Bakıda keçirilən akrobatika gimnastikası yarışlarının açılış mərasimi olub

Bakıda keçirilən akrobatika gimnastikası yarışlarının açılış mərasimi olub

Martın 3-də Bakıda akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarının təntənəli açılış mərasimi olub.

Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə iştirakçı ölkələrin paradından sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra hakim, məşqçi və gimnastların andiçməsi olub. İdmançıların adından Azərbaycan gimnastı Mənsumə Məmmədzadə and içib.
Mərasimdə Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcra Komitəsinin üzvü Youssef Al-Tabbaa iştirak ediblər.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva yarış iştirakçılarını salamlayaraq ənənəvi idman növlərindən olan akrobatika üzrə 12-ci dünya yaş qrupları yarışlarının Azərbaycanda ilk dəfə təşkilinin sevindirici hal olduğunu bildirib. O, yarışların ölkəmizdə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə keçirilən “İdman həftəsi”nə təsadüf etməsini xoş hal kimi dəyərləndirib.
FIG-nin İcra Komitəsinin üzvü idmançıları salamlayaraq onlara uğurlar arzulayıb. O, yarışların yüksək səviyyəli təşkilində zəhməti olan Yerli Təşkilat Komitəsinə və bütün könüllülərə təşəkkürünü bildirib.
Qeyd edək ki, akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışları martın 6-dək Milli Gimnastika Arenasında keçiriləcək.
Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.
Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi, qadın və qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayırlar.
Azərbaycanı yarışda 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.