Elxan Məmmədov Parisdə işləyəcək

Elxan Məmmədov Parisdə işləyəcək

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyin olunub.
AFFA-nın rəsmi saytında yer ala xəbərə görə, E.Məmmədov mayın 1-dən müxtəlif regionlar üzrə “FIFA Forward” layihəsinin icrası, FIFA-nın Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyətinə başlayacaq.
E.Məmmədov yeni vəzifəsində FIFA-nın İdarəetmə və Strateji layihələr üzrə direktoru Nodar Axalkatsini əvəzləyəcək.
“E.Məmmədovun FIFA komandasına qoşulması bizim gücümüzə güc qatır. Onun futbolun dayaqlarını möhkəmləndirmək üçün götürdüyü öhdəliklər Azərbaycanda idman üçün faydalı olub. E.Məmmədovun öz təcrübəsini bütövlükdə Avropa futboluna da tətbiq edəcəyini düşünürəm və ona FIFA komandasına xoş gəlmisən deyirəm”, - deyə FIFA prezidenti Canni İnfantino bildirib.
FIFA-nın Paris ofisində fəaliyyət göstərəcək Elxan Məmmədov deyib: “FIFA-ya qoşulmaq çox xüsusi bir haldır. Bunu məsuliyyət və şərəflə qəbul edirəm. FIFA hazırda futbolu dünyanın hər nöqtəsində əhatə edən lokomotivdir. FIFA komandası ilə və üzvlərimizlə birlikdə əminəm ki, həm qadın, həm də kişi futbolunun inkişafı üçün yeni ideyaların həyata keçirilməsini davam etdirəcəyik”.
“Futbolun idarəedilməsi və davamlı inkişafı mənim üçün ən maraqlı sahələrdəndir və bu mövzuda FIFA və onun prezidenti İnfantino ilə məqsədlərimiz ortaqdır. Son 15 ildə AFFA-da fəaliyyətim mənə idman sahəsində mühüm təcrübə qazandırıb. AFFA prezidentinə və komandamıza uzun və xoş əməkdaşlığımıza, effektiv idarəetmə qurduğumuza, kütləvi futbolun inkişafına və möhtəşəm tədbirlərin təşkilinə görə təşəkkür edirəm. Bu təcrübəni yeni mövqeyimdə daha geniş miqyasda tətbiq etmək üçün əlimdən gələni edəcəyəm”, - deyə E.Məmmədov əlavə edib.
Qeyd edək ki, E.Məmmədov AFFA-da fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.