Ultra-müasir futbol

Ultra-müasir futbol

Belə deyirlər ki, keçmişlə yaşamaq olmaz, daim irəliyə baxmaq lazımdır. Bu, futbola da aiddir.
İndi XXI əsrdir. Hər şey modernləşir. Elə futbol da. Təbii ki, futbolda uğurun formulları da modernləşir. Hazırda artıq futbolun konstruksiyaları, uğurun şərtləri də ultra-müasir futbola uyğunlaşır. Bura hansı şərtlər daxildir? Onlardan danışacağıq. Amma gəlin, əvvəlcə necə deyərlər, futbolun qrammatikasına ötəri toxunaq.

 

Futbolun
qrammatikası


Çox sevilən idman növü olan futbol oyunu artıq dərindən işlənilmiş, uzun illərin praktikasından keçmiş baza prinsiplərinə əsaslanır. Yəni, məsələn, futboldan anlayışı olanlar bilirlər ki, hər dəfə oyun mərkəzdən başlanır. Aut necə atılır, oyundan kənar vəziyyət necə müəyyən edilir, futbolçuların əvəz olunması hansı qaydada həyata keçirilir və sairə. Bütün bunlar birdəfəlik müəyyən edilmiş qaydalardır. İndi futbolsevərlər, azarkeşlər bu oyunun sirlərini, incəliklərini az qala təcrübəli məşqçilər, peşəkar mütəxəssislər, hakimlər qədər bilirlər. Hər şey öyrənilib, sistemləşdirilib. Elə şahmatda olduğu qədər. Qrosmeyster hansı debütlərə (başlanğıclara), hansı oyun üslubuna, strategiya və taktika əsaslarına üstünlük verdiyi kimi futbol komandalarının da oyun stili formalaşır. Keçid hücumlarını sevən, mərkəz hücumlarına bel bağlayan, standart vəziyyətlərdən yararlanma variantlarına arxalanan, kollektiv oyuna güvənən futbol komandaları vardır. Hansı yaxşıdır? Bu suala heç vaxt dəqiq, obyektiv, deməli, həm də düzgün cavab vermək mümkün deyildir. Seçimlər, variantlar həmişə olub və olacaq. Baxır, hansı komanda hansı oyun tərzindən, stil və metodlardan istifadə edib uğur qazanmağı planlaşdırır. Əslində konkret rəqibdən, vəziyyətdən asılı olaraq baş məşqçinin köməkçiləri daha çox bu proseslərlə məşğul olurlar.

 

Futbol romantizmi
və klassik futbol


Futbol romantizminin mövcud olduğu dövrlərdə - keçən əsrin 60-cı, 70-ci illərində bütün komanda ilə tam müdafiəyə çəkilmək qəbul olunmurdu və pis qarşılanırdı. Klassik futbolsevərlər, futbolla yaşayanlar stadionlara hücum futboluna baxmağa gələrdilər. Futbol tarixi üçün şedevr nümunələri sayıla bilən oyunların, qolların əksəriyyəti də məhz həmin dövrlərə təsadüf edir. Eləcə də müstəsna nüfuz sahibi olmuş futbolçular da. İstedadın miqyası baxımından əvəzsiz, təkrarsız futbolçular... Əbəs yerə hərdən demirlər ki, indiki bəzi ulduz adlandırılan futbolçular Maradonanın “əlinə su tökməyə belə yaramırlar”. Yaxud, dünya futbolunun əfsanələri - Pele, Eysebio, Kruif, Maldini, Rud Qullit... Siyahının davamını gətirməyə ehtiyac görmürəm. Və məqsədim də bu deyildir. Onsuz da daha kimləri nəzərdə tutmağımı futbolsevərlər yaxşı bilirlər. Hər bir halda onlar tükənməz enerji sahibləri olublar. Həmin futbol əfsanələri futboldan zövq alanlara o qədər gözəl anlar bəxş ediblər ki. Onlar fırtına qoparanlar, meydanın qazonunu göyə sovuranlar olub. Bu adlar ən yüksək mərtəbəyə layiq olanlardır. Onlar dünya futbolunda əbədi yaşamaq hüququ qazananlardır. Nəhayət, onlar futbolun qrammatikasını, necə futbol oynamağın kitablarını yazanlardır. Onlar əbədi futbol mövzularıdır. Ona görə də bu gün də danışılır, hələ də yazılır, araşdırmalar, təhlillər aparılır.
O illərdə də, sonralar da Braziliya yığması heç vaxt müdafiə olunmağı düşünməyib. Bu ölkənin futbol fəlsəfəsində müdafiə olunmaq anlayışı həmişə arxa plana keşib. Əslində elə indi də belədir. Bu millinin oyunlarına baxanda, tamaşaçıya elə gəlir ki, futbolçular müdafiə olunmağı sanki özlərinə sığışdırmırlar. Təsadüfi deyildir ki, bu ölkənin pərəstişkarları hər yanda çoxdur. Azarkeşlərin Braziliya yığmasına həmişə xüsusi rəğbəti olub. Bu, açıq-aydın hiss olunur. Braziliyalılar öz himnini elə bərkdən oxuyurlar ki, onlara sanki oyundan əvvəl ilham və enerji gəlir.
Vaxtı ilə SSRİ çempionatında yalnız bir mövsüm belə bir eksperiment aparıldı. Danışılmış oyunların və çoxsaylı maraqsız heç-heçələrin qarşısını almaqdan ötrü hər bir komanda üçün 8 heç-heçə limiti müəyyən edildi. Limit bitdikdən sonra oyunda əgər heç-heçə qeydə alınırdısa, nəticə ləğv olunur və qapılara 11 metrlik cərimə zərbələri təyin edilirdi. Qalib komandaya 1 xal verilir, məğlub komanda xalsız qalırdı.
İndi müdafiə xəttini gücləndirməyə komandalar daha çox diqqət yeririrlər. Sanki bir neçə eşalondan ibarət sədd qururlar. Bu cür müdafiə xəttini yarmaq üçün parlaq simalı hücumçular olmalıdır. Belə hücumçuları da bağlayanda digər xətt futbolçuları oyunu öz üzərlərinə götürməlidir. Bəzən oyun ərzində müdafiə olunan komanda sonda qalib gəlir. Bəli, bu futboldur.
2013-cü ildə “Çelsi”nin baş məşqçisi Joze Mourinyo “Vest Hem”lə “0:0” hesabı ilə bitən oyundan sonra bildirmişdi: “Rəqib komanda oyun ərzində yalnız müdafiəyə qapandı. Meydanda ancaq bir komanda oynamaq istəyəndə, futbol çətin olur. Bu qarşılaşmada onların xal qazanmağa ehtiyacı var idi və buna görə də müdafiə olunurdular. Amma bu, Premyer Liqa oyunu deyil. Bu 19-cu əsrin futboludur.”
Mütəxəssislərin isə fikirlərə münasibəti belə oldu ki, hər halda “Vest Hem” özünə lazım olan bir xalı qazandı. Necə deyərlər, nəticə oyunun güzgüsüdür.
Sırf hücum futboluna güvənən və bu stilə vərdiş edən komandalar da var. Bu baxımdan “Barselona”ya həmişə böyük rəğbət olub. Kataloniya klubu nəinki müdafiə olunmağı sevmir, əslində etibarlı müdafiədə çətinlik çəkir. Komanda hücuma o qədər aludə olur ki, müdafiə xəttini nizamlaya bilmir. Artıq neçə illərdir ki, belədir. Hətta ortabab komandalar da əks-hücumlarda “Barselona”ya qol vurur. Etibarlı müdafiəni tam təmin edə bilməyən “Mançester Siti”nin oyun stili də kataloniya klubu ilə demək olar ki, oxşardır. “Real”, “Yuventus”, “Bavariya”, “Liverpul”, “Mançester Yunayted” kimi nəhəng klublar da həmişə hucum futboluna üstünlük veriblər. Ona görə də azarkeşlər həmişə bu komandaların oyunlarından ayrılmaq istəməyiblər. “Çelsi” isə hücum və müdafiə futbolunu uğurla nizamlamağı bacaran komanda kimi səciyyələndirilir. Üstəlik “Real” keçdiyi heyrətamiz tarixə görə möhtəşəm klubdur. “Liverpul” hazırda ən kompakt bir komandadır. Ona görə də super ulduzlar öz karyeralarını belə komandalarda davam etdirmək istəyirlər. Elə komandalar da var ki, titulları olmasına baxmayaraq oyunları darıxdırıcı, bəzən də hətta cansıxıcı olur. Məsələn, Madrid “Atletiko”su. Müdafiə üslubunu sevən bu komanda son vaxtlar tez-tez tənqid olunur.


 

Ultra - müasir
futbol nədir?


Tədricən yeni futbol istiqamətlərinin təməl daşları qoyulmağa başladı. Dünya futbolunun zirvələri formalaşmaqda davam edirdi. Mütəxəssislər də ultra-müasir futboldan danışmağa başladılar. Burada dərhal futbolçunun indeksi və ampulası anlayışları diqqət mərkəzinə düşür. Futbol dünyasının ən tanınmış simalarının öz indeksləri olub və indi də belədir. Bəs, superulduzların indeksinə nələr daxildir: Xüsusi istedad, yüksək fiziki hazırlıq, inam, əzmkarlıq, inanılmaz texnika, əla qol vurmaq bacarığı, futbola olan sevgi, daha çox istəkli olmaq, futbol ehtirası. Bu parametrlər dahi futbolçuların indeksini müəyyən edir. Belələri futbolda yeni eralar açanlardır. Elə futbolçular var ki, top sanki onlara tabe olur, necə deyərlər bir sözünü iki eləmir. Belə futbolçular topla sanki oyun çıxarırlar. Kovboylar vəhşi buğaları, atları ram etdiyi kimi top da elə bil öz-özünə futbolçulara itaət edir, onların futbol istedadına baş əyir. Top da sanki belələrinin bacarığını hiss edir. Yadınızdadırmı, kənardan elə görünürdü ki, top braziliyalı Ronaldonun ayağına yapışıb. Onun topu özündə saxlaması çox mükəmməl idi. Braziliyalı hücumçudan topu almaq rəqib oyunçulara çətinlik törədirdi. Buna görə də əksər hallarda ona qarşı qaydanı pozurdular. Ronaldonun istedadı unikal idi. Dinamik plastik hərəkətlərə malik olan bu futbolçu Tanrının ona bəxş etdiyi bacarığı ilə azarkeşləri məftun edir, onlara az qala bədii həzz verirdi.

Futbolçunun “ampulasını” necə başa düşmək olar? Bu, o deməkdir ki, konkret futbolçunun hansı mövqedə, hansı xəttdə oynaması əvvəlcədən bəlli olur və bu istiqamətdə də həmin futbolçu tədricən formalaşıb püxtələşir. Elə futbolçular da vardır ki, onlar universal ampulaya malikdirlər. Yəni onların oyunu hər xəttdə, meydanın hər yerində alınır və istənilən mövqedə özlərini uğurla göstərə bilirlər. Məsələn, Maldini, Nedved, Roberto Karlos, Pike, Serxio Ramos, Mandzukiç, Modriç, Milner, Bernardo Silva, Marselo və başqaları. Belə futbolçular zəhmətkeş, çalışqan, cəsarətli olurlar. Müasir futbolda hücumçular yarımmüdafiəçilərin və müdafiəçilərin köməyinə gəlməlidirlər. Əslində bu, həmişə olub. İndiki futbol isə artıq bu zərurəti mütləq qaydada tələb edir. Futbolda bütün oyun ərzində ritmi saxlamaq, yəni 90 dəqiqə eyni ritmdə oynamaq futbolçudan böyük bacarıq, ustalıq tələb edir.
Beləliklə, müasir futbolun modernləşməsi nə deməkdir? Bu proses yuxarıda şərh olunanlar da nəzərə alınmaqla hansı planlar üzrə həyata keçirilir?
Birincisi - başa çatmış hər oyunun dərindən təhlil edilməsi, növbəti oyunu təkmilləşdirmək üçün tədbirlərin görülməsi. Bununla da komandanın zəif tərəfləri, buraxılan səhvlər dərhal üzə çıxacaqdır. Gələcəkdə hansı xəttlərin aktivləşdirilməsi zərurəti göz qabağında olacaqdır. Bütün bunlar komandanın oyundan-oyuna uğurlu çıxış etməsinə kömək edəcəkdir. Eyni qaydada təhlil rəqib komanda ilə bağlı da aparılmalıdır. Baş məşqçinin köməkçilərinin əllərində olan kompyuterlə iş sistemi daha da gücləndirilməlidir. Təbii ki, bu, həm də komandada çalışan futbol analitiklərinə aid olan sahədir. Eyni zamanda bu istiqamətlərdə daha çox effekt verən metodlar axtarılıb tapılmalıdır.
İkincisi - ümumiyyətlə, idmanda uğurun sirri motivasiyadır, o cümlədən futbolda da. Və üstəgəl futbolçuların bir-birini anlaması. Qələbə qazanmaq üçün həm də istək və məqsəd olmalıdır. Oyundan əvvəl necə deyərlər, personalın əhval-ruhiyyəsini qaldırmaq çox vacibdir. Baş məşqçi bu barədə həmişə fikirləşməlidir. Axı, futbolçular da, köməkçilər də, komandada kimlər varsa, hamısı insandır. Futbolçu indiki rəqabətdə daim heyətdə özünə yer görməlidir. Müntəzəm olaraq çalışmalı, hətta inadkarlıq göstərməlidir. Hər gün məqsəd naminə həvəslə çalışan futbolçuda özünə əminlik yaranır və o, növbəti oyuna hazır olur. Müasir futbolda hərtərəfli çalışmasan, heç nə əldə etmək mümkün deyildir. Çalışanlar isə öz zəhmətinin qarşılığını alır. Futbolçu hiss etməli və əmin olmalıdır ki, komandada ona güvənirlər. Əsas heyətdə oynayan futbolçu daim bu düşüncələrlə meydana çıxmalıdır. Belə olan halda da komanda gücünü cəmləşdirib ancaq qələbə haqqında fikirləşməlidir.

(ardı var)