Bakıda dünya kuboku həyəcanı başlayır

Bakıda dünya kuboku həyəcanı başlayır

Bu gün Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarına start veriləcək. Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi 5-ci beynəlxalq yarışdır. Yarışda qeydiyyat siyahısına əsasən 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edəcək. 3 gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq doqquzuncu dünya kuboku yarışları olacaq. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.
Qeyd edək ki, ikiillik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında bu növ üzrə də yarışları izləmək imkanı əldə edəcəklər. Yarışlarda tamaşaçı qismində iştirak etmək istəyənlər etibarlı olan COVID-19-a qarşı peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.