Mahir Emrelinin komandası Avropa Liqasında mübarizəni dayandırdı

Mahir Emrelinin komandası Avropa Liqasında mübarizəni dayandırdı

Futbol üzrə UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin oyunlarına yekun vurulub. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiyada İspaniyanın "Sevilya" klubu ilə qarşılaşıb. Görüş Zaqreb təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyuna ehtiyatda başlayan Emreli 62-ci dəqiqədə Bruno Petkoviçin yerinə meydana daxil olub. Qol da məhz 25 yaşlı forvardın meydana çıxmasından sonra vurulub. Matçın 65-ci dəqiqəsində Mislav Orşiç penaltidən fərqlənib. Qələbəyə baxmayaraq, ilk görüşdə 1:3 hesabı ilə uduzan "Dinamo" mübarizəni dayandırıb. "Sevilya" isə 1/8 finala finala yüksəlib.

Gecənin maraqla gözlənilən oyunlarından biri İtaliyada oynanılıb. İspaniyanın “Barselona” klubu səfərdə “Napoli” ilə qarşılaşıb. Görüş Kataloniya təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Barselona” klubu iki oyunun nəticəsinə görə 5:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Gecənin digər maraqla gözlənilən oyununda isə "Reyncers" Şotlandiyada Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Nəticədə meydan sahibləri ilk görüşdəki 4:2 hesablı qələbə sayəsində səkkizdəbir finala vəsiqə qazanıb.
 

Mərhələnin bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

"Dinamo" (Zaqreb, Xorvatiya) - Sevilya" (İspaniya) - 1:0 (ilk oyun - 1:3);

"Olimpiakos" (Yunanıstan) - "Atalanta" (İtaliya) - 0:3 (1:2);

"Real Sosyedad" (İspaniya) - "Leyptsiq" (Almaniya) - 1:3 (2:2);

"Latsio" (İtaliya) - "Portu" (Portuqaliya) - 2:2 (1:2);

"Napoli" (İtaliya) - "Barselona" (İspaniya) - 2:4 (1:1);

"Reyncers" (Şotlandiya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:2 (4:2);

"Real Betis" (İspaniya) - "Zenit" (Rusiya) - 0:0 (3:2).