Son illlər ölkəmizdə universal döyüş idman növündə böyük uğurlar əldə olunub. Bu idman növü ilə məşğul olan idmançılarımız hər il olduğu kimi, 2013-cü ildə də qatıldıqları ən mötəbər yarışlardan vətənə medallarla dönüblər. Yığma komandanın üzvləri iştirak etdikləri beynəlxalq turnirlər, Avropa və dünya çempionatı və birinciliklərində bu ilin 8 ayı ərzində bir sıra uğurlar qazanıblar.
Qeyd edək ki, bu il ölkəmizdə ənənəvi olaraq ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir və iyul ayında 14-15, 16-17 yaşlı idmançılar arasında Avropa birinciliyi təşkil olunub.
Fevralın 3-5-də Moskvada universal döyüşün qış versiyası üzrə keçirilən Dünya kuboku komandamız üçün uğurlu olub. Belə ki, yarışda yığmamızın 80 kq çəki dərəcəsində çıxış edən üzvü Mobil Hüseynov gümüş medal qazanıb.
Aprelin 20-23-də Ukraynanın İliçovsk şəhərində keçirilən 10-11, 12-13 yaşlı idmançılar arasında Avropa birinciliyində Azərbaycan idmançıları 2 gümüş, 4 bürünc medal qazanıblar.
May ayında Qusarda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir komandamızın uğurlu çıxışı ilə yadda qalıb. Yarışda Rusiya, Özbəkistan, Ukrayna, Türkiyə, Gürcüstan, İran, Belarus, Rumıniya və s. ölkələrdən 400-dək idmançı bacarığını nümayiş etdirib. Yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən turniri 16 hakim idarə edib.
Belə ki, idmançılarımız bu yarışda ümumi komanda hesabında birinci pillədə qərarlaşıblar. Turnirdə Özbəkistan ikinci, Rusiya komandası isə üçüncü olub.
İyunun 3-7-də Ukraynanın Odessa şəhərində 10-11, 12-13 yaşlılar arasında keçirilən dünya birinciliyində də təmsilçilərimiz güclü olduqlarını bir daha nümayiş etdiriblər. Komandamızın üzvləri 1 gümüş, 2 bürünc medal qazanıblar.
İyunun 24-29-da Ukraynanın Odessa şəhərində kişi və qadınlar arasında keçirilən universal döyüş üzrə Avropa çempionatında komandamızın üzvləri medal qazanıblar. Yarışda ölkəmizin idman şərəfini Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov, gənclərdən ibarət yığmanın baş məşqçisi Elşən İsmayılov, məşqçi Vasif İsgəndərovun rəhbərliyi altında 14 idmançı təmsil edib. Qitə çempionatında 22 ölkədən 496 idmançı layt, klassik və full layt versiyaları üzrə qüvvələrini sınayıb. 18 ədalət təmsilçisinin idarə etdiyi yarışda Elşən İsmayılov ölkəmizi hakim kimi təmsil edib. Avropa çempionatında universal döyüşçülərimiz üç versiya üzrə yarışlarda 3 qızıl, 2 gümüş, 7 bürünc medal əldə ediblər. Qızıl medalları komandamızın aktivinə Muradxan Fərzəliyev (85 kq, layt), Sahib Əliyev (90 kq layt full və Mobil Hüseynov (75 kq, klassik) yazdırıblar. Tahir Məsimov (90 kq, layt) və Orxan Qurbanov (70 kq, klassik) gümüş medala sahib çıxıblar. Nicat Əliyev (80 kq, layt) Orxan Binnətov (95 kq, layt full), Məhərrəm Məmmədov (+95 kq, layt full), Rəşad Hüseynov (85 kq, layt full), Pərviz Nəzərov (65 kq, klassik), Səlim Salmanov (80 kq, klassik) bürünc medal əldə ediblər. Azərbaycan yığması ümümi hesabda üçüncü pillədə qərarlaşıb. Rusiya yığması birinci, Ukrayna komandası isə ikinci yeri tutub. Müqayisə üçün bildirək ki, ötən il Rusiyanın Medin şəhərində keçirilən sonuncu Avropa çempionatında idmançılarımız 5 medal qazanmışdılar.
İyulun 15-dən-18-dək Qusar rayonunda keçirilən açıq Avropa birinciliyi yüksək təşkilatçılığı ilə diqqəti çəkib. Avropa biriciliyində 25 ölkədən 450-dək idmançı qüvvəsini sınayıb. Yarışda Azərbaycan komandası 2 yığma ilə çıxış edib. Yığmamız layt versiyası üzrə keçirilən yarışlarda 14-15 yaşlı idmançılar arasında 5 qızıl medal qazanıblar ki, bunlardan 2-si zərif cinsin nümayəndələrinin payına düşüb. Bu yaş qrupu üzrə oğlanlardan ibarət yığmamızın digər üzvləri 2 gümüş, 3 bürünc medala sahib çıxıblar.
16-17 yaşlı idmançıların yarışında oğlanlar arasında 4 qızıl, 3 gümüş, 2 bürünc medal əldə olunub. Qızlardan ibarət komandamızın üzvləri 2 qızıl medal qazanıblar.
Klassik versiya üzrə yarışlarda da təmsilçilərimizin çıxışı uğurlu alınıb. 14-15 yaşlı idmançılar arasında idmançılarımız 5 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıblar. 16-17 yaşlı idmançıların yarışında təmsilçilərimiz 3 qızıl, 4 gümüş, 3 bürünc medala sahib çıxıblar. Hər iki versiya üzrə yarışlarda Azərbaycan yığması ümümi hesabda birinci olub. Rusiya komandası ikinci, Ukrayana millisi isə üçüncü pillədə qərarlaşıb.
Avqustun 12-16-da Rusiyanın Medin şəhərində 18-20 yaşlılar arasında Avropa birinciliyi keçirilib. 22 ölkədən 400-dək idmançının iştirak etdiyi yarışda ölkəmizi 2 qız, 7 oğlan idmançı təmsil edib. Yarışları 14 hakim idarə edib. Yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi, beynəlxalq dərəcəli hakim Elşən İsmayılov yarışda baş hakimin köməkçisi olub. Komandamıza yeganə qızıl medalı klassik versiya üzrə yarışlarda Səlimə Səlimova (48 kq) qazandırıb. Bu versiya üzrə yarışda Xəyalə Əliyeva (45 kq) gümüş medal əldə edib. Daha bir gümüş medala layt versiyasında Qəzənfər Namazov (+95 kq) sahib çıxıb. Klassik versiya üzrə yarışlarda da qüvvəsini sınayan Qəzənfər bu versiyada bürünc medal qazanıb. Hüseyn İsmayılov (65 kq) layt versiyasında 3-cü olub. Əli Həsənli (70 kq) və Nail Kərimov (75 kq) həm klassik, həm də layt versiyası üzrə yarışlarda bürünc medal qazanıblar.
Ümumi hesabda Azərbaycan komandası 1 qızıl, 2 gümüş, 6 bürünc medalla üçüncü pillədə qərarlaşıb. Rusiya yığması birinci, Ukrayna millisi isə ikinci pillədə qərarlaşıb.
Universal döyüşçülərimizin ötənilki yarışlarda çıxışlarından danışan Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Ümumdünya Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov qurumun 2013-cü il ərzindəki fəaliyyətini uğurlu hesab edir: "Bu il federasiya üçün yaddaqalan illərdəndir. Keçirilən Avropa və dünya çempionatlarında təmsilçilərimiz qızıl, gümüş və bürünc medallar əldə ediblər. Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 400-dək idmançı iştirak edib və komandamız birinci olub. Bu yarış gənclərimizin sağlam ruhda böyüməsinə, onların beynəlxalq yarış təcrübəsinin artırılmasına xidmət edir. Yarışın Qusarda təşkili universal döyüşün bölgələrdə təbliğinə xidmət edir. İyul ayında ölkəmizdə təşkil edilən açıq Avropa birinciliyində də komandamız ümumi hesabda birinci pillədə qərarlaşdı. Yığmanın üzvlərinin yarışlarda onlara bəslənilən ümidləri doğrultmaları bizi sevindirir. Sözsüz ki, bu uğurlar respublikamızda universal döyüş idman növündəki inkişafdan xəbər verir. Bu yarışın təşkilində bizə dəstək olduqlarına görə Azərbaycan Beynəlxalq Bankının rəhbərliyinə öz minnətdarlığımıı bildirirəm”. Ölkəmizdə müxtəlif idman növləri üzrə mötəbər yarışların təşkilinin ənənəyə çevrildiyini deyən Azər Həsənov respublikamızın idman sahəsində dünyada böyük nüfuza sahib olduğunu dedi: "Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idman sahəsində apardığı uğurlu siyasətin nəticəsidir ki, ölkəmizdə idman inkişaf edir, Azərbaycan ən mötəbər yarışlara yüksək səviyyədə təşkilatçılıq edir. Bildiyiniz kimi, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Universal Döyüş Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə bir sıra mötəbər beynəlxalq turnirlər təşkil edilib. Azərbaycanın yarışlara yüksək səviyyədə təşkilatçılıq etmək bacarığı, xalqımızın qonaqpərvərliyi xarici ölkə nümayəndələrinə məlumdur. Artıq qeyd etdiyimiz kimi, ötən il ölkəmizdə universal döyüş üzrə iki beynəlxalq səviyyəli turnir təşkil olundu. Sevindirici haldır ki, bu yarışları bölgələrimizdə keçirməyə nail oluruq. İndi respublikamızın müxtəlif regionlarında tikilən Olimpiya İdman Kompleksləri müasir standartlara cavab verir və orada müxtəlif yarışların təşkili üçün şərait var. Xarici qonaqların və yarış iştirakçılarının yerləşdirilməsi, qida ilə təmini, məşq etmələri və s. üçün hər cür imkan var”.
2013-ci ildə də universal döyüşçülərimizin qarşısında dayanan əsas məqsəd ili uğurla başa vurmaqdır. İdmançılarımızı ilin sonunadək bir sıra beynəlxalq səviyyəli yarışlar gözləyir. Federasiya prezidenti təmsilçilərimizin bu il təşkil olunacaq yarışlarda ümidləri doğruldacaqlarına inanır.
"Sentyabrın 15-19-da Rusiyada 14-15, 16-17 yaşlı idmançılar arasında dünya birinciliyi keçiriləcək. Yarışda ölkəmiz tam heyətlə-9 nəfər idmançı ilə çıxış edəcək. Xatırladaq ki, bu yaş qrupu üzrə Avropa birinciliyinə ölkəmiz ev sahibliyi etmişdi. Qusarda keçirilən yarışda yığmamız ümumi hesabda birinci pillədə qərarlaşmışdı. Yığma komandamız bu yarışa hazırlığı Azərbaycan Universal Döyüş Federasiyasının Tofiq Bəhramov adına Respublika Stadionundakı təlim-məşq bazasında keçib. Oktyabr ayında isə komandamızı daha ciddi yarış - 18-20 yaşlı idmançılar arasında keçiriləcək dünya birinciliyi gözləyir. İnanıram ki, idmançılarımız öz üzərlərində daha da ciddi çalışacaq və bizi yeni-yeni uğurları ilə sevindirəcəklər”, - deyə o bildirdi.
Azər müəllim məşqçilərin və hakimlərin ustalıq səviyyələrinin artırılması üçün mütəmadi olaraq bölgələrimizdə seminar və məşğələlərin təşkil olunduğunu da diqqətə çatdırdı:
"Bu il hakimlər və məşqçilər üçün seminarlar keçirmişik. Ukraynada keçirilən beynəlxalq seminarda iki hakimimiz iştirak edib. Onlardan Elşən İsmayılov Beynəlxalq Universal Döyüş Federasiyası tərəfindən B kateqoriyası alıb. Bu kateqoriyaya əsasən o, Avropa və dünya çempionat və birinciliklərində hakimlik edə bilər. Elşən İsmayılov bu il iki Avropa çempionatında baş hakimin köməkçisi olub. O, Avropa Hakimlər Kollegiyası tərəfindən ən yaxşı hakim adına layiq görülüb”.
Artıq 13 ildir ki, fəaliyyət göstərən Azərbaycan Universal Döyüş Federasiyası bu illər ərzində universal döyüşün respublikamızın müxtəlif bölgələrində inkişaf etdirilməsi istiqamətində bir sıra işlər görür. Hazırda respublikamızın 45 bölgəsində federasiyanın nümayəndəliyi fəaliyyət göstərir. Ümumilikdə 5000-dək gənc bu idman növü ilə məşğul olur. "Azərbaycan Universal Döyüş Federasiyası Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birgə bu növün inkişafı üçün bir sıra zona yarışları keçirir. Belə yarışların təşkili ölkəmizdə universal döyüşün inkişafına və təbliğinə xidmət etməklə yanaşı, yeniyetmə və gənclərin hərbi-vətənpərvər ruhda böyümələrinə şərait yaradır”, - deyə federasiya prezidenti əlavə etdi.
Aysel Sultanova