Mahir Emrelinin “Dinamo Zaqreb”ə transferi rəsmiləşdi

Mahir Emrelinin “Dinamo Zaqreb”ə transferi rəsmiləşdi

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo Zaqreb” klubuna transfer olunub. 25 yaşlı futbolçu bu məqsədlə Zaqrebə yollanıb. O, yeni komandasında tibbi müayinədən keçdikdən sonra 4,5 illik müqaviləyə imza atıb.

Artıq klub bununla bağlı təqdimat videosu yayaraq, "Yenidən xoş gəldin" yazıb. Videodan belə məlum olur ki, Emreli “Dinamo”da 11 nömrəli formanı geyinəcək. Polşanın “Legiya” klubu isə onunla müqavilənin qarşılıqlı razılıq əsasında pozulduğunu açıqlayıb.

25 yaşlı hücumçunun Zaqreb təmsilçisinə keçidi 1 milyon avroya gerçəkləşib. Lakin Xorvatiya klubu bu transfer üçün pul ödəməyəcək. Belə ki, Polşa klubunun “Dinamo”ya borcu qalıb. Lirim Kastratini 1,2 milyon avroya transfer edən “Legiya” zaqreblilərə cəmi 200 min ödəyib. Vəsaitin digər hissəsinin əvəzində isə Emrelinin transferi reallaşıb.

Qeyd edək ki, “Dinamo Zaqreb” klubu Xorvatiyanın ən titullu klubu sayılır. “Göylər” 22 dəfə ölkə çempionu, 16 dəfə kubokun sahibi olub. Paytaxt təmsilçisi bu mövsüm avrokuboklarda mübarizəyə UEFA Çempionlar Liqasından başlayıb və III təsnifat mərhələsində Mahir Emrelinin sabiq klubu Polşanın “Legiya” komandasını iki oyunun yekununda üstələməyi bacarıb - 1:1, 1:0. Lakin pley-off mərhələsində Moldovanın “Şerif” klubu “Dinamo”nu 3:0, 0:0 hesablarla yenib. Nəticədə Xorvatiya klubu mübarizəni UEFA Avropa Liqasının qrup mərhələsində davam etdirib. Bu turnirdə isə H qrupunda 10 xalla 2-ci yeri tutan kollektiv səkkizdəbir finalda İspaniyanın “Sevilya” klubuna rəqib olub. “Dinamo” ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.