DÇ-2022: ehtiyat, iddia, risk və məqsəd

DÇ-2022: ehtiyat, iddia, risk və məqsəd


 

Baş məşqçilər püşkatmanı özünəməxsus dəyərləndirdilər


Bu ilin maraqla gözlənilən ən böyük idman hadisəsi heç şübhəsiz ki, Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatıdır. 32 komandanın iştirakı ilə 27 gün (21 noyabr-18 dekabr) davam edəcək çempionat bir sıra futbolsevərlərə yeniliklər vəd edir. Bu yeniliklərdən biri tarixdə ilk dəfə DÇ-nin payız-qış ərəfəsində təşkil olunmasıdır.
Artıq qruplar üzrə hansı komandaların hansı rəqiblərlə üz-üzə gələcəyi məlumdur. Qeyd edək ki, B qrupunda Ukraynadakı müharibə səbəbindən bu yığma komandanın təsnifat oyunu hələ də keçirilməyib. Uels millisi Ukrayna-Şotlandiya görüşünün qalibini gözləyir. Görüşlərin keçirilmə tarixi hələ ki, müəyyənləşməyib. D qrupunda Peru, Avstraliya və BƏƏ qitələrarası təsnifat matçının qalibinin adına hələ də aydınlıq gəlməyib. E qrupunda ya Kosta-Rika, ya da Yeni Zelandiya Qətərə yollanmaq imkanı əldə edəcək. D və E qrupundakı görüşlər iyun ayında təşkil olunacaq. Cütün müqəddəratını cəmi bir görüş həll edəcək ki, matçların hamısı Dohada keçiriləcək.
Qətər-2022-nin final mərhələsinin püşkatma mərasimindən sonra iştirakçı komandaların baş məşqçiləri maraqlı fikirlər səsləndiriblər. “Olimpiya dünyası” qəzeti həmin fikirləri oxuculara təqdim edir.




 

“Bura qədər çoxlu səhvlərlə gəlmişik”


Lui Van Qal (Niderland yığma komandasının baş məşqçisi):
- Püşkatmanın nəticəsi barədə hər hansı bir fikir demək asan deyil. Bu yığma komandalara qarşı heç bir oyunda iştirak etməmişəm. İki il bundan qabaq Seneqalda istirahətdə olmuşam. Ekvadora isə yolum düşməyib. Qətər ev sahibidir. Onların necə futbol oynadığı barədə məlumatım yoxdur. Biz final mərhələsinə qədər uzun bir yol qət etdik. Yığma komandamız dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə əldə etdi. Lakin bu mərhələdə çox diqqətli olmalıyıq. Bura qədər çoxlu səhvlərlə gəlmişik. Səhvləri təkrarlamaq yox, onları aradan qaldırmalıyıq.



 

“Biz bu mübarizədən qalib kimi çıxmalıyıq”


Qaret Sautqeyt (İngiltərə yığma komandasının baş məşqçisi):
- Uzun müddət olardı ki, İngiltərə və İran kimi yığmalara qarşı matç keçirməmişdik. Hər iki komanda bizim üçün ciddi rəqib sayılacaq. Qrupdakı digər iştirakçı hələ ki, müəyyənləşməyib. Ola bilər ki, bu qrupa digər Britaniya təmsilçisi vəsiqə əldə etsin. Biz bu mübarizədən qalib kimi çıxmalıyıq. ABŞ yığmasından üstün olsaq, ən azı qrupdan rahat çıxa biləcəyik. Onların güclü və bizə tanış olan tanınmış oyunçuları var. Hər bir matça ehtiyatla yanaşacağıq.


 

“Hər bir rəqibə
hörmətlə yanaşırıq”


Lionel Skaloni (Argentina yığma komandasının baş məşqçisi):
- Bizim çox gözəl və etibarlı komandamız var. Rəqiblərimizdən nə şikayət edə bilərik, nə də razı qalırıq. Qrupda yalnız Meksikanı tanıyırıq. Pley-off mərhələsində İsveç kimi güclü yığmanı mübarizədən uzaqlaşdıran Polşanı ciddi rəqib hesab edirik. Səudiyyə Ərəbistanı millisi də təsnifat yarışlarında yüksək nəticə əldə edib. Hər bir rəqibə hörmətlə yanaşırıq. Lakin arxayınlaşmaq olmaz. Azarkeşlərimizə Qətərdə keçirilən dünya çempionatında final həyəcanı yaşatmağı düşünürük.


 

“Biz də çempionluğa əsas
iddialılardan
biriyik”


Didye Deşam (Fransa yığma komandasının baş məşqçisi):
- Püşkatmadan sonra ən azı iki rəqibimizi tanıdıq. Danimarka kimi iddialı bir yığma ilə üz-üzə gələcəyik. Yəqin ki, azarkeşlər ötən il Avropa çempionatında bu komandanın nəyə qadir olduğunu gördülər. Tunis Afrikanı dünya çempionatında təmsil edəcək ən güclü yığmalardan biri sayılır. Digər rəqibimiz Peru, Avstraliya və yaxud BƏƏ millisi ola bilər. Olsun, biz də çempionluğa əsas iddialılardan biriyik. Yəqin ki, iştirakçıların əksəriyyəti bizimlə hesablaşmalı olacaq. Finala addım-addım irəliləyəcəyik.



 

“Yaponiya  yığması dünya
çempionatlarında hər zaman
çıxış edib”


Hans-Diter Flik (Almaniya yığma komandasının baş məşqçisi):
- Əvvəldən nəsə demək çətindir. Amma məqsədimiz çox böyükdür. Maraqlı rəqiblərimiz var. Yaponiya yığması dünya çempionatlarında hər zaman çıxış edib. Onların Bundesliqada çıxış edən xeyli futbolçusu var. Püşkatmadan əvvəl planlaşdırmışdıq ki, asiyalılarla yoldaşlıq matçında qüvvəmizi sınayaq. Artıq bu planımız baş tuta bilməz. İspaniya yığması ilə son dövrlərdə bir neçə dəfə üz-üzə gəlmişik. Həmin matçlarda fərqli nəticələr qeydə alınıb. Digər rəqibimiz ya Kosta-Rika, ya da Avtraliya olacaq. Kosta-Rika bizə çox yaxşı tanışdır. 2006-cı ildə bizim ölkədə keçirilən dünya çempionatının açılış matçında 4:2 hesablı görüşü xatırlayanlar var. Bir sözlə, çalışıb qrup mərhələsini keçməliyik.



 

“İstənilən rəqibi
məğlub etmək
əzmindəyik”


Luis Enrike (İspaniya yığma komandasının baş məşqçisi):
- Əsas məqsədimiz yenidən dünya çempionu olmaqdır. İspanlar üçün yoldaşlıq matçı, dünya və Avropa çempionatı fərq etmir. İspaniya yığması hər bir yarışa qalibiyyət üçün çıxır. Ola bilər ki, bizdən güclü yığma komandalar olsun. Lakin istənilən rəqibi məğlub etmək əzmindəyik. Dünya çempionatına sürpriz bir heyətlə yollanmaq istəyirik. Lakin həmin vaxta qədər futbolçular bir sıra yarışlarda iştirak edəcəklər. Kimin necə olması həmin vaxt müəyyənləşəcək. Qrupda bütün rəqibləri əsas və ciddi hesab edirəm. Almaniya barəsində yüksək fikirdəyəm. Baş məşqçi Flikin gəlişindən sonra yığma daha da güclənib. Yaponiya yığması haqqında məlumatım hələ ki, yoxdur. Kosta-Rika və ya Avstraliya da zəif təsir bağışlamır. Onlardan yalnız biri rəqibimiz olacağı üçün bu barədə ikinci bir cümlə işlədə bilmirəm.

 

“Qrupumuzda Avropanın iki ən güclü
yığma komandası yer alıb”



Hajime Moriasu (Yaponiya yığma komandasının baş məşqçisi):
- Biz İspaniya yığma komandasını necə məğlub etməyi daha dəqiq Andres İnyestadan öyrənə bilərik. Axı o, hazırda bizim ölkədə, “Vissel Kobe”də baş məşqçilik edir. Məncə bu ən yaxşı variantdır. Təbii ki, bunları zarafatla dedim. Qrupumuzda Avropanın iki ən güclü yığma komandası yer alıb. Onlardan birini məğlub edib, mərhələ keçmək əsas nəticə ola bilər. İnanmıram ki, biz Almaniya və İspaniyaya asan təslim olaq. Digər rəqibimiz isə hələ ki, müəyyənləşməyib. Onlar da asan rəqib sayıla bilməz.


 

“Mərakeş millisi ilə sıx bağlılığımız var”


Roberto Martines (Belçika yığma komandasının baş məşqçisi):
- Ən çətin qrupda çıxış edəcəyik. Hazırlıq üçün çox vaxtımız var. Lakin biz hələ Millətlər Liqasında da çıxış edəcəyik. Həmin yarışdan sonra əsas heyəti formalaşdırıb, Qətərə yollanacağıq. Rəqiblərimiz barəsində yüksək fikirdəyəm. Mərakeş millisi ilə sıx bağlılığımız var. Belə ki, vaxtilə bizim yığmamızda çıxış edən Maruan Fellaini və Naser Şadli Mərakeş əsilli futbolçular olub. Kanada millisi uzun illərdən bəri dünya çempionatına vəsiqə əldə edib. Onlar daha həvəsli və iddialı bir heyətə malikdirlər. Təsnifat mərhələsindəki çıxışları bu sözləri deməyə imkan verir. Xorvatiya isə təcrübəli futbolçulardan ibarət bir kollektivə malikdir. Biz asan rəqib olmadığımız üçün onlara da asan rəqib kimi yanaşa bilmərik.



 

“Hər qrupun
özünəməxsus çətinlik dərəcəsi var”

Tite (Brazilya yığma komandasının baş məşqçisi):
- Nə "ölüm”, nə də "həyat” qrupu deyilən bir anlam yoxdur. Hər qrupun özünəməxsus çətinlik dərəcəsi var. Serbiya və İsveçrə asan rəqib sayılmır. Onlar Portuqaliya və İtaliya kimi yığmaları məğlubiyyətə uğrada bilən millilərdir. O ki, qaldı Kameruna, onlar Afrikanın ən güclü yığması hesab olunur. Bir sözlə, qrupda favorit bir komandadan danışmaq çox tezdir.



Anar Əhmədov