Futbol ulduzları qalereyasından...

Futbol ulduzları qalereyasından...

MOBİL İSMAYILOV


Futbol ulduzlarının əksəriyyəti barədə filmlər, kitablar mövcuddur. Bu filmlərdə, kitablarda onlar haqqında zəngin məlumatlar vardır. Ətraflı məlumatlar əldə etmək istəyənlər internetə baş vura bilərlər. Amma təqdim etdiyim yazıda mənim deyəcəklərim yəqin ki, orada yoxdur. Bu baxımdan düşünürəm ki, yanaşmalarım və şəxsi mülahizələrim hər bir halda maraq doğuracaqdır.


 

Futbol
piramidası


Futbol piramidası da var. Futbolun əfsanələri üst mərtəbədədirlər. Sonra o biri mərtəbələr gəlir. Ulduz futbolçular bu mərtəbələrə paylanır. Bu mərtəbələr bir-biri ilə sıx surətdə bağlıdır. Yəni, biri olmasa, digəri də olmaz. Bu piramidada mərtəbələrin yerini ədalətsizliyə yol verib qeyri-obyektiv şəkildə dəyişmək olmaz. Piramidanı çevirmək də mümkün deyildir. Əks halda aşağı səviyyəli futbol görərik...
Mənim özümün də “qurduğum” piramida var. Bu piramidada da kimsə yuxarıdadır, kimsə də aşağıda... Bir var ulduz futbolçular, bir var super ulduzlar, bir də var əsl fenomenlər, yəni , dahi futbolçular. Dahi, super ulduz futbolçulara əfsanəvi futbolçular da deyirlər. Əlbəttə, belə bir bölgü şərti, nisbi məna daşıyır. Dahi futbolçular tərəddüdsüz, birmənalı hamı tərəfindən qəbul olunanlardır. Ulduz futbolçulara yanaşmada isə fərqli mütəxəssis, azarkeş fikirləri də ola bilər. Dahi, əfsanəvi futbolçuları digər futbol ulduzlarından fərqləndirən əsas amil budur ki, onların pik həddə çatdıqları, zirvələri fəth etdikləri zaman heç bir zəif cəhətləri olmur. Futbolçu kimi ideal görünürlər.
Fenomen dahi futbolçular, super ulduzlar əvvəlki yazılarımda yer alıb. Bu dəfə futbol ulduzlarından söz açacağam. Özü də mənim qalereyama daxil olan ulduzlardan...


 

Öz janrı olan
futbolçular


Futbol ulduzları da dünya səviyyəsində tanınan futbolçulardır. Belə futbolçuların öz janrı olur. Əslində ulduz futbolçular da Hollivud ulduzlarına bənzəyir. Sevilənləri də var, heyranediciləri də var, tam qəbul edilməyənləri də. Amma hər bir halda onlar əsl ulduzlardır: parlaq və müəmmalı, təbəssümlü və ya qaraqabaq, sərt, iddialı və ya təvazökar...
Vaxtı ilə futbolu teatra bənzədirdilər. Daha doğrusu, söhbət 60-70-ci illərdən gedir. Hər iki peşə sahibində - aktyor və futbolçuda oxşarlıq var idi. Yəni, hesab edirdilər ki, hər ikisi tamaşaçılar qarşısında həm imtahan, həm də hesabat verirlər. Hazırlıqları da təxminən eyni cür qiymətləndirilirdi. Bu, o vaxtlar idi ki, insanlar axşamdan başlayaraq növbədə durub bilet alardılar. Çünki futbol günü bilet tapılmazdı. Sonradan zaman dəyişdi. İndi sosial şəbəkələrdə şəkil çəkdirmək dövrüdür...



 

Elə isə, gəlin, əvvəlcə
keçmişə qayıdaq,
görək nə var
oralarda...


Azərbaycanda futbolsevərlər Anatoli Banişevskini futbolumuzun simvolu hesab edirdilər. Yaşlı nəslin təsəvvüründə Banişevski o illərin futbol əfsanəsi kimi canlanır. Qısa müddət ərzində möhtəşəm oyun tərzi ona inanılmaz şöhrət gətirdi. Banişevski bir çox ulduz futbolçuların illərlə vaxt sərf edərək qalxdığı zirvəni cəmi iki ilə fəth etmişdi. Yadımdadır, hamı onun növbəti oyununu səbirsizliklə gözləyirdi. Ulduz kimi parlayandan sonra özünə həddən artıq güvənmə, arxayınçılıq, idman formasına etinasızlıq və məşqlərə qatılmamaq hərdən ona baha başa gəlirdi. Ustalığına o qədər arxayın idi ki, müdafiəçiləri həmişə olduğu kimi çaş-baş salacağına və qol vuracağına əminlik yaranırdı. Bu da hərdən onun oyun stabilliyinə təsir edirdi. Buna görə də nadir hallarda, necə deyərlər, yola verdiyi oyunlar da olurdu. Ancaq hətta futbol dahilərinin də hərdən yola verdikləri oyunlar olub. Bəli, nə etmək olar, bu, belə olub, bu futboldur... Banişevskinin elə oyunları olurdu ki, müdafiəçilər sanki tilsimlənirdilər. Sanki ayaqları bağlanan müdafiəçilər belə anlarda çox çarəsiz görünürdülər. Gözəl futbol xatirələrini özündə birləşdirən Banişevski hamının sevimlisi olub. Onu yaxından bir dəfə - “ İnturist” mehmanxanasında görmüşdüm.

Yeri gəlmişkən, sovet futbolunun əfsanələri Voronin və Streltsov da intensiv məşqlərə qatılmayıblar. Ya da sadəcə məşqlərə gəlmələri ilə görüntü yaradıblar. Eləcə də bərk siqaret çəkən olan Mişel Platini karyerasının son illərində, ümumiyyətlə, məşqlərdən yayınıb. Maraqlıdır ki, ən yaxşı formasında olan illərdə belə, siqaret onun əla oyun tərzinə təsir etməyib. Məşhur sovet futbolçuları Lev Yaşin, Valentin İvanov da möhkəm siqaret çəkən olublar. Əfsanəvi Corc Best isə...Söhbətin nədən gedəcəyini futbolsevərlər duydu yəqin. Ona görə də fikrimin davamını gətirmirəm...
Sonradan Kiprdə tanış olduğum Qutsayevin meydanda rəqib komandanın oyunçularını sanki hipnoz edən qeyri-adi baxışları var idi. Maraqlı tərzdə hər yana, yaxud bir səmtə ötəri, elə-belə anicə baxardı. Bir anlıq nəzərlərdən sonra qəflətən sanki sıxılmış yay kimi açılardı. Hələ bu baxışlardan “ayılmayan” rəqib futbolçular çaşıb qalardılar. O illərdə bir dəfə “Sovetskiy sport” yazmışdı: “Qutsayevin oxşarı yoxdur. O, heç kimə oxşamır. Digərləri bir-birinə bənzəyir. O isə yox.” Əlbəttə, bəlkə də redaksiyaya bir “gürcü” təsiri də olub o vaxt yəqin.
SSRİ dövründə futbolda “ulduz” anlayışına yer verilmirdi. Bununla belə sovet futbolunda da özünü təsdiq etmiş futbolçular var idi. Kiyevin “Dinamo” komandasında xoşladığım futbolçuları indi də xatırlayıram. Serebryannikov, Bloxin, Bessonov, Demyanenko belələrindəndir.
Rəğbət bəslədiyim braziliyalılar isə üstünlük təşkil edirdi. Onlar çoxdur, ona görə də sadalamağa ehtiyac duymuram. Uzun illər təkrarsız Maradona ilə birlikdə oynamış Klaudio Kaniccanı da çox bəyənirdim.


 

Adlarını futbol
tarixinə həkk
etdirənlər


Elə ulduz futbolçular var ki, illər keçsə də, unudulmaz olaraq qalırlar. Belələrinin qarşısına mən üstəgəl işarəsi qoyuram. Futbol həvəskarlarına yaxşı tanış olan Matteusdan başlamaq istəyirəm. Geniş diapazonlu, hərtərəfli futbolçu keyfiyyətlərinə malik olan bu almanı çox bəyənirdim. “Yuventus”da oynamış Edqar Davids mübarizliyi, cəldliyi, sürəti, döyüşkənliyi, matçın sonuna qədər yorulmayan Karles Puyolla eyni tərzli futbolçu olub. Fərqli mövqelərdə - Puyol müdafiədə, Davids isə yarımmüdafiə xəttində oynayıblar. Hər ikisi meydanda cəngavər kimi təsir bağışlayıblar.

Milli təəssübkeşlik, millətinin tarixin yaddaşında möhkəmləndirilməsi, vətənpərvərlik baxımından katalon futbolçular Puyol və Pike öz vətənlərində daha çox sevilirlər. Onlar millətçi olduqlarını heç vaxt gizlətməyiblər. Məhz, bu səbəbdən ispanlar onları xoşlamırlar.
“Bavariya”nın və Almaniya yığmasının yarımmüdafiəçisi Mixael Ballak həmişə yaxşı plemeyker hesab olunub. Zeedorf “Real”da oynadığı vaxtlar özünəməxsus oyun stili ilə seçilirdi. Xarici görünüşü, cəldliyi, qaçış tərzi, meydanın hər yerində olması Davidsi xatırladırdı. Zeedorfun ən yaxşı illəri sonradan “Milan”a təsadüf etdi. Frenk Lempardı da dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri hesab edirəm.
Ümumiyyətlə, əzmkar, mübariz futbolçular həmişə yadda qalır və azarkeşlər onları sevirlər. Çexiyalı Pavel Nedved də belələrindən olub. “Yuventus”da onun xidmətləri danılmazdır. Futbol həvəskarları, mütəxəssislər onu ekstraordinar oyunçu kimi yüksək qiymətləndirirdilər. Bir göz qırpımında onu gah müdafiədə, gah da hücumda görmək olurdu. Özü də 90 dəqiqə ərzində eyni tempdə oynayırdı. Nedved həm də ən yaxşı “dirijorlardan” sayılırdı. Aktiv oyunu da onun “dirijorluğunu” tamamlayırdı. Qüvvətli alınan cərimə zərbələrini də ustalıqla yerinə yetirirdi.


(ardı var)