Çempionlar Liqasının son yarımfinalçıları müəyyənləşdi  

Çempionlar Liqasının son yarımfinalçıları müəyyənləşdi  

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunlarına yekun vurulub. Mərhələnin son iki oyunundan sonra yarımfinala vəsiqə qazanan bütün komandaların adlarına aydınlıq gəlib. Yarımfinalın son iştirakçıları İngiltərənin “Liverpul” və “Mançester Sİti” klubları oldu. Liverpul klubu ilk matçda Portuqaliyada 3:1 hesabı ilə qalib gəldiyi “Benfika”nı qəbul edib. “Mersisaydlılar” ikinci qarşılaşmada heç-heçəyə razılaşıblar - 3:3. Görüşdə hesabı meydan sahiblərinin heyətində 21-ci dəqiqədə İbrahima Konate açıb. Matçın 32-ci dəqiqəsində qonaqlar Qonsalu Ramuşun qolu ilə tarazlığı bərpa ediblər. Qarşılaşmanın 55-ci dəqiqəsində fərqlənən Roberto Firmino "Liverpul"u yenidən hesabda önə keçirib. Braziliyalı hücumçu 65-ci dəqiqədə özünün 2-ci, komandasının 3-cü qolunu vurub. Matçın 78-ci dəqiqəsində "Benfika"nın ukraynalı forvardı Roman Yaremçuk hesab arasındakı fərqi azaldıb. Oyunun 82-ci dəqiqəsində Darvin Nunyes hesabı bərabərləşdirsə də, Lissabon təmsilçisinin bundan artığına gücü çatmayıb. Beləliklə, Yurgen Kloppun başçılıq etdiyi kollektiv iki matçın nəticəsinə əsasən yarımfinala adlayıb və İspaniyanın "Vilyarreal" klubunun rəqibi olub.

"Mançester Siti” isə İspaniyanın “Atletiko Madrid” komandasının qonağı olub. “Şəhərlilər” evdəki ilk görüşdə minimal hesablı qələbə qazanıb. Cavab görüşü gərgin keçsə də  hesab açılmayıb. Matçın 90-cı dəqiqəsində baş hakim madridlilərin futbolçusu Felipeyə birbaşa qırmızı vərəqə göstərərək meydandan kənarlaşdırıb.

Bu nəticəyə əsasən Mançester təmsilçisi yarımfinala vəsiqə qazanıb. “Şəhərlilər”in yarımfinaldakı rəqibi İspaniyanın "Real Madrid" klubu ilə qarşılaşacaq.