Batutçumuz dünya kuboku yarışında gümüş medal qazanıb

Batutçumuz dünya kuboku yarışında gümüş medal qazanıb

Fevralın 12-13-də paytaxtımızda batut gimnastikası üzrə Dünya kuboku yarışları keçirilib. 13 ölkədən 52 idmançının iştirakı ilə təşkil edilən yarışlar təmsilçimiz Selcan Mahsudovanın tarixi gümüş medalı ilə yadda qalıb.  Təsnifat mərhələsini özünəinamlı çıxışı ilə başa vuran Selcan Mahsudova finalda hakimlərdən 52.780 xal toplayaraq gümüş medala sahib çıxıb.

Qeyd edək ki, bu medal Azərbaycanın batut gimnastikası tarixində qadınlar arasında fərdi növdə qazanılan ilk medaldır.  
Qadınlar arasında fərdi növlərdə ilk pillədə Rusiya təmsilçisi İrina Kundius (53.900 xal) qərarlaşıb. İtaliya təmsilçisi Giorgia Giampieri (51.820 xal) isə bürünc medal qazanıb.
Fərdi kişi gimnastların mübarizəsində Belarus təmsilçisi, Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi  İvan Litvinoviç (61.850 xal)  bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. Onun komanda yoldaşı Andrey Buylov (60.800 xal) isə fəxri kürsünün ikinci pilləsində qərarlaşıb. Qazaxıstan idmançısı Dannil Mussabəyov (58.890 xal) bürünc medalla kifayətlənib.
Qadınlar arasında Rusiya təmsilçisi Meri Qolota, kişilər arasında isə Belarus təmsilçisi İvan Litvinoviç icra üzrə ən yüksək xal toplayaraq “AGF Trophy” kubokuna sahib çıxıblar.
Qadınlar arasında sinxron batut proqramı üzrə Türkiyə-1 komandası 44.140 xalla 1-ci, isveçrəli cütlük 42.030 xalla 2-ci, Rusiya-2 komandası isə 32.790 xalla üçüncü pillədə qərarlaşıb.   
Kişilər arasında sinxron batut proqramı üzrə Belarus-2 komandası 52.810 xalla 1-ci, Rusiya-1 komandası 50.820 xalla ikinci, Portuqaliya komandası isə 49.960 xalla 3-cü olub.
Budəfəki yarışlarda batut gimnastikası tarixində ilk dəfə olaraq İran və Hindistan komandalarının iştirak etməsi beynəlxalq mütəxəssislər tərəfindən bu növün inkişafı istiqamətindəki uğurlu addımlardan biri kimi dəyərləndirilib.
Dünya kuboku həm də onunla yadda qalıb ki, paytaxtımıza təşrif buyuran idmançılar yarışlarda Beynəlxalq Gimnastika Federasiyasının növbəti Olimpiya dövründəki yeni qaydalarını sınaqdan keçiriblər.
Qeyd edək ki, batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə Dünya Kuboku Bakıda artıq beşinci dəfədir ki, təşkil olunur.  
Qeyd edək ki, ölkəmizdə pandemiya dövründə təşkil edilmiş digər yarışlar kimi bu çempionat da Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq icazəsi ilə baş tutub.
Bu yarışda da karantin qaydalarına riayət olunması, insanlar arasında ünsiyyətin maksimum azaldılması, eləcə də Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qayda və tövsiyələrinə əməl olunması məqsədilə Yerli Təşkilat Komitəsi tərəfindən bir sıra addımlar atılıb.