Çempionlar Liqası: Yarımfinalın ilk iştirakçıları İspaniya klubları oldu

Çempionlar Liqası: Yarımfinalın ilk iştirakçıları İspaniya klubları oldu

 

Futbol üzrə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunlarına start verilib. İlk oyun günündə təşkil olunan iki qarşılaşmadan sonra yarımfinala vəsiqə qazanan komandaların adlarına aydınlıq gəlib.  Yarımfinalın ilk iştirakçısı İspaniyanın "Vilyarreal" klubu olub. İlk oyunda doğma azarkeşlər önündə Almaniyanın "Bavariya" klubuna 1:0 hesabı ilə qalib gələn “Sarı sualtı qayıq” cavab görüşündə 1:1 hesablı heç-heçəyə nail olub. Oyunda ilk qolu 52-ci dəqiqədə Robert Levandovski vurub. Qonaqlar 88-ci dəqiqədə Samuel Çukvuezenin qolu ilə hesabı bərabərləşdirməyə müvəffəq olub. Bu nəticə ilə "Vilyarreal" 16 ildən sonra yarımfinala vəsiqə qazanıb.  La Liqa təmsilçisinin növbəti mərhələdəki rəqibi "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya) cütünün qalibi olacaq.

Yarımfinalın digər iştirakçısının adına isə Madriddə aydınlıq gəlib. Belə ki, "Real Madrid" “Santyaqo Bernabeu”da  turnirin son qalibi olan İngiltərənin "Çelsi" klubunu qəbul edib. “Kral klubu” matçda 2:3 hesabı ilə məğlub olsa da, ilk matçdakı qələbə (3:1) sayəsində adını növbəti mərhələyə yazdırıb.

Oyuna istədiyi kimi başlaya bilməyən "kral klubu" 15-ci dəqiqədə Meyson Mauntun vurduğu qolla məğlub duruma düşüb. Oyunun 51-ci dəqiqəsində Antonio Rüdiger hesab arasındakı fərqi artırıb. Matçın 67-ci dəqiqəsində Markos Alonso meydan sahiblərini 3-cü dəfə məyus etsə də, VAR-ın müdaxiləsindən sonra topun ələ dəydiyi məlum olub və qol ləğv edilib. Buna baxmayaraq, qonaqlar 75-ci dəqiqədə 3-cü topu Madrid təmsilçisinin qapısından keçiriblər. "Çelsi"nin heyətində Timo Verner fərqlənib. Qarşılaşmanın 80-ci dəqiqəsində Rodriqo buraxılan toplardan birinin əvəzini çıxıb və oyunu əlavə vaxta daşıyıb. Matçın 96-cı dəqiqəsində “Real”ın hücumçusu Kərim Benzema fərqlənərək komandasını yarımfinala yüksəldən qola imza atıb. "Real Madrid"in finala gedən yolda rəqibi "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə) görüşünün qalibi olacaq.