Azərbaycan Kubokunun bütün yarımfinalçıları müəyyənləşib

Azərbaycan Kubokunun bütün yarımfinalçıları müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. İlk oyun günündə cəmi bir görüş təşkil olunub. Günün yeganə matçında “Qarabağ” “Keşlə”nin qonağı olub. İlk oyunda 1:0 hesablı qələbə qazanan Ağdam klubu cavab qarşılaşmasında rəqibini darmadağın edib - 6:0. Matçda hesabı 9-cu dəqiqədə Patrik Andrade açıb. Kabo-verdeli yarımmüdafiəçi qüvvətli zərbə ilə baxımlı qola imza atıb. Cəmi 8 dəqiqə sonra İbrahima Vadji paytaxt təmsilçisini növbəti dəfə meydanın mərkəzinə dəvət edib. 43-cü dəqiqədə Ramil Şeydayev hesab arasındakı fərqi 3 topa çatdırıb. 2 dəqiqə sonra isə Vadji dublunu rəsmiləşdirib. Oyunda növbəti qol 78-ci dəqiqədə vurulub. Matçda son nöqtəni isə R.Şeydayev qoyub. 84-cü dəqiqədə fərqlənən hücumçu yekun hesabı müəyyənləşdirib.
Beləliklə, iki oyunun nəticəsinə əsasən, “Qarabağ” adını yarımfinala yazdırıb.
1/4 final mərhələsinin digər oyununda “Neftçi” “Sabah”ın qonağı olub. Masazırdakı “Bank Respublika Arena”da oynanılan qarşılaşma “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesabı meydan sahibləri açıblar. 41-ci dəqiqədə Xuan Kamara fərqlənib. İlk hissə bu hesabla bitib. İkinci yarıda “Neftçi” rəqibin səhvlərindən istifadə edərək ardıcıl iki qol vurub. 61-ci dəqiqədə kapitan Emin Mahmudov, bir dəqiqə sonra isə Roman Maçado “Sabah”ı mərkəzə dəvət edib. 31 yaşlı braziliyalı hücumçu 68-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
İlk matç 1:1 hesabı ilə bitdiyi üçün “Neftçi” yarımfinala adlayıb.
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab görüşü keçirilib. “Qəbələ” dogma meydanda “Sumqayıt”la qarşılaşıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Matdçda ilk qolu meydan sahibləri vurublar. 18-ci dəqiqədə İsnik Alimi adını tabloya yazdırıb. Qonaqların bərabərlik qoluna isə yeni transfer Araz Abdullayev imza atıb. 82-ci dəqiqədə penaltidən fərqlənən 30 yaşlı yarımmüdafiəçi Azərbaycana qayıdışını qolla qeyd edib.
İlk oyunda 1:0 hesablı qələbə qazanmış “Qəbələ” doğma meydandakı heç-heçədən sonra yarımfinala adlayıb.
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin sonuncu cavab oyunu “Zirə” və “Səbail” komandaları arasında təşkil olunub. Bununla da yarımfinalın bütün iştirakçıları müəyənləşib. “ASCO Arena”dakı qarşılaşma “qartallar”ın inamlı qələbəsi ilə başa çatıb - 3:1. Görüşdə hesabı 7-ci dəqiqədə meydan sahibləri açıblar. Ruslan Hacıyev uzaq məsafədən baxımlı qola imza atıb. 21-ci dəqiqədə Ağabala Ramazanov tarazlığı bərpa edib. 39-cu dəqiqədə Təmkin Xəlilzadə penaltidən fərqlənməklə qonaqları önə keçirib. Oyunda son nöqtəni isə Coşqun Diniyev qoyub. Azərbaycan millisinin yarımmüdafiəçisi 73-cü dəqiqədə əla zərbə ilə yekun hesabı müəyyənləşdirib.
Beləliklə, ilk görüşdə 4:0 hesablı qələbə qazanmış “Zirə” iki oyunun nəticəsinə əsasən, adını yarımfinala yazdırıb. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda finala gedən yolda “Neftçi” ilə qarşılaşacaq. Digər yarımfinal cütündə isə “Qəbələ” və “Qarabağ” komandaları üz-üzə gələcəklər. İlk oyunlar aprelin 20-də, cavab matçları isə aprelin 29-da təşkil olunacaq.

Azərbaycan Kubokunun bütün yarımfinalçıları müəyyənləşib Azərbaycan Kubokunun bütün yarımfinalçıları müəyyənləşib