9 klubdan 157 bədii gimnast

9 klubdan 157 bədii gimnast

Gimnastika növünün ən zərif nümayəndələri martda keçirilən Azərbaycan birinciliyindən sonra daha bir yerli yarışda, mayın 3-4-də 27-ci Bakı birinciliyində qüvvələrini sınayacaqlar.
Milli Gimnastika Arenasında keçiriləcək yarışda 9 klubdan ümumilikdə 157 bədii gimnast birincilik uğrunda mübarizə aparacaq.
Yarışda idmançılar fərdi və qrup hərəkətləri proqramında çıxış edəcəklər.
Birincilikdə gimnastlar fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında öz aralarında qalibləri müəyyənləşdirəcəklər.
Qeyd edək ki, Milli Gimnastika Arenasının qapıları Bakı birinciliyində də tamaşaçıların üzünə açıq olacaq. Azərbaycan Gimnastika Federasiyası tərəfindən keçirilən son üç yarışda olduğu kimi, gimnastikasevərlər paytaxt birinciliyində də həyəcanlı mübarizəni canlı izləmək imkanı əldə edəcəklər.
Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.