Azərbaycan Premyer Liqası: “Neftçi”dən əzmkar qələbə

Azərbaycan Premyer Liqası: “Neftçi”dən əzmkar qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun oyunları keçirilib. Günün ilk matçında “Səbail” klubu “Keşlə”ni qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Keşlə”nin qollarını 17-ci dəqiqədə Pərviz Azadov, 21-ci dəqiqədə Rəhman Hacıyev, 90+5-ci dəqiqədə isə Turan Vəlizadə vurub. “Dənizçilər”in əsas futbolçularından hesab edilən Yurgen Qoca zədələndiyi üçün oyunu sonadək davam edə bilməyib. 30 yaşlı müdafiəçi epizodların birində rəqib qapıçı Stanislav Namaşko ilə toqquşub. Albaniyalı oyunçu tibbi müayinədən sonra oyuna qayıtsa da, sonradan görüşü davam etdirə bilməyib və Məhəmməd Mirzəbəyovla əvəzlənib.
Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran “Keşlə” 6-cı sırada qalıb. “Səbail” isə 11 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.
Turun növbəti görüşündə “Sabah” və “Qarabağ” komandaları üz-üzə gəlib. “Bank Respublika Arena”da keçirilən oyunu baş hakim Fərid Hacıyev idarə edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 0:1. Yeganə topu oyunun 30-cu dəqiqəsində Abdullah Zubir vurub.
Bu görüşdən sonra Ağdam təmsilçisi xallarının sayını 43-ə çatdıraraq liderliyini bir qədər də möhkəmləndirib. Sabah isə 23 xalla beşinci pillədə yer alır.
Turun növbəti oyunu “Bakcell Arenada” təşkil olunub. Oyunda “Neftçi” klubu “Sumqayıt”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Görüşdə hesabı 17-ci dəqiqədə Emin Mahmudov açıb. “Gənclik şəhəri” təmsilçisi 24-cü dəqiqədə Rəhim Sadıxovun qolu ilə hesabı bərabərləşdirib. Oyunda son nöqtəni də Emin Mahmudov qoyub. Matçın 82-ci dəqiqəsində penaltidən fərqlənən 30 yaşlı yarımmüdafiəçi komandasına qələbə qazandırıb.
Qarşılaşmanın 84-cü dəqiqəsində qonaqların heyətində R.Sadıxov zədələnərək meydanı tərk edib.
Bu nəticədən sonra xallarını 34-ə çatdıran “ağ-qaralar” 3-cü pilləyə yüksəlib. “Sumqayıt” isə 13 xalla yeddincidir.