Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən Yekaterina Ryabova qadın fiqurlu konkisürənlərin fərdi yarışlarının final mərhələsində sərbəst proqramda çıxış edib.
Təmsilçimiz sərbəst proqramda 2-ci qrupda mübarizə aparıb. Hakimlər onun çıxışını 118,15 xalla qiymətləndiriblər. Yekaterina Ryabova fevralın 15-də qadın idmançıların qısa proqramında 61,82 xal qazanmışdı. Beləliklə, atletimiz Pekin-2022-dəki mübarizəsini 179,97 xalla başa çatdırıb. İdmançımız bu nəicə ilə yarışı 15-ci sırada başa vurub.
Yarışın qalibi adını isə iki proqramın cəmində 255,95 xal toplayan Rusiya Olimpiya Komitəsinin (ROK) təmsilçisi Anna Şerbakova qazanıb. İkinci yeri Rusiya Olimpiya Komitəsinin digər idmançısı Aleksandra Trusova (251,73 xal), üçüncü yeri isə yaponiyalı Kaori Sakamoto (233,13 xal) tutub. Digər ROK təmsilçisi Kamila Valiyeva isə 224,09 xalla 4-cü olub.
Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yerə sahib çıxıb.
Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.