Şəhid futbolçuların xatirəsinə turnir keçirilib

Şəhid futbolçuların xatirəsinə turnir keçirilib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhid futbolçular İlqar Bürcəliyevin və Şöhrət Əliyevin əziz xatirəsinə həsr olunmuş Uşaq Gənclər İdman Məktəbləri arasında mini futbol üzrə Gəncə şəhər birinciliyi keçirilib.
Birinciliyin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, şəhid İlqar Bürcəliyevin əmisi teatrşünas-tənqidçi Anar Bürcəliyev, şəhid Şöhrət Əliyevin qardaşı Sadiq Əliyev, Vətən müharibəsi qazisi Tural Xanəliyev çıxış edərək, qəhrəman şəhidlərimizin döyüşdəki igidliklərindən və şücayətindən bəhs edərək, onların simasında bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və yarışda iştirak edən komandalara uğurlar arzulayıblar.
2009-2010-cu illər təvəllüdlü yeniyetmələrin 8 komandanın tərkibində iştirak etdiyi yarışda Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin komandası birinci yerə layiq görülüb. 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin komandaları isə ikinci, üçüncü yerlərə layiq görülüblər. Sonda qaliblər Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlarla təltif ediliblər.