telman Salahovun 85 illik yubileyinə həsr edilmiş mini futbol üzrə 2013-2014-cü illər təvəllüdlü yeniyetmələr arasında şəhər turniri keçirilib. Tədbirin bağlanış mərasimində şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov və yetirməsi, milli yığma komandanın məşqçisi Arif Əsədov çıxış edib. Onlar yarış iştirakçılarını və qonaqları salamlayaraq, Telman Salahovun futbolun təbliği və inkişafında xidmətlərindən danışıb, onlarla idmançının üzə çıxarılmasında və yetişdirilməsində müstəsna əməyi olduğunu qeyd ediblər.  
Telman Salahovun ailə üzvləri turnirin təşkili və keçirilməsinə yaxından köməklik göstərdiyinə görə hər bir kəsə, həmçinin yarışa qatılmış komandalara öz dərin minnətdarlığını bildiriblər.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinin komandası birinci, “Uğur” və “Sumqayıt” futbol klublarının komandaları isə müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən medal, fəxri fərman, kubok və hədiyyələrlə təltif olunub.